Silahlı Qüvvələrin 100 illiyi Berlində qeyd edildi

Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi ziyafət keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycanın və Almaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov müsəlman şərqində ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, onun qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqının inkişafı və maariflənməsinə, habelə onun dövlətçilik ənənələrinin yenidən canlandırılmasına xüsusi töhfələr verdiyini, bu səbəbdən AXC-nin Azərbaycan xalqının yaddaşında dərin izlər buraxdığını və müasir Azərbaycan Respublikasının özünü AXC-nin varisi elan etdiyini bildirib.

Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycanın Qafqaz regionunda ən güclü və müasir orduya malik olan qüdrətli dövlətə çevrildiyini qonaqların diqqətinə çatdırıb.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və işğalın Azərbaycan üçün doğurduğu nəticələr haqda tədbir iştirakçılarını məlumatlandıran səfir ərazi bütövlüyümüzün bərpa olunmasının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin hərbi attaşesi, polkovnik Mahir Bayramov qonaqları salamlayaraq milli ordumuzun yaranması tarixi haqqında məlumat verib.

M.Bayramov Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsindən bəhs edərək, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olduğunu xüsusilə vurğulayıb. Müasir Azərbaycan ordusunun formalaşmasının xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi diqqət ayırdığını və NATO-nun beynəlxalq əməliyyatlarına dəstək verdiyini qeyd edərək Azərbaycan ordusunun ən müasir silah və hərbi texnika ilə təchiz edilməsi ilə yanaşı 2005-ci ildən etibarən ölkəmizin hərbi sursat, silah və ləvazimatlar istehsal etməyə başladığını vurğulayıb.

Qəbul zamanı Azərbaycan və onun silahlı qüvvələri barədə video materiallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Tədbirdə AFR Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, digər dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin Berlindəki səfirliklərinin hərbi attaşeləri, diplomatik korpusun nümayəndələri, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description