- Köhnə - Siyasət
- 24 Avqust 2018 09:10
- 5 056
Böyük siyasətin qeyri-adilikləri...
Dünya iqtisadiyyatı üzrə mütəxəssisləri Azərbaycanda son illərdə hazırlamağa başlayıblar. Ona görə də qlobal miqyaslı tendensiyalardan yazmağa bir az çətinlik çəkirik, çünki özümüz də bu sahədə mütəxəssis deyilik.
Amma bütün hallarda ümumi tendensiyaları tutmaq mümkündür və bizə də əslində elə bu, lazımdır.
Əvvəllər ABŞ prezidentinin siyasətini təhlil edərkən bir neçə dəfə yazmışdıq ki, D.Tramp qlobal siyasi proseslərə adi biznes prizmasından yanaşır.
Amma bu adam sanksiyalara tamam-ramal aludə olandan sonra gördük ki, vəziyyət bir azacıq da qəlizdir – o, siyasətçilər arasında biznesmen, biznesmenlər arasında isə siyasətçi kimi görünür.
Məsələn, heç kim bizləri inandıra bilməz ki, bu qədər çeşidli sanksiyaların ABŞ-ın öz iqtisadiyyatına heç bir təsiri olmayacaq, çünki hər bir marketoloq təsdiq edə bilər ki, sanksiyalar nəticəsində ABŞ biznesi ən azı bazarları itirir, hanısıların ki, qazanılmasına bəlkə illər sərf olunub.
Bu adam heç cür başa düşmək istəmir ki, böyük siyasətə biznes yanaşması, eləcə də biznesə siyasətçi yanaşması yalnız ziyan verə bilər.
Nəticədə illərlə əldə olunan siyasi mövqelər, bundan da çətinliklə qazanılan iqtisadi üstünlüklər itirilir. Bəlkə də Trampın sərəncamında, məsələn, Çinlə bağlı daha səhih məlumatlar var ki, biz ondan xəbərsizik. Gəl ki, onun ABŞ-ın iqtisadi rəqiblərini zərərsizləşdirmək üçün tutduğu xətt heç qloballaşmanın və iqtisadi azadlıqların məntiqinə uyğun gəlmir.
Əgər bu adam desəydi ki, Çindəki avtoritar siyasi quruluş, xüsusən də Çin rəhbərinin özünə ömürlük post təmin etməsi ABŞ–ın demokratiya ilə bağlı dəyərlərinə və təsəvvürlərinə ziddir, - bunu başa düşmək olardı.
Amma Tramp belə demir və yoldaş Sinin ömrülük rəhbər olması onu, ümumiyyətlə, əndişələndirmir. Trampı yalnız bir məsələ qayğılansdırır – o, da Çinin getdikcə artan iqtisadi qüdrətidir.
Fəqət, D.Trampı yalnız Çin qayğılandırırmı? Onun problemi yalnız İran və ya Şimali Koreyadırmı? Təəssüf ki, yox. Avropa ilə də xeyli problemlər yaranıbdı, halbuki ABŞ-ın bu ölkələrdən yaxın müttəfiqi hələ olmayıbdı, amma Ağ Evin indiki sahibi Avropaya qarşı əsl ticarət savaşı açıbdır.
Bu günlərdə Qafqaza səfərə başlayan A.Merkel də D.Tramp üçün ən böyük problemdir. NATO-nun sonuncu sammitində Tramp Merkelin də, Almaniyanın da qarasınca xeyli deyinmişdi.
Biz də ən azı kontinental siyasətdə bu amili nəzərə alamalıyıq. Ötən dəfələrdə də qeyd etmişdik ki, ABŞ - la Avropa arasındakı ziddiyyətlər Vaşinqtonun bizə qarşı yönələ biləcək mümkün təhdidlərini neytrallaşdıra bilər. Demirik ki, belə sanksiyalar mütləq bizi də əhatə edəcək, amma amerikalı siyasətçilər bunu bizə eşitdirməsələr, bu, xeyli təəccüblü olar.
Əlbəttə ki, A.Merkelin regiona səfərindən fövqəladə nəticələr gözləmirik, ən azı ona görə ki, bunun üçün elə bir zəmin yoxdur. Gürcüstan çox güman ki, AMerkellə NATO məsələsində anlaşmağa, Ermənistan isə “məxməri inqilab”a görə Avropadan mükafat qoparmağa çalışacaq.
O ki qaldı Azərbaycana, güman edirik ki, TANAP və TAP Almaniya üçün maraqsız ola bilməz. Xüsusən də ki, Xəzərin statusu ilə bağlı qəbul olunmuş son konvensiyadan sonra Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarını Avropaya çıxarmaq səmtində yeni imkan yaranıb. Əlbəttə, Almaniya kinsə üçün sirr deyil ki, Rusiya ilə böyük qaz layihəsi reallaşdırmağa can atır, baxmayaraq, ABŞ bütün qüvvəsilə bu layihəni əngəlləməyə cəhd edir. Amma siyasət siyasətdir və çox təəccüblü olardı ki, Almaniya Rusiya qazına alternativlər haqqında düşünməsin. Bu gün üçün isə ən real alternativlər Azərbaycandan keçir.
Təbii ki, danışıqlarda Qarabağ məsələsinə toxunulacaq. Amma ümid edirik ki, bu konteksdə Merkelin N.Paşinyana deyilməli sözləri daha çox olmalıdır, çünki yeni erməni liderinə həqiqətən də böyük siyasətin bəzi məqamlarını anlatmağa ehtiyac var, xüsusən də nəzərə alanda ki, erməni baş naziri özü bu xüsusda hələki təşəbbüs göstərməyə tələsmir.
Əslində dünya siyasətində baş verən böyük oyunlar–Trampın böyük dövlətləri sanksiyalarla cəzalandırmaq eşqinə düşməsi, Merkelin siyasi tabuları aşaraq Rusiya və İranla fərqli siyasət yürütməyə çalışması bir daha göstərir ki, Ermənistan böyük siyasət baxımından o qədər önəmsiz və kiçik detaldır ki, onu bəlkə də bircə bəyanatla da yerində oturtmaq və otuz ildir, davam edən münaqişəyə son qoymaq olar. Amma etmirlər, ona görə ki, sərf etmir–kimini sanksiyalarla, kimini də bu cür konfliktlərlə cəzalandırırlar ki, idarə etmək və ya yönəltmək asan olsun...
Hüseynbala Səlimov