- Köhnə - Siyasət
- 17 Sentyabr 2018 09:40
- 8 344
“Bakı xilas edilməsəydi, Dərbəndin taleyini yaşayacaqdı”- Anar Turan
Bakının 100 il öncə Nuru paşanın komandanlığı altında qəhrəman Türk Ordusu və Azərbaycan könüllüləri tərəfindən azad edilməsi tariximizin misli görünməmiş səhifələrindən biridir. Əgər, Bakı 100 il öncə azad edilməsəydi Dərbəndin taleyini yaşayacaqdı və indi bu şəhərimiz Rusiyanın tərkibində olacaqdı.
Bu fikirləri aznews.az-a açıqlamasında araşdırmaçı-jurnalist Anar TURAN bildirib.
O qeyd edib k, 1918-ci ildə Azərbaycanda tüğyan edən daşnak və bolşevik kabusu ölkəmizi viran qoymuşdu. Bakı, Şamaxı, Quba, Zəngəzur, Qarabağ bölgələrində daşnakların və bolşevizm pərdəsinə bürünmüş şovinist ermənilərin azərbaycanlılara qarşı soyqırımı baş verməkdəydi. Onminlərlə soydaşımız bu terror aktlarından şəhid edilmişdi. Azərbaycan ərazisinin böyük bir hissəsi Stepan Şaumyanın başçılığı ilə bolşeviklərin, Qərb hissəsində isə daşnak Andronik və Njde qüvvələrinin nəzarətində idi. Belə ağır bir durumda Cümhuriyyətin lideri M.Ə. Rəsulzadə və komandasının dəvəti ilə Osmanlı ordusu Azərbaycana qardaş yardımı göstərdi.
Doğrusu, bu məsələdə Osmanlı dövlətində fikir ayrılığı var idi. Yalnız o vaxtkı müdafiə naziri Ənvər paşa və dəstəkçiləri Azərbaycana ordu göndərmək məsələsində prinsipiallıq göstərdi: “Onun əqidəcə turançı olması, Türk-İslam birliyinin tərəfdarı olması bu məsələdə tərəddütsüz davranmasına rəvac verdi. Bu baxımdan, Qafqaz İslam Ordusunun yaradılması və Nuru paşanın komandan təyin olunması labüdə çevrildi. Üstəlik Azərbaycan tərəfinin Bakının alınması ilə bağlı israrı da davam edirdi. Bakısız Azərbaycanın gələcəyinin olmaması əminliyi artıq bütün milli qüvvələrdə hakim fikrə çevrilmişdi”—deyə araşdırmaçı vurğulayıb.
A.Turan bildirib ki, Bakı neftinin bolşevik-menşevik qüvvələrinin əlində olması, almanların Birinci dünya müharibəsində Osmanlı ilə müttəfiqliyinə baxmayaraq türklərin irəliləməsinə etinasız yanaşması, Rusiyanın cidd-cəhdlə Bakını əldən verməmək üçün atdığı addımlar, müsəlman əhalinin demək olar ki, əsir vəziyyətdə qalması şəhərə hücumu mütləqləşdirdi. Beləliklə, 15 sentyabr tarixində Bakı milli qüvvələrin qəti və əzmkar hücumu nəticəsində bolşevik, daşnak, menşevik ünsürlərdən təmizləndi. Bu zəfər tariximizin ən şanlı səhifələrindən biri kimi əbədiləşdi. Bu zəfər həm də Türkiyə və Azərbaycan qardaşlığının yeni abidəsini yaratdı.
Araşdırmaçı sonda qeyd edib ki, Bakının azad ediməsi Cümhuriyyət ərazisinin bütövlüyünü təmin etdi, Rəsulzadənin təbirincə desək, “başla bədən birləşdi”. Yüz il bundan öncəki zəfər bolşevik qüvvələri tərəfindən şəhərin Rusiyanın tərkibinə qatılması təhlükəsini aradan qaldırdı. Sonradan, Azərbaycanda sovet hakimiyyəti qurulsa da Bakı Dərbəndin, İrəvanın taleyini yaşamadı. Nuru paşa tərəfindən şəhərin xilas edilməsi bu gün onun Azərbaycanın paytaxtı olmasında misilsiz əhəmiyyət daşıyır.
AzNews.az