Aydın Quliyev: “Müxalifət xeyli zəifləyib“- Müsahibə

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin AzNews.az-a müsahibəsi

- Aydın bəy, çoxdandır görünmürsünüz, yoxsa bizə elə gəlir?

- Fəaliyyətdə olan qəzetin baş redaktorunun görünmədiyini deyənlərlə razılaşa bilmərəm. Uzun illər siyasi partiya funksioneri kimi tanınmışam. Siyasi partiya funksiyoneri olanda insanın hərəkətləri, fəaliyyəti daha çox göz qarşısında olur. Amma baş redaktor kimi fəaliyyətin əsas bir cəhəti var, o da hansısa intervalda çıxan qəzeti oxuculara çatdırmaqdır. Artıq siyasi partiya funksioneri kimi fəaliyyət göstərmirəm, ancaq "Bakı xəbər" qəzetinin baş redaktoruyam. Bu qəzet gündəik çap olunur və hesab edirəm ki, gündəlik qəzetin baş redaktorunun fəaliyyətinin əsas göstəricisi qəzetin gündəlik nəşrini təmin edə bilməsidir. Bu mənada hesab edirəm ki, mən varam və fəaliyyət göstərirəm.

- Çəkildiyiniz o yerdən baxanda ölkədəki siyasi vəziyyət necə görünür?

- Siyasi mühitə indi ancaq müşahidəçi gözü ilə baxıram. Əlbəttə 7-8 il əvvəllə müqayisədə siyasi mühitdəki aktivlik xeyi azalıb, qüvvələr nisbəti dəyişib. İqtidar və müxalifətin qüvvələr nisbətində xeyli dəyişiklik baş verib. 8 il əvvəl cəmiyyətdə müəyyən qədər aktiv idisə və bunu daha çox müxalifətin tərəfində nümayiş etdirirdisə, indi cəmiyyətin də mövqeyində nəzərəçarpan dəyişiklik var . Cəmiyyətə də bir qüvvə kimi baxsaq, qüvvələr balansı hakimiyyətin xeyrinə çox dəyişib. Siyasi mühitdəki durğunluğu bununla izah edirəm.

- O zaman sizin Milli Şuraya da ümidiniz olmaz.

- Siyasi partiya funksioneri olmadığıma görə siyasi partiyaların, qüvvələrin hər hansı biri ilə bağlı son 7-8 ildə böyük ümidlə yaşamamışam. Bu gün də onların hansısa birinə ümid kontekstindən yanaşmıram. Milli Şuranın da fəaliyyətinə kifayət qədər nikbin baxmıram. Milli Şuranın fəaliyyətini müşahidəçi kimi yaxından izləsəm də, az əvvəl dediyim kimi ölkədə qüvvələr nisbəti Milli Şuranın xeyrinə deyil. Beynəlxalq miqyasda yanaşma, Azərbaycanla bağlı gedən proseslərər təsir göstərmək baxımından da Milli Şuranın perspektivlərini ümumiyyətlə görmürəm. Amma hər halda Azərbaycan müxalifət düşərgəsində son illərdə fərqli format olaraq meydana çıxıb. Bəzi adamlar ona ümidlə yanaşsalar da, mən ümumi vəziyyəti təhlil edib belə nəticəyə gəlirəm ki, budəfəki seçkilərdə də Milli Şuranın heç bir perspektivi olmayacaq. Əlbəttə bu kimlərisə ruhdan salmaq və ya tənqid etmək məqsədilə söylənən fikir deyil. Mən real vəziyyətin praqmatik təhlili ilə belə qənaətə gəlmişəm. Mili Şura son illərin tam yeni formatı kimi meydana çıxsa da perspektivləri yetərli deyil.

- Aydın bəy, uzun illərin baş redaktoru kimi mətbuatın gələcəyindən ümidlisiz, yoxsa?

- Mətbuatla bağlı müsbət proseslər var. Azərbaycan mətbuatı dünyanın əsas ölkələrindən, MDB məkanından tam fərqli model kimi formalaşıb. Bu modelin özünəməxsus xüsusiyyətləri var. İlk dəfə olaraq MDB məkanında mətbuata dövlət dəstəyi artıq real işlək mexanizmə çevrilib. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun rəhbərliyi və şəxsən Vüqar Səfərlinin intensiv əməyi ilə fond artıq işlək mexanizmə çevrilib. Bunun sayəsində dövlət mətbuatın əsas lobbisinə, əsas himayədarına çevrilib. Digər tərəfdən mətbuatda bir həmrəylik var. Məsələn, 7-8 il əvvəl bundan danışmaq çətin idi. Bu gün yönümündən asılı olmayaraq mətbuat orqanları müəyyən prinsiplər ətrafında həmrəy qüvvə kimi fəaliyyət göstərir. Dövlətçilik, milli təhlükəsizlik prinsipləri ilə bağlı mətbu orqanlar arasında birlik var. Mən bunu yüksək qiymətləndirirəm. Mətbuat Şurasının timsalında mətbuatın özünü tənzimləmə mexanizmi quruub. Əgər MŞ yarandığı ilk dövrdə cəmiyyət və mətbuat arsında, dövlət məmurları ilə mətbuat arasında münasibətləri tənzimləyirdisə, indi artıq bunu bacarıqla həyata keçirib. Son qurultaydan sonra MŞ qarşısında tarixi missiyanın yeni bir mərhələsi dayanır. Bu mərhələdə də MŞ yəqin ki, öz vəzifələrini dəqiq müəyyənləşdirəcək və mənim fikrimcə, bu mərhələdə əsas vəzifəsi mətbuatın inkişafına mane olan neqativ tendensiyaları vaxtında müəyyən etmək, müsbət tendensiyaları inkişaf etdirmək olacaq. Yəni bunların hər biri ilə bağlı dövlət, hakimiyyət qarşısında məsələ qaldırmaq, problemləru həll etmək, KİV Fondunun xətti ilə yeni modellər hazırlamaq və həyata keçirmək. Düşünürəm ki, qurultayda seçilən yeni rəhbərlik bu missiyanın da öhdəsindən layiqincə gələcək. Mətbuatda çoxlu müsbət tendensiyalar var. Bunlar mətbuatın gələcək bir neçə ildəki mənzərəsinin daha perspektivli, stabil olduğunu söyləməyə əsas verir. Jurnalistlərin sosial problemlərinin həllinə dəstək-mənzil verilməsi də artıq reallaşıb. Növbəti 2 ildə daha bir bina tikiləcək. Bu mətbuatdakı vəziyyətin ümidsiz olmadığını söyləməyə əsas verir.

- Belə çıxır ki, ev alan jurnalistlər bundan sonra daha yaxşı yazacaq? Yəni mənzil onlara yaxşı yazmaq üçün stimul verəcək?

- İlk növbədə ev alıb almamağından asılı olmayaraq jurnalist peşə etikasını və vətəndaş mövqeyini itirməməlidir. Ev alıb- almamasından asılı olmayaraq jurnalistlər peşə etikasına sona qədər əməl etməlidirlər. Bu mənzillər veriləndən sonra da jurnalistlər fəaliyyətlərini bu istiqamətdə davam etdirməlidirlər. Mənzil alan jurnalisti heç kəs məcbur etməyəcək ki, hakiliyyətin fəaliyyətini tərifləsin. Tənqidi mövqeyini davam etdirən jurnalistin də mənzilini heç kəs əlindən almayacaq. Mənzillərin jurnalistikada kursun müəyyənləşdirilməsi baxımından heç bir təsirini gözləmirəm. Bu ilk növbədə jurnalistlərin bir redaksiyada daha oturaq olmasına şərait yaradacaq. İndiyə qədər jurnalistlər redaksiya arasında yerdəyişmə ilə məşğul olublar.

- Bu, jurnalistin evsizliyindən doğan bir məsələ olmayıb axı, bu jurnalistlərin biz az azad insan olmasından irəli gəlir.

- Bəli, bunu başa düşürəm. Redaksiyaları tez-tez dəyişmək təkcə yaradıcılıq mühitindəki şəraitlə bağlı olmur, düzdür, bu da var. Amma jurnalistlər istənilən mətbuat orqanında özünə azad fəaliyyət imkanı tapa bilər. Qəzetlərin çoxunda azad yaradıcılıq mühiti var. Sadəcə jurnalistlərin çoxu tez-tez redaksiya dəyişirdilər və bu, mənzil məsələsində onları pis vəziyyətdə qoydu. Ona görə də bu, jurnalistlərin redaksiyalarda daha oturaq həyat tərzinə keçməsində bu çox böyük rol oynayacaq. Digər tərəfdən də əlbəttə, jurnalistin yaradıcılığının yüksək səviyyədə özünü göstərməsi üçün mənzil şəraitinin də təsiri var. Mən bütün mənzil alan jurnalistləri təbrik edirəm, almayan jurnalistləri də ümidsizlikdən çəkinməyə çağırıram. Hələ qarşıda uzun bir yol var və növbəti bina da istifadəyə veriləcək.

- "Bakı xəbər"dən mənzil alan oldumu?

- Bizdən iki nəfər ev aldı. Bir neçə baş redaktorla birgə mənə də ev hədiyyə olunub. Müavinim Samirə Səfərova da ev alanlar siyahısındadır.

Elnarə Əlosmanqızı
AzNews.az