Azərbaycan inkişaf edir, Ermənistan isə yoxsul ölkəyə çevrilib - Arzu Nağıyev

Azərbaycan inkişaf edir, Ermənistan isə yoxsul, xarici yardımlar hesabına dolanan ölkəyə çevrilib.

AzNews.az xəbər verir ki, bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev qeyd edib ki, Azərbaycan parlamentinin 100 illiyinə həsr edilmiş təntənəli iclasın keçirilməsi həm dostlara, həm də düşmənlərə bir mesajdır:

"Dostlar təbii ki, Azərbaycanın iqtisadi, siyasi və hərbi sahədə apardığı islahatlara, əldə etdiyi nailiyyətlərə sevinir, düşmənlər isə bundan narahatlıq keçirirlər. Təntənəli iclas Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı verilən qərarların bir davamıdır, bunu həm keçirilən paradlar, həm də tarixi hadisələri gələcək nəsillərə ötürmək istiqamətində atılan addımlar bir daha göstərdi. Bütün bu tədbirlər Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixin göstəricisidir".

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdəki çıxışı bu şərəfli yolun hansı çətinlikdən keçdiyi, bu gün daxili və xarici siyasətdə, eyni zamanda iqtisadi islahatlarla hərbi potensialın daha da güclənməsi ilə bağlı hədəflərin beynəlxalq səviyyədə çatdırılması idi:

"Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prioritet bir istiqamət olduğu bu çıxışda öz əksini bir daha tapdı. Cənab Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaranmayacaq və problemin sülh yolu ilə həllinə tərəfdar olsaq da, torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi potensialımız da var və bu, bir variant kimi aktualdır".

Onun sözlərinə görə, dövlətimizin başçısı öz çıxışında ermənilərdən fərqli olaraq Azərbaycanın qarşısında duran əsas məsələlərin ərazilərimizin işğalçılardan təmizlənməsi, suverenliyimizə və milli təhlükəsizliyimizə olan təhdidlərin qarşısının alınması, iqtisadi layihələrin həyata keçirilməsi və bununla da Azərbaycan vətəndaşının sosial rifahının yüksək səviyyədə təmin edilməsi olduğunu vurğuladı:

"Məhz buna görə də Azərbaycan bütün regional və qlobal iqtisadi layihələrdə aparıcı rol oynayır, beynəlxalq tədbirlərə ev sahibliyi edir və bütün bunlar Ermənistanın iri layihələrdən kənarda qalması, təcrid olması ilə nəticələnir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu gün Azərbaycan bütün sahələrdə, o cümlədən iqtisadi baxımdan inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, xarici vəsait və yardımlar hesabına dolanan ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bir daha göstərdi ki, dövlətimiz Xalq Cümhuriyyəti ənənələrinə daim sadiq qalacaq və bu ənənələri davam etdirəcək".