“Düşənbə razılaşması bir daha Ermənistanın işğalçı olmasını ortaya qoyur” - Sona Əliyeva

“Cənab prezident İlham Əliyevlə Ermənistanın hökumət rəhbəri arasında Düşənbədə keçirilən görüşlərin nəticəsi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə “DQR”-in danışıqlarda üçüncü tərəf kimi çıxış etməsinə səy göstərirdi. Sonra o, öz təcrübəsizliyini boynuna aldı və əvvəllər səsləndirdiyi bəyanatları təkzib etdi. Yəni, münaqişə tərəfi olaraq Ermənistanın və Azərbaycanın danışıqlar masasına oturmasına razılaşdı”.

Bunu açıqlamasında ölkə başçısı İlham Əliyevin Tacikistana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünü şərh edərkən millət vəkili Sona Əliyeva deyib.

Millət vəkili bildirib ki, Azərbaycan artıq bizim regionda söz sahibi kimi üstün mövqedə dayanıb. Ölkəmizin Rusiya ilə münasibətlərnin yüksək səviyyədə olması Dağlıq Qarabağ münaqişəsinin gələcəkdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə müsbət təsir göstərəcək: “Azərbaycandan fərqli olaraq Ermənistanın hazırkı hakimiyyəti Rusiya ilə münasibətlərə önəm vermir. Bu da Paşinyanın təcrübəsiz siyasətçi olmasından qaynaqlanır. Hətta İrəvanla Moskva arasındakı soyuqluğu indi aydın müşahidə etmək mümkündür. Bundan fərqli olaraq Azərbaycanla Rusiya əlaqələri son bir ildə çox sürətli inkişaf yolu keçdi. İki ölkənin prezidentləri bu müddət ərzində dörd dəfə bir araya gəldi. Tərəfdaşlıq və əməkdaşlıq sənədləri imzalandı. Hətta Ermənistanla Rusiyanın münasibətləri əməkdaşlıq əlaqələri kimi təqdim olunsa da, bu birtətəfli və Rusiyanın dominantlığı üzərində qurulan münasibətlərdir. Amma rəsmi Bakı ilə Moskva arasındakı münasibətlər artıq əvvəlki əməkdaşlıq formatından da bir mərhələ üstədir. Artıq ölkəmiz regionda Rusiyanın ən yaxın tərəfdaşına çevrilməkdədir. Rusiya prezidenti Vladirmir Putinin Azərbaycana səfəri, Azərbaycan-Rusiya Ticarət Forumunda iştirak etməsi, oradakı nitqi şimal qonşumuzun öz seçimində Azərbaycana üstünlük verməyə başladığını söyləməyimizə əsas verir. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə böyük ümidlər yaradır. Güman edirəm ki, bundan sonrakı sülh danışıqları mərhələsində də Azərbaycan öz üstünlüyünü davam etdirəcək”.

Sona Əliyevanın sözlərinə görə, Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı tez-tez fikrini dəyişməsi onun təcrübəsizliyindən qaynaqlanır. Paşinyanın sonda danışıqların əvvəlki formatda davam etdirilməsi məsələsində Azərbaycan tərəfi ilə razılığa gəlməsi bir daha Ermənistanın əsas işğalçı tərəf olmasını ortaya qoyur: “Təbii ki, “DQR”-in danışıqlarda iştirakı yolverilməzdir. Azərbaycan heç vaxt “Dağlıq Qarabağ Respublikası” ilə bir masa arxasında oturmayacaq. Çünki Azərbaycanın ərazi bütövlüyü pozulub və ölkəmizin işğal olunmuş əzəli və əbədi torpaqlarında saxta dövlət qurulub. Bizim saxta erməni dövləti ilə razılığa gəlməyimiz heç bir halda mümkün deyil. Nikol Paşinyan da bunu gec-tez anlamalıdır. Bütün beynəlxalq təşkilatlar, qurumlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı qərarlar, qətnamələr qəbul ediblər. Paşinyan hökümət başçısı kimi həmin qərarların qəbul olunmasına çalışmalıdır. O, yaxşı bilir ki, işğal etdikləri torpaqlar Azərbaycan ərazilərdir. Ona görə də Paşinyanın bu istiqamətdə səsləndirdiyi əks fikirlər dünya miqyasında qəbul oluna bilməz”.(hafta.az)

AzNews.az