Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır? Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Fərda Əsədov “Yaxın plan” layihəsində Suriyanı incələyir - MÜSAHİBƏ

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir. Müsahibimiz AMEA Şərqünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovdur.

- Cənab Əsədov, son zamanlar Azərbaycan gündəmində Suriya mövzusuna az rast gəlinir. Əslində isə orada hadisələr sürətlə cərəyan edir. Sizin izlədiyiniz qədər, hal-hazırda Suriyada hansı proseslər gedir?

- Ümumiyyətlə götürsək, son zamanlar Suriyada yaranan yeni siyasi vəziyyətə keçid dövrü deyilir. Bu keçid dövrünün əsas problemi isə keçmiş hakimiyyətin taleyinin necə olacağıdır. Bütün hadisələrin mərkəzində olan məsələ budur. Yaxın Şərq siyasətində nüfuz üstünlüyü olan siyasi qüvvələrin Suriya məsələsində özünü isbat edərkən nə qədər uğurlu olacağı isə məsələnin "pərdəarxası" tərəfidir. Burada söhbət əlbəttə ki, ABŞ ilə Rusiyanın rəqabətindən gedir. Bu kimi problemlərin həlli hazırda "masa üzərindədir".

- Bəs, bu vəziyyətdə Suriyanın parçalanma ehtimalı nə qədər real görünür?

- Belə ehtimal və bunu istəyən qüvvələr olub və olacaq. Lakin bunu istəyən qüvvələr millətçi qüvvələr kimi nəzərdən keçirilir. Suriyanın taleyinə, siyasətinə və bəlkə də dövlət quruluşuna müəyyən yenilik gətirən federativ və ya konfederativ strukturda maraqlı olan regional qüvvələr var. Bu İran da, Türkiyə də ola bilər. Bu qüvvələr şübhəsiz ki, Suriyanın gələcək taleyində öz maraqlarını, nüfuzunu isbat etmək üçün çalışırlar. Lakin daha çox əhəmiyyət kəsb edən Rusiya ilə ABŞ-ın bu məsələdə ümumi bir məxrəcə gəlməsidir.

- Sizin fikrinizcə, ümumiyyətlə Suriya məsələlərində Qərbin son məqsədi nədən ibarətdir?

- Burada Qərbin iki məqsədi ola bilər. Bunlardan biri Suriyanın siyasi quruculuq işlərində Rusiya yönümlü qüvvələrin üstünlük qazanmaması, digəri isə proseslərin onların siyasi düşüncə tərzinə uyğun şəkildə getməsidir. Bu qüvvələrin üzə çıxması həmin məqsədə xidmət edəcəksə, Suriya prosesində də həll edici rol oynamalarına dəstək veriləcək.

- Hal-hazırda səhnədə qalan qüvvələr kimlərdir?

- Əgər bu hərbi qarşıdurma nə vaxtsa dayansa və hamını "eyni stol ətrafında" otuzdurmaq mümkün olsa, konkret təsir qüvvələri də onların əlində olacaq. Hansı ərazilər, nə qədər silahlı döyüşçülərin olması isə danışıqlar prosesində müəyyənləşəcək. Bunun üçün isə indi qarşıdurma gedir. Hal-hazırda Suriyada olan bir neçə qaynar nöqtələrdə də həmin məsələdir.

- Suriya məsələsi həm də İŞİD-lə identifikasiya olunmuş problemdir. Ancaq bəzən sual açıq qalır: İŞİD-i yaradanlar ona qarşı necə mübarizə aparır?

- Aydın məsələdir ki, Rusiyanın İŞİD-lə mübarizədə hazırki mövqeyi üçün ən önəmli siyasi qüvvə olan Suriya hökuməti və Bəşər Əsədin hakimiyyətidir. Müəyyən qədər gerçəkliyi nəzərə almaq məcburiyyətində qalan Amerika bu vəziyyətlə hesablaşmalı olur, lakin qəbul edə bilmir. Çünki dediyim kimi, B.Əsədin səhnədə qalması, nüfuz qazanması, həmçinin B. Əsədə yardım etmək Qərbin qəti şəkildə marağında deyil.

- Bəs, sizcə, Türkiyə bu proseslərdə hansı mövqedən çıxış edir? Söhbət Yaxın Şərq uğrunda mübarizədən gedir...

- Türkiyə Yaxın Şərqdə müstəqil siyasət aparmaq niyyətindədir və bununla bağlı planları da var. Burada isə Suriya məsələsi çox böyük, mərkəzi yer tutur. Çünki Suriya məsələsində Türkiyənin iki böyük və vacib problemi var. Birincisi odur ki, türk mənşəli xalqların, əhalinin müdafiə edilməsi vəbu regionda onlarıa birgə maraqlarını qoruması. İkincisi isə təhlükə yaradan kürd silahlı dəstələrinin gücləndirilməsinin qarşısını almaq və onları zərərsizləşdirməkdir.

- Cənab Əsədov, ən aktual suallardan biri də budur ki, vətəndaş müharibəsi içərisində Bəşər Əsəd hələ də hakimiyyətdə qalmasını nəyə borcludur?

- Düşünürəm ki, bu, Rusiya ilə ABŞ arasındaki razılaşma ilə bağlıdır. Ən yaxşı halda istər Suriya, istərsə də region üçün sülh prosesi başlayacaq və bu proses nəticəsində Bəşər Əsəd tədricən "səhnədən" gedəcək. Burada onun həm şəxsi, həm də ətrafının təhlükəsizliyinin nə qədər təmin olunacağı isə çox həssas məsələdir. Mən düşünürəm ki, nə vaxtsa razılığa gəlmiş olsalar belə, bu, Suriya və Bəşər Əsəd probleminin həlli olmayacaq.

- Bilirsiniz ki, ABŞ İrana qarşı sanksiyalar tətbiq edir. Həmin sanksiyalar İranın Suriyada baş verən proseslərdəki roluna necə təsir edəcək?

- Bəşər Əsədin müqavimət imkanlarını genişləndirməsi üçün bilavasitə yardımçı olan İrandır və orada ən çox döyüş bacarığı olan qüvvələr, siyasi qruplar da elə İranın dəstəklədiyi, silahlandırdığı Livandan gələn könüllülərdir. Bu İranın regional siyasətində ən əsas kartlardan biridir. İranı regional qüvvəyə çevirən isə onun Suriyaya olan təsir bacarığıdır. Bu məsələ gündəmdə qaldıqca, İran bölgədə nüfuz sahibi olacaq. İranın bu məsələdə imkanlarının məhdudlaşmasında maraqlı olan qüvvələr var. Həmin qüvvələr ABŞ və İsraildir- onlar bunun qarşısını almaq, Bəşər Əsədi və İranı məğlub etmək istəyirlər.

- Bildiyiniz kimi, Suriyada döyüşənlər arasında tez-tez digər dövlətlərlə yanaşı Azərbaycan vətəndaşlarına da rast gəlinir. Bu isə milli təhlükəsizliyimizə toxunan məsələdir...

- Əlbəttə, orada təkcə Azərbaycandan deyil, bildiyim qədər, keçmiş SSRİ məkanındakı respublikalardan olan xeyli insan var. Ən çox Tacikistan və Qırğızıstan vətəndaşları Suriyadakı proseslərdə iştirak edir. Bu isə, heç şübhəsiz, hamını narahat edir. Bizim vətəndaşlarımızın orada döyüşməsi də bizi narahat etməlidir və edir. Çünki bu radikallaşma və terror imkanlarının genişlənməsi deməkdir. Bu problemin həlli isə təkcə təhlükəsizlik tədbirlərindən yox, həm də bilavasitə daxildə baş verən islahatlardan, iqtisadi inkişafdan asılıdır.

Pərvanə AĞAZADƏ
AzNews.az