YAP prezident seçkilərinin oktyabrın 9-na təyin edilməsinə münasibət bildirdi

"Mərkəzi Seçki Komissiyasının Azərbaycanda növbəti prezident seçkilərini oktyabrın 9-a təyin etməsi seçki öncəsi dövrdə yeni bir səhifə açdı. Artıq iddialı olan hər bir siyasi qüvvə qanuna uyğun olaraq öz təşkilatı işlərini görməlidir".

AzNews.az-ın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib. O deyib ki, MSK çox düzgün olaraq, seçki gününü bayram günündən başqa bir günə keçirdi: "Seçki gününün qanunla nəzərdə tutulmuş oktyabrın 15-dən sonraya keçirilməsi müəyyən dairələrin narazılığına, hakimiyyəti əsassız ittihamına səbəb ola bilərdi. Bu halda isə səlahiyyətli orqan hər bir namizəd üçün bərabər şərait yaratmış oldu".

A.Mirzəzadənin sözlərinə göər, prezidentliyə namizədlərin adları artıq cəmiyyətə təxmini məlumdur: "Bunlar fərdi şəxslərdən çox, ölkənin tanınan siyasi partiyalarını təmsil edərək, seçkidə bir daha öz sosial bazasını müəyyənləşdirə biləcəklər".

Deputatın fikrincə, seçkinin ilk özəllikləri də artıq məlumdur: "ATƏT Parlament Assambleyası və Avropa Parlamenti builki seçkilərə öz müşahidəçilərini göndərməməyi qərara alıb. Bu, Azərbaycan demokratiyasının qazandığı etimad və seçki təcrübəmizin Avropada qəbul edilməsidir. Heç şübhə yoxdur ki, dövlətimiz oktyabr seçkisində demokratiya sınağından yenidən uğurla çıxacaq. Bu, təkcə siyasi qüvvələrin deyil, həm də vətəndaşlarımızın sınağıdır. Seçkiyə münasibət, onun aliliyinin qorunması dövlət müstəqilliyimiziin qorunması, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi demək olacaq".

Anar
AzNews.az