Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Erməni və digər əcnəbi paylaşımlarda həqiqətin izləri

Bu gün sosial media informasiya əldə edilməsində, eləcə də ictimai rəyin formalaşdırılmasında dünyaya açılan bir platformadır. Bu platforma virtual informasiya məkanı olmaqla, bir çox hallarda informasiya müharibəsində də əhəmiyyətli bir bazadır. Odur ki, Azərbaycan həqiqətlərinin, xüsusilə də Qarabağ gerçəklərini, tariximizi və erməni işğalını əks etdirən məlumatların beynəlxalq aləmə daha çox yayılması zəruridir.

İyirmi beş ildən çoxdur ki, Qarabağ və ətraf rayonlarımız Ermənistanın işğalı altındadır və bu ərazilərdə süni olaraq, ermənilərin məskunlaşdırılmasına baxmayaraq, yenə də tarixi faktlar, eləcə də işğal edilmiş ərazilərimizdə tarixi abidə və yaşayış binalarının dağıdılmış vəziyyəti, eləcə də işğaldan əvvəlki dövrə aid olan bir çox izlər bu torpaqların həqiqi sahibinin kim olduğunu təsdiqləyir. Sosial mediada, xüsusilə də instagram, tvitter və feysbukda erməni və əcnəbi istifadəçilərin yayımladıqları fotolar, yazdıqları statuslar Dağlıq Qarabağın hazırkı vəziyyəti ilə virtual tanış olmaq baxımından əhəmiyyətlidir.

Araşdırma zamanı sosial mediada Qarabağla bağlı həştəqlərlə yayımlanmış bir çox materiallar məzmununa görə diqqət çəkir. İnstagramda Qarabağla bağlı həştəqlərdə paylaşılan status və şəkillərin təhlili zamanı məlum olur ki, Şuşadan fotolar üstünlük təşkil edir. Onların əksəriyyəti Cıdır düzünün unikallığını və ecazkar mənzərəsini əks etdirsə də, şəhərin xarabazara çevrilmiş küçə və abidələri də erməni və əcnəbilərin paylaşımlarında yer alır.

Erməni jurnalist Viktoriya Aleksanyanın instagramda Şuşadan çəkdiyi şəkildə (10 may 2018) “Ermənistanla Azərbaycan arasında müharibə zamanı raketlə vurulmuş və deşik açılmış bina” statusunda məkan olaraq, “Şuşi” deyil, “Şuşa”nın göstərilməsi bir istifadəçini qıcıqlandırıb və onun statusa yarızarafat “irad” tutması – “Etiketləməni dəyiş, bura Azərbaycan ərazisi deyil” yazması erməni yalanları və təxribatının uğursuz cəhdini göstərir.

Alyona Melkumyan (29 iyun 2018) isə paylaşdığı statusda Şuşa xalçalarını nümayiş etdirib. Bir istifadəçinin “Onlar satılır?” sualına A.Melkumyan cavabında “Bəli, bəziləri satılır. Ancaq bu muzeyin eksponatlarıdır, onları bu cür küləyə verirlər” deyə bildirib. Bu paylaşımda olan etiraflar milli mədəni irsimiz olan xalçalarımızın və muzey eksponatlarımızın satıldığını, məhv edildiyini və “erməniləşdirildiyini” sübut edir.

Gmerjanian adlı erməni istifadəçi Şuşada dağıdılmış bir binadan çəkdiyi görüntünü (1 iyul 2018) “Burada danışmaqdan daha çox görməyə nə qədər şey var” statusu ilə paylaşıb. Onun “Şuşa məscidi” statusu ilə paylaşdığı minarəsi dağıdılmış məscidin görüntüləri (20 və 21 iyun 2018) bir daha sübut edir ki, bir çox abidələrimiz kimi XIX əsrə aid olan tarixi məscid də təhlükə ilə üz-üzədir və erməni işğalı zamanı ciddi dağıntılara, zədələrə məruz qalıb. Onun Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Molla Pənah Vaqifin şərəfinə ucaldılmış məqbərədən paylaşdığı fotodan abidənin ermənilər tərəfindən tamamilə dağıdılması, yalnız bəzi elementlərin qalması görünür.

Agata David adlı istifadəçi “Şuşa – XIX əsrdə Cənubi Qafqazın mədəniyyət mərkəzlərindən biri, şəhərin 80 faizi Dağlıq Qarabağ müharibəsindən sonra dağıntılara çevrilib” adlı statusla (11 iyun 2018) bir neçə şəkil paylaşıb.
Alinaface adlı istifadəçinin “Kənd gözəllik salonu” adlı statusla Qarabağdan paylaşdığı şəkildə qıfıllı qapının üzərində kiril qrafikası ilə “benzin” yazılması digər istifadəçilərin də təəccübünə səbəb olub.

Şuşadan paylaşılan şəkillər arasında dağıdılmış binanın önündə çəkilmiş foto daha çox diqqət çəkir. Belə ki, Aza_arz adlı istifadəçinin (10 noyabr 2017) və digər əcnəbi turistin Şuşadan paylaşdıqları fotolarda binanın divarında Azərbaycan dilində kiril qrafikası ilə yazılmış “seçki məntəqəsi” sözü Şuşanın işğalından 26 il keçməsinə baxmayaraq, öz varlığını “qorumaqdadır.”

Emil Mkrtichian adlı istifadəçinin dağıdılmış Şuşadan bir mənzərəni paylaşmasına (13 iyun 2018) azərbaycanlı alef_ru istifadəçi “Mən Şuşada doğulmuşam. Bu mənzərəni görmək çox pisdir” deyə şərh yazıb. Şəkli paylaşan Emil Mkrtçyan “Mən sənin Şuşada doğulduğunu bilmirdim” deyə cavab verməklə kifayətlənib.
Lusine.94 adlı istifadəçinin Şuşadan #ancientbuiulding (qədim bina) həştəqi ilə paylaşdığı foto (29 yanvar 2018) və a.06.16 adlı istifadəçinin yayımladığı şəkil şəhərin 1992-ci ildə işğal edilməsindən sonra bir çox abidələr və yaşayış binaları kimi bu tarixi binanın da dağıdıldığını, yalnız divarlarının qaldığını göstərir.
Marutvanian adlı istifadəçi Əsgərandan köhnə bir kənd evini paylaşaraq (22 iyun 2018) “Bu köhnə ev Əsgəranda Xnatsax kəndinin mərkəzində fəxrlə durur. Gəlib Qarabağı ziyarət edə, kəşf edə bilərsiniz.” yazıb.

Eyvanlı evin pəncərələrinin şüşələrinin olmamasından və baxımsızlığından orada yaşayışın yoxluğunu bilmək elə də çətin deyil. Onun Şuşada məscid minarəsinin şəklini paylaşaraq İran məscidi kimi (30 yanvar 2018) təqdim etməsinə art_oroys adlı istifadəçi “Bu şəhər erməni vandalları tərəfindən dağıdılıb” şərhini yazıb.
Həmin istifadəçinin (29 aprel 2018) Şuşadan paylaşdığı yaşayış binasının önündə eyvandan rus dilində asılmış “satılır” elanı və telefon nömrəsi vaxtilə azərbaycanlıların yaşadıqları evlərin çoxunun boş qaldığını, məskunlaşma olmadığını göstərir. Marutvanianın (20 aprel 2018) Şuşa məscidinin önündən paylaşdığı şəkildə minarənin dağılması açıq-aydın görünür.

Vardelina adlı səyahəti sevən istifadəçi Şuşa məscidinin indiki fotosunu paylaşıb (2 iyul 2018).

Wellfarepaychecks adlı istifadəçi yerləşdirdiyi şəkli “Tankla vurulmuş və minarəsində deşiklər yaranmış, tərk edilmiş məscid. Minarələrdən güman ki, snayper mövqeyi kimi istifadə olunub” (4 iyul 2018) statusu ilə təqdim edib.

Ukraynalı Yulialinova adlı istifadəçinin Şuşa məscidinin içərisini əks etdirən foto (2 oktyabr 2016) paylaşaraq Ukrayna dilində “zruynovanamechet”—“məhv edilmiş məscid” statusu, Saqokostanyan adlı istifadəçinin də həmin məscidin içərisini paylaşdığı şəkil (20 noyabr 2017) məscidin baxımsız və dağılmış olduğunu əks etdirir.
Haikgh adlı istifadəçinin (Hayk Gazaryan) Şuşa məscidinin içərisinin baxımsız halını (5 avqust 2017) paylaşsa da, sonradan həmin şəkli səhifəsindən silib.

Wangying9873 adlı əcnəbi istifadəçinin səhifələrində də Şuşa məscidinin müxtəlif fotoları yer alır.
Shigekinomura adlı əcnəbi istifadəçi öz səhifəsində Şuşanın xarabalıqlarını çəkməklə yanaşı, bir vaxtlar mədəniyyət mərkəzi kimi tanınan, indi isə “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlanan Ağdam şəhərinin son vəziyyətini əks etdirən fotolar paylaşıb. Fotolarda Ağdamın tamamilə dağıdılması açıq-aydın görünür. Əcnəbi səyyah, blogger Northtalgia işğal edilmiş Azərbaycan ərazilərinə də səyahət etməklə oradan müxtəlif fotolar (avqust 2016) paylaşıb. Onun təhrif edilmiş statuslarına baxmayaraq, Şuşanı “Xarabalıqlar şəhəri” adlandırması real mənzərəni və erməni vandallığını ortaya qoyur.

Araşdırma zamanı bəlli oldu ki, qədim tarixə və zəngin mədəni irsə malik Şuşanın dağıdılmış binalarının divarları “street art” üslubunda şəkillərlə bəzədilib. Əsas məqsəd müharibə dövründə ermənilərin törətdikləri vandallıq izlərini ört-basdır etmək, şəhərin simasını dəyişməkdir.

Arutyun Akopyan adlı istifadəçinin paylaşımlarında birinci Qarabağ müharibəsi dövründə erməni silahlılarının hücumu nəticəsində dağıdılmış tarixi binanın yenidən “street art” üslubuna uyğun “bəzədilməsi” əks edilib. “Şuşa şəhəri. Bu binanın pəncərəsi yoxdur, onun əvəzinə belə maraqlı şəkillər qoyublar. Bu çox rəngli görünür.” ( 15 iyun 2018) adlı status və fotolar ilk baxışda diqqəti cəlb etsə də, diqqətlə baxanda dağıdılmış binanın üzərində əks olunmasını sezmək mümkündür.

İnnacut0 adlı istifadəçinin baxımsız bir evin şəklini paylaşaraq “Biz bu tərk edilmiş evi Şuşada tapdıq. Bir anlıq pəncərə və qapıları təsəvvür edin, necə də gözəldir” (2 yanvar 2017) statusu yazıb və bu göstərir ki, münaqişənin başlamasından 20 ildən çox vaxt keçməsinə baxmayaraq, azərbaycanlı məcburi köçkünlərin evlərinin çoxu dağıdılmış haldadır. İnnacut0 adlı istifadəçinin səhifəsində paylaşılmış Şuşada vaxtilə azərbaycanlıların yaşadıqları qədimi evlərin qapıları üzüntü yaratsa da, bu evlərdə insan nəfəsinin olmaması açıq-aydın duyulmaqdadır. Ani_srapyan adlı istifadəçinin #centuries adlı həştəqlə Şuşa məscidi başda olmaqla paylaşdığı tarixi yerlərin fotoları diqqət çəkir. Şuşa məscidinin minarəsi dağıdılmış durumdadır.

Eduardo_photograhy_ adlı səhifədə qədim Əsgəran qalasının baxımsız vəziyyətdə olmasını görmək mümkündür.

Göründüyü kimi, sosial mediada Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı erməni təxribatları və yalanları olsa da, “yalan ayaq tutar, yeriməz” məsəli yada düşür. Məhz erməni sosial media istifadəçilərinin paylaşımlarını diqqətlə nəzərdən keçirdikdə, onların öz status və paylaşımları erməni saxtakalarlıqları ilə dolu təbliğatı alt-üst edir və işğal edilmiş ərazilərimizdə milli və mədəni irsimizin vəziyyəti, oradakı real ab-hava üzə çıxır. Ermənilərin və əcnəbi istifadəçilərin Qarabağla bağlı paylaşımları informasiya müharibəsində Azərbaycanın haqlı tərəf olduğunu, Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini bütün dünyaya sübut edir.

Bundan başqa, sosial mediada azərbaycanlı fəallar var ki, informasiya müharibəsində virtual əsgər olaraq, Azərbaycan həqiqətlərinin daha geniş çatdırılması və ermənilərin informasiya təxribatlarının qarşısını almaqda aktivdirlər. Məhz bu cür fəallığın nəticəsidir ki, sosial mediada ictimai və milli maraqlarımızın qorunmasında və ölkəmizin bu istiqamətdə gördüyü işləri müxtəlif əcnəbi dillərdə yayımlayan gənclərin sayı durmadan artmaqdadır.