- Köhnə - Siyasət
- 27 Avqust 2018 09:13
- 5 497
Rusiya vətəndaşlarını da növlərə bölür?
Təəssüf ki, tamam-kamal təfərrüatlarına vara bilmədim. Anladığım bu oldu ki, Rusiya Xarici İşlər Nazirliyi narkotiklərlə bağlı ABŞ-da həbsdə olan təyyarəçi vətəndaşının vəziyyətindən narahatlıq keçirir. Bir tərəfdən bu, çox yaxşı haldır ki, dövlət heç bir vətəndaşını diqqətdən kənarda qoymur. Amma bunu o vaxt yaxşı adlandrımaq olardı ki, eyni diqqət bütün vətəndaşlara şamil olunsun və selektiv xarakter daşımasın. Ona görə də aparıcı xanımın sözləri tutuquşu tempilə üyüdüb tökdüyü bir vaxt heç bilmədim necə oldu ki, ani olaraq beynimdən bir ad keçdi: Dilqəm Əsgərov. Dərhal düşündüm ki, axı Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır deyəsən...
Qərəz, nə başınızı ağrıdım, bu məsələni hamınız məndən də yaxşı bilirsiniz. Neçə illərdir ki, D.Əsgərov və Ş.Quliyev Ermənistandadırlar, məhbusluq həyatı yaşayırlar. Niyə görə? Ona görə ki, guya cəmi dövlətlərin və təşkilatların, o cümlədən də rusların da özlərinin Azərbaycan əraziləri saydıqları torpaqlara getməyə cəsarət ediblər. Həm də onların biri Rusiya vətəndaşıdır ki, bunu da bir daha ərz eləməyi vacib bilirəm. Fəqət, Rusiya, onun bir az əvvəldə adını çəkdiyim XİN-i heç olmasa, bircə dəfə bunun fərqində olubmu?
Olub. Özü də bir dəfə. Bilrisinizmi nə vaxt? Bir erməni ailəsini qətlə yetirmiş əsgər V.Permyakovun harada mühakimə ediləcəyi və cəzasını harada çəkəcəyi Rusiya ilə Ermənistan arasında bərk mübahisələrə səbəb olmuşdu.
Həmin vaxt Rusiya mediası bir neçə günlük Ermənistana qarşı “müharibəyə” keçdi. İllərlə bizim dediyimiz, amma heç kimin diqqətə də almadığı faktlardan da kəsərli faktlar qoyuldu ortalığa, erməniləri bir neçə günün içində biabır etdilər. Həmin vaxt nazir S,Lavrov da birinci və bəlkə də sonuncu kərə D.Əsgərovu yada saldı – məhz erməni tərəfinə təzyiq üçün. Nə bundan əvvəl, nə də sonra bir daha belə olmadı. Rusiya əsgərinin problemi həll olundu və D.Əsgərovla Ş.Quliyev tamam yaddan çıxdılar.
Bəli, Rusiya siyasətinin sərsəm məntiqi budur: D.Əsgərov Rusiya vətəndaşıdır, amma rus deyil, ona görə də onun problemi Rusiyanın problemi deyil – bununla Azərbaycan məşğul olmalıdır. Ən qəribəsi isə budur ki, Azərbaycanla Rusiya arasında gözəl münasibətlər var, hətta eyni sözləri Rusiya və Türkiyə ilə bağlı da demək mümkündür, hər iki ölkənin xarici işlər nazirləri–Lavrovla Çavuşoğlu demək olar ki, hər həftə görüşürlər, amma bu cür sıx təmaslar da iki azərbaycanlı girovun problemini həll edə bilmir.
O, biri tərəfdən də çox hörmətli A.Duqin cənabları haray-həşir salır ki, bəs beş rayon Azərbaycana qaytarılacaqdı, belə olacaqdı, filan olacaqdı! Bu adama demək istəyirrsən ki, a kişi, bizə iki azərbaycanlını qaytarmaq istəmirsiniz, ondan qala, beş rayon ola! Rusiyanın guya öz vətəndaşını da Ermənistandan tələb etməyə iradəsi “çatmır”, sizsə durub beş rayondan dəm vurursunuz!..
Dəfələrlə həlledici anlar olub ki, Rusiyanın Azərbaycanın və azərbaycanlıların xeyrinə qərar qəbul etmək imkanı olubdur, amma bunu etməyib. Məsələn, bir neçə il bundan əvvəl BMT TŞ-da Azərbaycanın ərazi bütövlüyü müzakirə olunarkən digər həmsdərlər kimi Moskva da buna dəstək vermədi. Daha bir məsələni isə bir az əvvəldə qeyd etdim – Kreml ən azı öz vətəndaşının azad olunmasını tələb edə bilərdi. Amma yenə də etmədi bunu. Ən maraqlısı bilirsinizmi nədir? Tutaq ki, Qarabağ Rusiyanın regiondakı geopolitik maraqları üçün vacib komponentdir və Moskva burada öz maraqlarını gözləyir. Bəs öz vətəndaşının azad edilməsini niyə tələb etmir? Bəlkə buna da onun regiondakı özəl maraq və planları mane olur?
Daha dəhşətlisi isə budur ki, bütün bunları bilə-bilə yenə də bəzi azərbaycanlılarımız bizə KTMT-na və Avrasiya İqtisadi Birliyinə üzv olmağı təklif edirlər. Başa düşmək olmur ki, bunların Rusiya sevgisinin mayasında dayanan nədir? Rusiya Azərbaycana və azərbaycanlılara qarşı daha nə etməlidir ki, bunlar da nəhayət, ayılıb regiondakı siyasi və geosiyasi mətləblərə daha ayıq nəzərlərlə baxsınlar?
Düşünürük ki, dediyimiz an ən azı yaxın vaxtda yetişməyəcək, çünki bizim bəzi insanlarımız hələ də “məndən sovuşdu...” və yaxud da “mənə nə?..” psixologiyası ilə yaşayırlar.
Həm də ölkənin geosiyasi seçimi və hərbi–siyasi statusu ilə bağlı düşüncələrə milli amillərdən savayı cari siyasi konyunktura da təsir edir və bir çox hallarda bunlardan hansının daha çox üstünlük təşkil etdiyini müəyyən etmək belə çətin olur.
Üstəlik, daha bir detal da var ki, onu hələ böyük Mirzə Cəlil “Anamın kitabı” əsərində qeyd edibdir. Çox təəssüf ki, azərbaycanlı ruhu daim bir üçbucaq içrə - Türkiyə, Rusiya və İran arasında vurnuxubdur. Həmin dövrdən bir əsrdən artıq vaxt keçsə də böyük hesabla heç nə dəyişməyib və azərilər yenə də bu məmləkəti üç tərəfə dartmaqdadır–Rusiya, İran və Türkiyəyə tərəf...
Hüseynbala Səlimov