Əli Əliyevin seçki qərargahı yaradıldı

Vətəndaş və İnkişaf Partiyası (VİP) prezidentliyə namizəd Əli Əliyevin Seçki Qərargahının yaradılması ilə bağlı qərar qəbul edib.

Partiyadan AzNews.az-a verilən məlumata görə, qərar Siyasi Şurasının iclasında qəbul olunub: "İclasda ölkədəki ictimai-siyasi vəziyyət, VİP-in prezident seçkilərinə hazırlıq istiqamətində fəaliyyəti və cari məsələlər müzakirə olunub.

VİP sədri Əli Əliyev, hakimiyyətin və müxalifətin seçki hazırlıqlarını təhlil edərək, VİP-in bu çərçivədə tutduğu mövqenin özünü tam doğrultduğunu bildirib" . VİP sədrinin müavini Ramil Hüseynov partiyanın seçkilərə hazırlıqla bağlı həyata keçirdiyi fəaliyyətin nəticələrini diqqətə çatdırıb. Hazırlıq prosesinin nəzərdə tutulan tempdə davam etdirildiyini vurğulayan R.Hüseynov bu ərəfədə tələb olunan zəruri işləri sadalayıb.

Müzakirələr zamanı ölkənin konkret regionlarında VİP-in seçki fəaliyyətini kurasiya edəcək Siyasi Şura üzvləri arasında bölgü aparılıb. İclasda VİP sədri, prezidentliyə namizəd Əli Əliyevin Seçki Qərargahı yaradılması ilə bağlı qərar qəbul olunub. Siyasi Şuranın üzvü Bilur Hümbətov Əli Əliyevin Seçki Qərargahının sədri təyin edilib. Cari məsələlərin müzakirəsi zamanı VİP nəzdində yaradılmış Bakı Kəndlər İcmasının (BKİ) təqdimatı əsasında şair Rüstəm Behrudinin Bakı haqqında yazıb dərc etdirdiyi qeyri-məqbul şeir müzakirə olunub. R.Behrudinin ölkə daxilində milli həmrəyliyə zərbə vuran həmin əsəri pislənilməklə yanaşı, şairin üzrxahlıq etməsi də nəzərə alınıb.

Elnur
AzNews.az