Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonunun saxlanılması qəbuledilməzdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonunun saxlanılması qəbuledilməzdir

“Təəssüf ki, hələlik nəticə əldə edə bilməmişik“

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonunun saxlanılması qəbuledilməzdir



Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə fəal cəlb olunub:

"Təəssüf ki, hələlik nəticə əldə edə bilməmişik. Torpaqlarımız indiyədək işğal altındadır. Ümid edirik ki, beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə səyləri işğala son qoyacaq və insanlarımızın doğma torpaqlarına qayıtmasına imkan verəcək".

İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi təkcə beynəlxalq hüququn kobud şəkildə pozulmasının təzahürü deyil, həmçinin regionda sabitlik və təhlükəsizliyə əsas təhdidlərdən biridir: "Sizə deyə bilərəm ki, hələ SSRİ-nin dağılmasınadək, 1980-ci illərin sonlarında erməni separatçıları Ermənistanın dəstəyilə Azərbaycana qarşı bu əsassız iddiaları irəli sürməyə başladılar. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra biz ağır dövr yaşadıq, həmin zaman iqtisadi və siyasi xaos, iqtisadi və sənayenin tənəzzülü, eyni zamanda Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə başa çatan erməni təcavüzü dövrü idi".
Prezidentin sözlərinə görə, ATƏT işğal edilmiş ərazilərə iki dəfə qiymətləndirmə missiyasını göndərib və onun məlumatında aydın şəkildə deyilir ki, Azərbaycanın bütün infrastrukturu, tarixi abidələri Ermənistanın işğalçı ordusu tərəfindən dağıdılıb.

Dövlət başçısı deyib ki, Azərbaycan xalqı, həmçinin 1992-ci ildə Xocalı soyqırımından əziyyət çəkib: "Günahsız insanlar - qadınlar, uşaqlar Ermənistan ordusu tərəfindön qətlə yetirilib. Və hazırda dünyanın 4 ölkəsi Xocalı qətliamını soyqırım kimi tanıyıb. Bundan əlavə, ABŞ-ın bəzi ştatları da bu addımları atıblar".

Prezident qeyd edib ki, münaqişənin tezliklə nizamlanması ilk növbədə ədaləti və beynəlxalq hüququ bərpa edəcək, çünki BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyri-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "Münaqişənin həll edilməsi regionun gələcəyini müəyyənləşdirəcək, regional təhlükəsizliyi, sabitliyi gücləndirəcək və Cənubi Qafqaz tam inteqrasiya etmiş olacaq".

Dövlət başçısı deyib ki, Azərbaycanın inkişafının müsbət nümunəsi sabitlik, proqnozlaşdırılan siyasət, gələcəyi aydın şəkildə görmək və əməkdaşlığı yaxşılaşdırmaq cəhdlərinin olduğu zaman sənin uğur qazanacağının real göstəricisidir.

AzNews.az