Rəsul Quliyevin partiyasından Milli Şuraya şərt

"Mayın 14-dən bəri Milli Şuranın təşəbbüsçüləri ilə müzakirələrimiz başlayıb. Bu müzakirələr hələ də davam edir. Milli Şuraya bizi də dəvət ediblər. Hələ ki, yaranacaq bu quruma qoşulmaq haqda qərarımızı verməmişik. Yaxın günlərdə yekun qərarımızı bildirəcəyik".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib. Partiya sədri bildirib ki, Milli Şuraya bəzi şərtləri var: "Bizim bəzi şərtlərimiz, təkliflərimiz var. Ancaq bunlar qapalı danışıqlarda bəhs edilən mövzular olduğu üçün mətbuata açıqlamağa ehtiyac görmürəm".

Partiya sədri bildirib ki, hazırda onlarla Milli Şuranın təşəbbüsçüləri arasında danışıqlar davam edir. Danışıqların nə ilə yekunlaşacağını isə indidən demək mümkün deyil.

Qeyd edək ki, ACP-nin təsisçisi Rəsul Quliyev ötən həftə bildirmişdi ki, o, Milli Şuraya dəvət alsa da, bu quruma qatılmayacaq. Mühacir siyasətçi bununla belə, Milli Şura yaranacağı təqdirdə onun fəaliyyətini dəstəkləyəcəklərini qeyd etmişdi.

Anar
AzNews.az