Zahid Orucun namizədliyi qeydə alındı

Milli Məclisin deputatı Zahid Orucun prezidentliyə namizədliyi qeydə alınıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova məlumat verib ki, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.

MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, Z. Orucun qeydiyyatı ilə bağlı təqdim etdiyi sənədlər araşdırılıb. Onun namizədliyinin qeydə alınması üçün 73 seçki dairəsi üzrə 44 000 imza toplanıb. Yoxlama zamanı 40 272 imza etibarlı hesab olunub.

Arifə Muxtarova əlavə edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün, onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də Zahid Orucun namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilir.

Sonra MSK açıq səsvermə yolu ilə Z. Oruc namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Qeyd edək ki, buna qədər MSK tərəfindən prezident İlham Əliyevin və Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyi qeydə alınıb.

AzNews.az