İctimai Palatadan Milli Şuraya ittiham: “Eldar Namazovun legitimliyini tanımıram”

"Milli Şuranın bir nəfərin - Eldar Namazovun xəttiylə getməsi düzgün deyil. Bəli, Eldar Namazov çox işləyir, onun zəhmətini qiymətləndirmək lazımdır, ancaq tək adam bu boyda orqanizmini idarə edə bilməz".

AzNews.az-ın məlumatına görə, bu sözləri "bizimyol"a müsahibəsində İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Milli Şuranın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamal deyib.

Milli Şuradakı idarəçilikdən şikayətlənən V.Mirkamal bildirib ki, qurum yaranandan bəri nə ayağı, nə də başı var: "Balığın bir ayağı olar üzmək üçün, başı da olar ki, görə bilsin. Milli Şura da bir bədən kimi yaranıb, yerlərdə təşkilatın üzvü yoxdur. Mən hələ o zaman təklif etdim ki, İctimai Palata 2 ildir yaranıb, artıq 65 rayon təşkilatı var, buna görə həmin qüvvələr Milli Şuraya dəstək versinlər, yəni birbaşa özlərini qurumun üzvü elan etsinlər".

O bildirib ki, Rusiya Rüstəm İbrahimbəyovu vətəndaşlıqdan avqustun 15-nə qədər çıxartmırsa, o, Bakıya gəlib Milli Şuranın qarşısında çıxış edib, öz namizədini göstərməlidir. Bununla da qurum öz namizədiylə seçkiyə getməlidir.

V.Mirkamalın sözlərinə görə, R.İbrahimbəyovun namizədliyi irəli sürüləndə onun Rusiya vətəndaşlığı olması haqqında MŞ üzvlərində məlumat olmayıb: "Rüstəm müəllim vahid namizəd olandan 3 gün sonra məlum oldu ki, onun əlində Rusiya pasportu var. Əgər biz hüquqşünaslar əvvəlcədən bu barədə məlumatlı olsaydıq, ona məsləhətlərimizi verərdik.

Çünki Milli Şura layihəsi ortalığa çıxanda artıq onun namizəd olacağını bilirdik. Hərçənd ki, vahid namizəd məsələsi o zaman müzakirə olunmamışdı. Əslində, Milli Şura Rüstəm İbrahimbəyovun təşəbbüsüylə yaradılmış konfiqurasiyadır, bura başqa şəxsin namizədliyi sığışmır. Əgər 2 ay əvvəl bizə deyilsəydi, indiki narahatçılıq yaşanmazdı".

Hüquqşünas bildirib ki, Milli Şura idarəolunan təşkilat olmalıdır, sessiyalar arası isə idarə olunmadan gedir: "Məsələn, iki-üç nəfər, bir də Eldar Namazov, mən bunun legitimliyini tanımıram. Bir çox hallarda buna qarşı çıxmışıq da. Nəhayət, Tiflis toplantısında Rüstəm İbrahimbəyovu inandıra bildik ki, idarə edən qurum yaranmalıdır, o, Məşvərət Məclisinin yaradılması haqqında göstəriş verdi. Baxın, komissiyalar yaransa da, tərkibləri yoxdur".

V.Mirkamal deyib ki, Rüstəm İbrahimbəyovla məsləhətləşəndən sonra Milli Şura yeni namizəd irəli sürməlidir, əgər Müsavat başqanı İsa Qəmbər bu variantla razılaşmazsa, özü seçkiyə gedəcək və o, Milli Şuranın namizədi olmayacaq.

V.Mirkamalın ittihamlarına cavab verən MŞ icra aparatının üzvü Eldəniz Quliyev isə bildirib ki, Milli Şurada Eldar Namazov adlı xətt yoxdur: "Eldar Namazov Milli Şuranı yaradanlardan biri və bəlkə də birincisidir. Ancaq bu qurumda Eldar Namazov deyə xüsusi bir xətt yoxdur. Ancaq məsələ burdadır ki, Milli Şuranın bir ana xətti var və o ana xəttin qorunması üçün bir sıra adamlar məsuliyyət daşıyır. Onlar arasında Eldar Namazov, partiya sədrləri, həmçinin, Milli Şuranın komissiya sədri kimi, elə Vidadi müəllimin özü var".

E.Quliyev onu da deyib ki, MŞ-də təmsil olunan şəxslərin hamısı ölkədə kifayət qədər tanınan və ictimai nüfuza sahib olan, fərqli dünyagörüşlərinə sahib adamlardır. Bu baxımdan kiminsə ağzını bağlamaq və onun Milli Şura adından danışmasını əngəlləmək olmaz.

Anar
AzNews.az