Müasir Azərbaycan dövlətçiliyinin gücləndirilməsində və sosial-iqtisadi inkişafında böyük nailiyyətlərə imza atmış Prezident İlham Əliyev siyasi uzaqgörənliyi və zəngin dünyagörüşü, eləcə də mükəmməl idarəçilik qabiliyyəti sayəsində xarici siyasət kursunu da uğurla davam etdirir. Müasir Azərbaycan dövlətçiliyinin gücləndirilməsində və sosial-iqtisadi inkişafında böyük nailiyyətlərə imza atmış Prezident İlham Əliyev siyasi uzaqgörənliyi və zəngin dünyagörüşü, eləcə də mükəmməl idarəçilik qabiliyyəti sayəsində xarici siyasət kursunu da uğurla davam etdirir.

Prezident İlham Əliyevin son səfərləri Azərbaycanın hərtərəfli inkişafına güclü impuls verəcək

Müasir Azərbaycan dövlətçiliyinin gücləndirilməsində və sosial-iqtisadi inkişafında böyük nailiyyətlərə imza atmış Prezident İlham Əliyev siyasi uzaqgörənliyi və zəngin dünyagörüşü, eləcə də mükəmməl idarəçilik qabiliyyəti sayəsində xarici siyasət kursunu da uğurla davam etdirir.

Son illər ərzində ölkə başçımızın fəaliyyəti nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etmiş, xarici aləmdə ölkəmizin mövqeləri güclənmişdir. Beynəlxalq siyasi arenada cərəyan edən mürəkkəb prosesləri doğru qiymətləndirən və qlobal çağırışlara adekvat reaksiya verən ölkə başçısının strateji əhəmiyyətli məsələlərdə milli mənafelərə uyğun addımlar atması xarici siyasət kursumuzun uğurla davam etdirildiyini təsdiqləyir.
Çoxaspektli xarici siyasət yürüdən Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərini suverenliyimizin, ərazi bütövlüyümüzün və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi və qorunması, ölkənin davamlı inkişafı üçün əlverişli xarici mühitin yaradılması, dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi təşkil edir. Bundan başqa, rəsmi Bakının xarici siyasət kursunda enerji və nəqliyyat strategiyasının inkişafının dəstəklənməsi, ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması və beynəlxalq arenada nüfuzunun artırılması məsələləri də ön yerlərdən birini tutur. Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin dünya miqyasında tanıdılması və xaricdə yaşayan həmvətənlərlə əlaqələrin daha da gücləndirilməsi də xüsusi diqqət ayrılan istiqamətlərdir. Son illər dünyanın bir sıra regionlarında cərəyan edən təhlükəli proseslər də beynəlxalq sülhə və təhlükəsizliyə, o cümlədən regional inkişafa da yeni təhdidlər yaradır. Bu ciddi çağırışlara vaxtında və milli maraqlar çərçivəsində tutarlı cavab verilməsini də rəsmi Bakı diqqət mərkəzində saxlayır.
Bu gün regionun lider dövləti olan Azərbaycan nəinki regional layihələrin iştirakçısı kimi tanınır, ölkəmiz həm də beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bütün uğurlarımızın əsasını ulu öndər Heydər Əliyev müəyyənləşdirmiş və hazırda bu xətt Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Son vaxtlar ölkə başçımızın xarici ölkələrə səfərləri və keçirdiyi uğurlu danışıqlar, o cümlədən əldə olunmuş razılıqlar, habelə imzalanmış sənədlər rəsmi Bakının qarşılıqlı faydalı əməkdaşlığa, bərabərhüquqlu münasibətlərə üstünlük verilən xarici siyasət kursunun günün tələbləri səviyyəsində inkişaf etdiyini bir daha təsdiqlədi. Xüsusilə də Prezident İlham Əliyevin Rusiya Federasiyasına, Qırğızıstan və Xorvatiya səfərləri ölkəmizin adıçəkilən dövlətlərlə faydalı və hərtərəfli əməkdaşlığının genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Əlbəttə, bu gün Rusiya Federasiyası ilə münasibətlərimizin yüksək dinamikaya malik olması Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir. Əlbəttə, iki ölkənin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi üzrə həm Azərbaycanda, həm də Rusiyada intensiv iş aparılır. Sevindirici haldır ki, müasir mərhələdə prezidentlər – İlham Əliyev və Vladimir Putin ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişlər. Hər iki liderin qarşılıqlı işgüzar səfərləri bərabərhüquqlu və faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan vermiş, səfərlər çərçivəsində iqtisadiyyat, energetika və humanitar sahələr üzrə mühüm sənədlər imzalanmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin Rusiyaya son səfəri münasibətlərimizin strateji və dostluq xarakterini, bizim dost və tərəfdaş olduğumuzu bir daha təsdiqləmişdir. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir və ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq hər keçən gün güclənir. Bundan başqa, Rusiyanın subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri də dinamik inkişaf edir. Hər iki ölkənin siyasi elitasından səsləndirilən son bəyanatlar bir daha təsdiqləyir ki, münasibətlərimizin səviyyəsi tərəflərdə məmnunluq hissi doğurur və bu yüksək münasibətlərin daha da inkişaf etməsi üçün istək və böyük potensial var.
Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı da uğurlu və çoxaspektlidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ciddi siyasi mərkəzə çevrilməsində rəsmi Bakının böyük əməyi və rolu var. Prezident İlham Əliyev TDƏŞ-in VI Sammitindəki çıxışında Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını bildirmiş və bu əlaqələrin gündən-günə möhkəmləndiyini və genişləndiyini vurğulamışdır. “Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir”, – deyən ölkə başçısı hesab edir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti ilə bağlı əlavə addımlar atılacaqdır.
Bundan başqa, Azərbaycan TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunda da fəal iştirak edir. Zəngin enerji resursları və nəqliyyat-kommunikasiya tranzit dəhlizləri üzərində yerləşən türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin daha da güclənməsi bu gün öz aktuallığını saxlayır. Prezident İlham Əliyev sammitdəki nitqində bu amilə xüsusilə toxunmuş və iqtisadi əməkdaşlığın gücləndirilməsinin zəruri olduğunu bildirmişdir: “İndiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir”.
Bu gün faktdır ki, Azərbaycan fəal xarici investisiya siyasəti həyata keçirir. Məlumdur ki, Azərbaycan qardaş Türkiyə iqtisadiyyatına yatırdığı sərmayənin məbləği 20 milyard dollara yaxınlaşır. Prezident İlham Əliyevin sammitdə qeyd etdiyi kimi, bu, Azərbaycan və Türkiyə dostluğunu, qardaşlığını əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Azərbaycan digər türkdilli ölkələrlə də sıx siyasi-iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi türkdilli ölkələr qarşısında yeni imkanlar açmışdır. BTC-ni yeni nəqliyyat damarı adlandıran ölkə başçımız əlavə etmişdir ki, Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib etmiş olur. Prezident İlham Əliyev bütün dost ölkələri, o cümlədən Avropa dövlətlərini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı bu yoldan istifadə etməyə çağırmış və Qazaxıstanın, Türkiyənin, Azərbaycanın bu şəbəkədə əməkdaşlığını diqqətə çatdırmışdır.
Bir sözlə, Azərbaycan Türkdilli ölkələrlə münasibətlərin inkişafına xüsusi yanaşır və Qırğızıstanda keçirilən zirvə görüşünün TDƏŞ-ə üzv olan dövlətlər arasında dostluğu və qardaşlığı daha da möhkəmləndirəcəyinə inamı artırır. Xatırladaq ki, TDƏŞ sülh və sabitliyin gücləndirilməsi, üzv ölkələr arasında geniş əməkdaşlıq və ümumi inkişaf üçün potensialın açılmasının təşviqinə həsr edilmiş təşkilatdır. Təşkilat türkdilli ölkələr arasında dərin əlaqələri və həmrəyliyi təşviq edərək, Avrasiya materikində, xüsusən, Mərkəzi Asiya və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni regional vasitə rolunu oynayır. Ortaq tarix, dil, kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olaraq TDƏŞ üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevirmək niyyəti daşıyır.
Prezident İlham Əliyevin son bir ay ərzində çevik diplomatik fəaliyyətinin əsas istiqamətlərindən birini də Avropa təşkil etmişdir. Bu da təsadüfi xarakter daşımır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında, o cümlədən regional və qlobal təhlükəsizliyə verdiyi töhfə ilə də diqqət mərkəzindədir. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Ötən müddət ərzində qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanmış sənədlər əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir.
Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2012-2017-ci illərdə Avropa İttifaqı Azərbaycana 15,3 milyard dollar investisiya yatırmışdır ki, bu da ümumi investisiyaların 38,2 faizini təşkil edir. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. İttifaqın 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi, 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri imzalanmışdır. Bu mənada Prezident İlham Əliyevin Xorvatiyaya səfəri xüsusi maraq doğurur və Avropa İttifaqının üzvü kimi rəsmi Zaqreblə ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Məlumdur ki, Xorvatiya Avropa İttifaqı ilə münasibətlərimizdə bizə davamlı dəstək göstərir. Ölkə başçımız çıxışında Xorvatiyaya minnətdarlığını bildirərək qeyd etmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə yeni sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyir və bu da tərəflərin əməkdaşlığında çox mühüm mərhələ olacaq. Rəsmi Bakı siyasi, iqtisadi, demokratiya, enerji və nəqliyyat, o cümlədən multikulturalizm məsələlərini əhatə edən hərtərəfli sənədin imzalanmasında maraqlıdır. Prezident İlham Əliyevin dediyi kimi, bu, gələcəkdə Azərbaycan ilə Avropa arasında fəal əməkdaşlığı təmin edəcək mühüm bir sənəd olacaq.
Bir sözlə, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur. Ölkə başçımızın bütün xarici səfərlərində respublikamızın mövqeyi birbaşa xarici tərəfdaşlara çatdırılmışdır. Bu, artıq bir reallıqdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi həm daxili, həm də xarici siyasət ölkəmizə beynəlxalq aləmdə böyük rəğbət qazandırmışdır və rəsmi Bakını regionun fəal aktoruna çevirmişdir. Dövlət rəhbərimizin uğurlu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada iqtisadi və texnoloji baxımdan inkişaf edən, öz ölkəsində islahatlar keçirən bir ölkə kimi tanınır.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin son xarici səfərləri Azərbaycanın hərtərəfli inkişafına daha böyük təsir göstərməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin intensiv inkişafına da güclü impuls verəcəkdir. (“Xalq qəzeti”)

AzNews.az