Liderlərin toplantısında “narazı dördlük” qalib gəldi; Ehtiyat namizəd seçilmir– YENİLƏNİB

Milli Şura rəhbərliyində təmsil olunan 6 partiya və hərəkatın rəhbərlərindən ibarət keçirilən qapalı görüş başa çatıb.

Görüşdə AXCP, Müsavat, ACP, KXCP və ALP, həmçinin, "El" Hərəkatının sədrləri iştirak edib. Görüşün yekunları ilə bağlı heç bir məlumat verilməyib.

Axşam saatlarında "El" sədri Eldar Namazov jurnalistlər üçün brifinq keçirəcək və bugünkü görüşün yekunları ilə bağlı açıqlama verəcək. Toplantıda iştirak edən şəxslərdən birindən əldə etdiyimiz məlumata görə, liderlərin görüşündə konkret nəticə əldə edilməyib. Belə ki, məlumata görə, Milli Şuranın sonuncu sessiyasında qəbul edilən quruma yeni ehtiyat namizədin seçilməsi məsələsi öz həllini tapmayıb. Xəbər verilir ki, bu məsələ ümumiyyətlə ciddi şəkildə müzakirəyə çıxarılmayıb. Görüş iştirakçısının sözlərinə görə, toplantıdan qalib çıxan tərəf ötən sessiyadan narazı qalan tərəflər – "narazı dördlük" olub. Belə ki, toplantının yekununda qərara alınıb ki, Milli Şura özünə yeni vahid namizəd seçməsin və bu ayın sonuna qədər Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə edilsin. Ayın sonuna qədər R.İbrahimbəyovun sənədləri qaydasına düşməyib, ölkəyə qayıtmasa, o zaman bu məsələyə yenidən baxılacaq.


12:44***

Milli Şura liderləri təcili toplanır - EKSKLÜZİV

Bu gün saat 13:00-da Milli Şura rəhbərliyində təmsil olunan 6 partiya və hərəkatın rəhbərləri qapalı görüş keçirəcək. Görüşdə AXCP, Müsavat, ACP, KXCP və ALP, həmçinin, "El" Hərəkatının sədrləri iştirak edəcək.

Bu barədə AzNews.az-a daxil olan məlumata görə, görüş MŞ-in sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun evində baş tutacaq. Əldə etdiyimiz məlumata görə, AXCP və Müsavatdan başqa, yerdə qalan digər qurumlar Milli Şuranın sonuncu iclasında səsvermə nəticəsində qəbul eidlən qərarla razılaşmaq niyyətində deyillər. Bu səbəbdən də görüşün hədsiz gərgin keçəcəyi gözlənilir.

Xatırladaq ki, MŞ-in sonuncu sessiyasında qurumun özünə yeni vahid namizəd müəyyənləşdirməli olduğu ilə bağlı qərar qəbul edilib. AXCP və Müsavat rəhbərləri MŞ-in təcili sessiyası keçirərək, yeni namizədi müəyyənləşdirməli olduğunu bildiriblər. Bugünkü görüşün keçirilməsi ilə bağlı təklifi də onlar edib. Liderləri bir yerə Eldar Namazov toplasa da, təşəbbüs müxalifətin iki aparıcı təşkilatının rəhbərlərindən - İsa Qəmbərdən və Əli Kərimlidən gəlib

Məlumatlı mənbə deyir ki, AXCP və Müsavat rəhbərləri iddia edir ki, "El" hərəkatı və hərəkat sədri Eldar Namazovun bu məsələdə mövqeyindən çox şey asılı olacaq. Onlar bu barədə Namazovun özünə də deyiblər və yaranmış böhranlı vəziyyətdən çıxış etmək üçün Eldar Namazova üz tutublar.

Elnur
AzNews.az