Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir

Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi-psixoloji hazırlıq baxımından da fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Sumqayıt Dövlət Universitetində (SDU) keçirilmiş “Azərbaycan Milli Ordusu - 100 ildə” mövzusunda elmi-nəzəri konfransda səsləndirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Elxan Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tarixindən, müasir dövrdə ordu quruculuğu ilə bağlı görülən işlərdən danışıb.

Vurğulanıb ki, Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra inkişaf etdirilib. Xatırladılıb ki, Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə seçiləndən sonra bu sahədə əsaslı dönüş yaradılıb, ölkəmizdə milli hərbi kadrlar hazırlanıb. 1971-ci ildən Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlayıb. Bu məktəbin yaradılması o zaman çox böyük cəsarət tələb edirdi. Belə ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması SSRİ rəhbərliyini narahat edirdi. Heydər Əliyevin mahir diplomatiyası, qətiyyəti və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almağı bacardı və Azərbaycanda hərb sənətinə marağın daha da güclənməsinə böyük təkan verdi.

Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunub. 2016-cı ilin Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Əsgər və zabitlərimizin rəşadəti xalqımızın yaddaşına həkk olundu.

Elmi-nəzəri konfransda SDU-nun tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyevin “Azərbaycan Milli Ordusu 100 ildə”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professoru Şirxan Səlimovun “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Milli Ordusunun qurucusudur”, kafedranın müəllimi Pərviz Cəfərovun “Böyük qayıdışın başlanğıcı – Milli Ordumuzun Aprel zəfəri”, mühəndislik fakültəsinin tələbəsi Samirə İsmayılovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” mövzularında məruzələri dinlənilib.

Vurğulanıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək.

Konfransın sonunda Azərbaycan Silahlı Qüvvələrinin bu gününü əks etdirən sənədli film nümayiş olunub.

AzNews.az

image description