Milli Şuradan Mirmahmud Mirəlioğluna veto

Bildiyimiz kimi, dünən Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuraya namizədlər siyahısını açıqlayıb.

Bu barədə partiyanın yaydığı məlumatda deyilir ki, KXCP milli birlik modeli kimi təklif olunan, Azərbaycanda dövlətçilik ənənələrini, xüsusilə də 1918-ci ildə yaradılmış, 1991-ci ildə bərpa edilmiş çağdaş dövlətçiliyimizin prinsiplərini özündə ehtiva edən tarixi, hüquqi, milli və əxlaqı dəyərləri əsas götürərək demokratik qüvvələri bir araya gətirəcək Milli Şuranın aşağıdakı tezislər əsasında formalaşmasını təklif edir.

KXCP təklif edib ki, Milli Şura istiqlalçı millət vəkillərindən, müstəqillik dövründə demokratik düşərgədən Milli Məclis üzvü seçilmiş millət vəkillərindən, son parlament seçkilərində demokratik düşərgədən iştirak edən və Avropa İnsan Haqları Məhkəməsi tərəfindən pozulmuş haqları tanınan namizədlərdən, siyasi partiya, QHT nümayəndələri, ziyalılar, tanınmış elm-mədəniyyət xadimlərindən ibarət olmaqla, 125 nəfərdən təşkil olunsun.

Partiyanın təklif etdiyi siyahıda KXCP sədri Mirmahmud Mirəlioğlu ilə yanaşı, həmçinin, xalq artisti Flora Kərimovanın da adı var.

Məsələ ilə bağlı AzNews.az-a daxil olan məlumatda isə bildirilir ki, Milli Şuranın təsisçiləri qurumda görmək istədikləri şəxslərin siyahısını artıq yekunlaşdırmaq üzrədirlər. Təsisçilərin də bir neçə dəfə elan etdikləri kimi Milli Şura mayın 28-də elan ediləcək. Əldə etdiyimiz məlumatda qeyd edilir ki, şuranın potensial üzvlərinin arasında KXCP-nin təklif etdiyi namizədlərdən bəziləri olsa da, yekun siyahıda, hətta Mirmahmud Mirəlioğlunun özünün belə adı yoxdur. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, əslində KXCP sədrinin özü də adının Milli Şuraya daxil edilməyəcəyini yaxşı bilir. Buna görə də bir neçə gün əvvəldən Milli Şurada iştirak etməyəcəklərini açıqlamaq zərurəti hiss edib. Mənbə deyir ki, partiyanın yaydığı Milli Şuraya namizədlər siyahısı da onun özünü yada salmaq cəhdidir.

Onu da qeyd edək ki, KXCP-nin təklif etdiyi siyahıda adı olan xalq artisti Flora Kərimova da Milli Şuranın təşəbbüskarlarının ilkin siyahısına düşməyən şəxslərdəndir.

Bahar Rüstəmli
AzNews.az