- Köhnə - Siyasət
- 18 Sentyabr 2018 10:19
- 7 627
“Bundan sonra təkcə biliklər deyil, bacarıqlar da qiymətləndiriləcək...” - Ali məktəblərə qəbul qaydaları dəyişir
"Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişir. Bununla bağlı buraxılış və qəbul imtahanlarının yeni modelinin detalları açıqlanıb". Bu barədə təhsil naziri Ceyhun Bayramov məlumat verib.
Nazirin sözlərinə görə, “Təhsildə keyfiyyət ili”ndə əldə olunan müsbət dinamikanın qorunub-saxlanılması və mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub: “Hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx, əlaqəli şəkildə gələn ilki qəbul imtahanlarının yeni formatı istiqamətində əməkdaşlıq edilir. Qısa olaraq, yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər üç fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə üç fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla, cəmi 700 bal toplaya bilərlər”.
C.Bayramov bildirib ki, yeni modelə əsasən, ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur: “Əvvəlki illərdə məzunlar eyni fəndən iki dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Öncəki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək”.
Ekspertlər qəbul qaydalarında ediləcək bu dəyişikliklərin Azərbaycanda təhsilin inkişafına töhfələr verəcəyini qeyd edirlər.
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, bu il ənənəvi formada sonuncu qəbul imtahanları keçirilib: “Ölkəmizdə 1992-ci ildən etibarən keçirilən qəbul imtahanlarının bu il başa çatdığını demək olar. 2019-cu ildən etibarən ölkədə qəbul imtahanları tamamilə yeni formatda keçiriləcək. Bu da gözlənilən idi. 2008-2009-cu il tədris ilindən etibarən Azərbaycan orta ümumtəhsil məktəbləri yeni təhsil standartı, yeni təhsil strategiyası və kurikulumla tədris prosesini qurmağa başlayıb. İlk dəfə 2008-ci ildə birinci sinfə gedən şagirdlər 2019-cu ildə məktəbi bitirəcəklər. Onların əldə etdiyi biliklər, onlara tətbiq edilmiş metodologiya, qiymətləndirmə meyarları əvvəlkilərdən fərqli idi. Onların da bilik və bacarıqlarını ölçmək üçün yeni qiymətləndirmə alətləri, mexanizmləri tətbiq edilməlidir. Məhz gələn il onların bilikləri kurikulum standartlarının tələblərinə uyğun olaraq yoxlanılacaq. Qeyd edim ki, 2019-cu ildə qəbul imtahanları iki mərhələdən ibarət olacaq. Birinci mərhələ həm də buraxılış imtahanıdır. Əvvəlki illərin məzunları beşinci qrupdan imtahan verəcəklər. Birinci, yəni buraxılış imtahanı yaxud beşinci qrup adlandırdığımız mərhələdə iştirak edənlər minimum 0-300 bal toplamalıdırlar. Bu balı toplamaq üçün onlar Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Rus bölmələri də rus dilindən imtahan verəcəklər. II mərhələdə onlar qəbul imtahanı verəcəklər. Əvvəlki illərdə qəbul imtahanında 700 bal idisə, indi 400 bal olacaq. Digər tərəfdən, əvvəllər beş fənn var idisə, 2019-cu ildən etibarən fənlərin sayı azalıb üç olacaq. Üç fəndən maksimum 400 bal toplanacaq. Təqdim edilmiş test tapşırıqlarının sayında da dəyişiklik var. Belə ki, əvvəllər 125 test tapşırığına abituriyentlər cavab verirdilərsə, indi bu, 90 olacaq, yəni hər ixtisas qrupu daxilindən üç fənn və hər fənn də 30 test tapşırığı olacaq. Test tapşırıqlarının formatında da dəyişiklik edilir. Abituriyentlərə təqdim olunacaq 30 test tapşırığının 22-si qapalı test tapşırığı olacaq. Yəni cavablar A, B, C, D, E variantları ilə iştirakçılara təqdim olunacaq. Beş test tapşırığı açıq tipli olacaq, yəni variantları özü seçib müəyyənləşdirəcək. 3 test tapşırığı isə situasiya tipli olacaq. Burada abituriyentlər cavabları yazılı şəkildə bildirəcəklər. İnsan faktoru bu üç test tapşırığında olacaq. Təbii ki, insan faktorunun qiymətləndirmə texnologiyasının tətbiqi zamanı neqativ hal deməzdim, amma ziddiyyətli məqamlar olacaq. İki ildir 9-cu siniflər üçün buraxılış imtahanında açıq, situasiya tipli test tapşırıqlarının yoxlanılmasında insan faktoru var idi. Ən ciddi problem də buradadır. Bir neçə yüz test tapşırığının yoxlanılması zamanı səhvə yol vermişdilər. Yeni imtahan qaydaları təhsilə hansı töhfələr verməlidir? İmtahanın keçirilməsində həm hədəf, həm də məqsəd var. Məqsəd odur ki, inkişaf artsın”.
Təhsil eksperti onu da qeyd etdi ki, indiyədək Azərbaycanda yaddaş məktəbi olub: “Kimin yaddaşı güclü idisə, kim yaxşı əzbərləyirdisə, o, qəbul imtahanlarında yüksək bal toplayırdı. Bundan sonra yaddaş məktəbindən təfəkkür məktəbinə keçiləcək. Yəni təkcə bilikləriniz deyil, eyni zamanda bacarıqlarınız da qiymətləndiriləcək. Bu günlər qəbul imtahanlarında 650-700 bal toplayanlar heç də savadlı kadrlar deyillər. Onlar özlərini ifadə etmək bacarığına malik deyillər. Situasiyadan çıxmaq kimi bacarıqları belə yoxdur. İndiyə qədər onların yalnız bilikləri yoxlanılırdı. 2019-cu il qəbul imtahanları şagirdlərimizdə yeni bacarıqlar, vərdişlər formalaşdıracaq. Biz kurikuluma keçmişik, amma sənəd üzərində bunu etmişik. Reallıqda bunun orta məktəblərdə ciddi rol oynamadığı göz önündədir. Bunu demək üçün əlimizdə olan əsas odur ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını keçirdi və məlum oldu ki, 35 min şagird ”2" qiyməti alıb. Demək, orta məktəblərdə bu, keyfiyyətli keçirilmir. Deməzdim ki, bu, orta məktəblərdə qiymətləndirmədə neqativ hallara gətirib çıxaracaq. Əksinə, şagirdlərin buraxılış qiymətlərinə maraqları artacaq. İndiyə kimi ali məktəblərə hazırlaşanlar buraxılış imtahanlarını ciddiyə almırdılar. “3 alaq keçək, onsuz da bizə qəbul imtahanı lazımdır” prinsipi ilə məsələyə yanaşırdılar. Amma indi buraxılış imtahanı 300 balla qiymətləndirildiyinə, ali məktəblərə qəbul üçün balın 40%-i orada toplanacağına görə bu məsələyə ciddi yanaşacaqlar. Burada pis vəziyyət 4-cü qruplar üçün olacaq. Digər qruplarda beş fənn olacaq, yəni üç fənn ixtisas qrupunda, üç fənn də buraxılış imtahanında olacaq. Onların arasında təkrarlananları var. Məsələn, riyaziyyat hər ikisində olduğu üçün fənlərin sayı azalır. Üçüncü qrupda Azərbaycan dili var, həmçinin buraxılış imtahanında da həmin fənn var. 4-cü qrupda isə bunlar yoxdur. Çünki onlar bu qrup üzrə fizika, kimya və biologiyadan imtahan verəcəklər, buraxılış imtahanında isə Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Onlarda fənlərin sayı, əksinə, artacaq. İnanıram ki, 26 il ərzində ölkədə qəbul sistemində formalaşmış şəffaf, ədalət prinsipləri bundan sonrakı yeni qəbul qaydaları ilə davam edəcək". (musavat.com)
AzNews.az