Milli Şuranın vahid namizədi bəlli oldu - EKSKLÜZİV

“BU YÜKÜN ALTINA GİRƏ BİLƏRƏM”


Milli Şuranın 2013-cü il prezident seçkilərində namizədi Turan İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyev ola bilər.

Bu barədə AZNEWS.AZ-a Milli Şuradakı etibarlı qaynaqlardan məlumat daxil olub.

Mənbənin sözlərinə görə, vahid namizəd məsələsində ortaq məxrəcə gəməkdə çətinlik çəkən siyasi partiya liderləri qeyri-partiyaçı bir şəxsin namizədliyi üzərində düşünməyə başlayıb. Məlumatda bildirilir ki, Milli Şurada toplanan siyasi partiyalar və onların liderlərinin bir-birilərinə olan münasibəti hər kəsə xeyli dərəcədə bəlli olduğundan bu qurumdakı siyasilərin qarşılıqlı güzəştə gedə biləcəyi ehtimalının zəifliyi kənar bir şəxsin namizəd olmaq ehtimalını qüvvətləndirir.

Mənbə deyir ki, hazırda Milli Şurada vahid namizədlik üçün ən güclü şəxslər kimi görünən İsa Qəmbər və Əli Kərimlinin bir-birinə heç bir halda güzəştə getmək fikrində olmadığı və bu məsələnin hər iki liderin rəhbəri olduğu partiyalarda da kəskin etirazla qarşılanacağı gözlənilir: "İsa Qəmbər və Əli Kərimlinin, həmçinin, müsavatçılarla cəbhəçilərin aralarındakı soyuq müharibəni və zorakı müttəfiqliyini nəzərə aldıqda, adı çəkilən liderlərin vahid namizəd məsələsində bir-birinə güzəştə getməyəcəkləri bəllidir. Bu baxımdan, hazırda hər iki liderə və onların partiyalarına uyğun, kənar bir şəxsin namizədliyi üzərində köklənməkdir".

Məlumatda bildirilir ki, hər iki lider bu varianta getməyə hazırdırlar: "Həm İsa bəy, həm də Əli bəy namizədliyi bir-birinə güzəştə getməkdənsə, bunu üçüncü şəxsə güzəştə getməyi üstün tuturlar. Bu baxımdan Milli Şuranın namizədinin qurumun təşəbbüsçülərindən birinin deyil, kənar bir şəxsin olması ehtimalı güclüdür".

Mənbə deyir ki, hazırda Milli Şurada vahid namizəd məsələsində bütün partiyaların və təşkilatların namizədliyini dəstəkləyəcəyi ən ciddi fiqur Mehman Əliyevdir: "Mehman Əliyev heç bir siyasi partiyaya xüsusi yaxınlığı ilə seçilmir. Düzdür, onun müəyyən qədər İsa Qəmbərə simpatiyası olduğu bəllidir. Ancaq bugünə qədər kifayət qədər obyektiv şəxs imici yaradan M.Əliyevlə bağlı belə bir problemin yaşanacağını düşünmürəm".

Məlumatlı şəxsin sözlərinə görə, Milli Şuranın vahid namizədi qurumun ideya müəllifi Rüstəm İbrahimbəyov da ola bilər, ancaq bu ehtimal Mehman Əliyevdən qat-qat azdır: "R.İbrahimbəyovun Rusiya hakimiyyəti ilə bağlılığının olduğu iddiaları, həmçinin, onun ikili vətəndaşlığının olması barədə deyilənlər xalq yazıçısının vahid namizəd olma ehtimalını azaldır. Milli Şuranın üzərindən "Rusiya projesi" yarlığını götürmək üçün İbrahimbəyovun namizədliyi hazırda qurumdakı liderlər tərəfindən müzakirəsi təxirə salınmış məsələ kimi görünür".

Mənbənin sözlərinə görə, M.Əliyevin vahid namizəd olma ehtimalını gücləndirən amillərdən biri də onun adının bu cür məsələlərdə hallanmamağıdır: "Hətta M.Əliyevin Qərbə və Qərb dəyərlərinə yaxın biri olması onun namizəd olma ehtimalını xüsusilə vacib amilə çevirir. Bu halda Milli Şura üstündə "Rusiya kölgəsi" də aradan qalxmış olacaq".

Yeri gəlmişkən, İsa Qəmbər son müsahibələrinin birində bildirmişdi ki, vahid namizəd - heç bir partiya mənsubiyyəti olmayan intellektluallardan biri də ola bilər.

Məsələ ilə bağlı AZNEWS.AZ-a münasibət bildirən M.Əliyev deyib ki, prezident seçkilərində müxalifətin vahid namizədi olması ilə bağlı təklif ona hələ 2006-cı ildə də gəlib: "Mənə o vaxtı da 2008-ci il seçkilərində müxalifətin vahid namizədi olmaq təklif edilmişdi. Ancaq sonradan müəyyən məsələlər alınmadı və sonda müxalifət ümumiyyətlə, seçkini boykot etdi".

M.Əliyev deyib ki, Milli Şura daxilində vahid namizədlik üçün kifayət qədər layiqli adamlar var, ancaq bu iş ona tapşırılacağı təqdirdə də məsuliyyəti üzərinə götürməyə hazırdır: "Əgər ümumi maraqlar üçün bu lazımdırsa, mən bu yükün altına girə bilərəm".

Anar
AzNews.az