"Gürcüstan Azərbaycanla dövlət əmlakı sahəsində təcrübə mübadiləsinə hazırdır" - Agentlik rəhbəri

"Gürcüstan dövlət əmlakı məsələləri sahəsində Azərbaycanla sıx əməkdaşlığa hazırdır".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Dövlət Əmlakı Milli Agentliyinin rəhbəri Yekaterina Sisauri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla görüşdə deyib.

Y. Sisauri iki ölkə arasında dövlət əmlakı məsələləri sahəsində əlaqələrin bundan sonra da uğurlu olacağına ümidvar olduğunu qeyd edib: "Bu əlaqələrin səmərəli nəticələr verəcəyinə inanıram. Gürcüstan Azərbaycanla dövlət əmlakı sahəsində təcrübə mübadiləsinə də hazırdır".

Agentlik rəhbəri Azərbaycan tərəfinə dövlət qurumunun yaranma tarixi, fəaliyyət istiqamətləri və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

K. Həsənov öz növbəsində Azərbaycan və Gürcüstan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. O, Gürcüstanla daşınmaz əmlak sahəsində əməkdaşlığın gələcəkdə daha səmərəli nəticələr verəcəyini qeyd edib.

Görüşdə həmçinin Almaniyanın Federal Maliyyə Nazirliyinin departament rəhbəri Petra Von Vik, GIZ təşkilatının nümayəndələri də iştirak edib.

P. Von Vik Azərbaycanla 10 ildən artıqdır ki, əməkdaşlığın olduğunu bildirib: "Azərbaycan və Gürcüstan arasında daşınmaz əmlak sahəsində əlaqələrin qurulması çox vacibdir. Azərbaycan və Gürcüstan arasında bu sahədə əməkdaşlığın daha da sıx olacağına inanıram. Almaniya bu əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə vermək məqsədilə bir sıra qarşılıqlı səfərlər təşkil edir".