AQEM-in Baş katibi: Media forumu anlaşmaya aparan körpülərin qurulmasına xidmət edir

"Media forumu anlaşmaya aparan körpülərin qurulmasına xidmət edir".

Aznews.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi AQEM üçün xüsusi əhəmiyyət daşıyır.

Kayrat Sarıbay forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

“Geosiyasi gərginlik, iqlim məsələləri və iqtisadiyyatla bağlı gərginliklərin mövcud olduğu bir mühitdə belə bir forumun keçirilməsi olduqca vacibdir. Çünki belə tədbirlər ya anlaşmanın olmaması məsələsini daha da kəskinləşdirə və dərinləşdirə, ya da anlaşmaya yol açan, anlaşmanı təmin edən körpülər qura bilər”, – AQEM Baş katibi vurğulayıb.

O bildirib ki, qlobal səviyyədə qarşılıqlı anlaşma və əməkdaşlığın təmin edilməsi üçün regional səviyyədə də bu istiqamətdə səylərin artırılması vacibdir.

“Regional səviyyədə hər yolların tapılmasına xidmət edən dövlətlərdən biri məhz AQEM-dir. Bildiyiniz kimi, 28 müxtəlif ölkə AQEM-ə üzv statusu ilə qoşulub. Bizim üçün əsas məsələ müxtəlif təcrübələrə malik, bir-birindən fərqli ölkələrin bu təcrübəni bir araya gətirməsi və müvafiq mübadilə qurmasıdır”, – deyə Kayrat Sarıbay qeyd edib.

AQEM Baş katibi Azərbaycanın təşkilata sədrliyi dövründə əlaqələndirmə və rəqəmsallaşma sahələrində verdiyi töhfələri də xüsusi qeyd edib.

O, media forumunun vaxtında keçirilməsinin əhəmiyyətini vurğulayaraq, belə platformaların müxtəlif ölkələr arasında dialoq, qarşılıqlı anlaşma və etimadın gücləndirilməsinə töhfə verdiyini bildirib.