Fazil Mustafa: “Cəmiyyətin əsas hissəsi seçki ilə maraqlanmır” - Müsahibə

"Müxalifətə səs verəcəyəm"

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın AzNews.az-a müsahibəsi:

- Fazil bəy, prezidentliyə namizədlərin seçki təbliğatını, teledebatlardakı çıxışları və debatların ümumi səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan cəmiyyətinin ümumi səviyyəsinə, problemlərə yanaşmasına görə, məncə, normal debatlar gedir. Siz nə gözləyirdiniz ki? Akademik bir müzakirə gözlənilmirdi ki. Orada Azərbaycan cəmiyyətinin müxtəlif qütblərində olan və yetərincə problemlərlə gündəmə gələn subyektlər var. Bu subyektlərdən də fərqli bir çıxış gözləmək özü sadəlövhlük olar. İndiki vəziyyətdə debatları hətta normal hesab etmək olar. Azərbaycan partiya demokratiyası inkişaf etmədiyinə görə siyasi mədəniyyət də onun arxasında qalır. Bu zaman isə namizədlərin şəxsi xarakterləri önə çıxmağa başlayır. Təbii ki, kimin ki şəxsi həyatında, xarakterində, yaşamında natamamlıq var, özünü seçki prosesində də büruzə verir.

- Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyevin teledebatlardakı çıxışlarında indiki hakimiyyəti müdafiə etməkdən çox, ona ziyan vurduğu bildirilir. Bu fikirləri siz bölüşürsüz?
- Mən hesab edirəm ki, hakimiyyət xalqı kifayət qədər yaxşı tanıyır. Bəlkə də bu, seçkinin qeyri-ciddi bir proses olduğu görüntüsü yaratmaq texnologiyasıdır. Bəlkə bu, hakimiyyətin daha çox xeyrinədir?! Çünki seçkiyə ciddi yanaşma olsa, əhalinin daha çox hissəsi prosesə cəlb oluna bilər. Bu baxımdan, mən hesab eləmirəm ki, Hafiz Hacıyevin debatlardakı çıxışları hakimiyyətin zərərinə işləyir.

- Bir siyasətçi kimi Hafiz Hacıyevin çıxışlarındakı siyasi diskussiyanın səviyyəsi sizi narahat etmir ki?
- Mən bu məsələyə böyük faciə kimi baxmıram. Azərbaycan cəmiyyətində biri arvad paltarı geyib, özünü elitar təbəqə hesab edən adamları güldürə, bir molla yas yerində yalandan hay-həşir qopararaq, insanları ağlada bilirsə, deməli, bu reallıq bütövlükdə Azərbaycan cəmiyyətinin simasıdır və cəmiyyətin nəyə gülüb, nəyə ağladığının göstəricisidir. Bu məsələ başqa ölkələrdə bu səviyyədə olmazdı, ancaq oralarda da bu cür çağırışlar ortaya qoyan insanlar var. Buna görə də mən hesab etmirəm ki, bu addımlar cəmiyyətdə ikrah doğurur. Cəmiyyətin özü də tamaşaya baxıb, hırıldayan kütlə kimi bu məsələdən zövq alır. Ona görə də cəmiyyətin bu zövqünü nəzərə alaraq, onlar da bu ruhu davam etdirirlər.

- Belə başa düşdüm ki, siz cəmiyyətin özündə də səviyyə probleminin olduğu fikrindəsiniz...
- Əlbəttə. Arvad paltarı geyinən adamam gülən cəmiyyətdə hansı səviyyədən söhbət gedə bilər?! Mənaya gülərlər, sırtıqlığa, şitliyə insan gülər? Biri qadın çimərlik geyimi geyib, hoqqa çıxarır, hamı da gülür. Orda gülən, debatda da gülməlidir. Bu, çoxluqdur. Cəmiyyətin ab-havası buna köklənib. Cəmiyyətin əsas hissəsi seçki ilə maraqlanmır, amma şou ilə maraqlanır. Debatlara da ona görə baxır ki, görsün, kim kimə "butulka" atacaq, kim kimə söyəcək?! Azərbaycan cəmiyyətində keçici bir mazoxizm yer alıb və uzun müddətdir davam edir. Adi metroda gənclərin davranışlarına, bir-biriləri ilə şit zarafatlarına baxın. Gedin baxın görün, Azərbaycanda neçə nəfər düşünən insan tapa biləcəksiniz. Ona görə də, məncə, bu cəmiyyətə uyğun idarətmədir, cəmiyyətin səviyyəsinə uyğun seçki şousudur. Bunu cəmiyyətin mənəvi hisslərinə toxunan hadisə kimi təqdim etmək doğru deyil.

- Fazil bəy, seçkiyə 12 gün qalıb. Seçicilərin prezident seçkilərinə münasibəti, siyasi aktivlik necədir sizcə?
- Azərbaycan cəmiyyətinin, xüsusilə bizimki kimi şahsevən cəmiyyətin seçki prosesi ilə taleyini dəyişə biləcəyinə dair heç bir gözləntisi yoxdur. Yəni Mehdi gözləyən bir cəmiyyətdir. Cəmiyyət kimə ağlayırsa, hansı dəyərə üstünlük verirsə, cəmiyyətin xarakterini də ona uyğunlaşdırmaq lazımdır. Bu gözləyir ki, bunun əvəzinə kimsə gəlib ədalət bərpa edəcək. İmam gəlib ədalət bərpa edəcək, Mehdi gəlib ədalət bərpa edəcək. Tarixən bu şüur kökaltına oturub. Bu insan özü üçün hər hansı addım atmağa maraqlı deyil. Bu insan daha çox lotoreya ilə pul qazanmağa meyllidir. Ən kasıb adamın da cibindən 2-3 lotoreya bileti tapmaq mümkündür. Seçki prosesi isə zəhmət tələb edən prosesdir. Səslərin qorunması, səslə maraqlanmaq və s. Bu zəhmət tələb edən prosesə isə neft ölkəsinin vətəndaşı ürəkdən yanaşmır. Ona görə də cəmiyyətdə hər hansı fəallığın olması, indiki şərtlərdə mümkün deyil.

- Seçki kampaniyasını izlədikcə, prosesdən kənarda qaldığını, namizəd olmadığınız üçün peşmanlıq və ya təəssüf hissi keçirmirsiniz ki?
- Yox. Ümumiyyətlə, mən bu proseslər barədə ona görə rahat danışıram ki, mənim hər bir məsələyə yanaşman digər namizədlərdən fərqlidir. Mən seçki yarışına qatılmadım, ancaq təbliğat aparmağın müxtəlif yollarını bilirəm. Sosial şəbəkələrdə qeydlərlə, fikirlərlə siyasi görüşlərimi cəmiyyətə çatdırıram. Ancaq faciə budur ki, bunları oxuyanların sayı böyük deyil, cəmiyyətdə şouya meyllilik mövcuddur. Əslində bizim auditoriyamızın olduğunu bilirəm, ancaq o auditoriyanın hərəkətli olmadığı düşüncəsindəyəm. Mən də namizəd olsaydım, orada daha fərqli bir baxış ortaya qoyaraq, insanların yaddaşında qalardım. Ancaq hər bir halda, təbliğatın müxtəlif yolları ilə öz fikirlərini insanlara çatdırıram.

- Namizədlər arasında sizin siyasi dünyagörüşünüzə yaxın olanı varmı?
- Əlbəttə ki, siyasi dünyagörüşümüzə yaxın olan namizədlər var. Ancaq siyasi duyumlarımız fərqlidir. Biri var gələcəyə baxışda hərfi mənaya varasan, biri də mahiyyətə. Düşünürəm ki, mahiyyətə baxışda ciddi fərqliliklər var. Orda olan namizədlərə hörmətimlə yanaşı, açığı, o fərqliliyi də hiss edirəm.

- Partiya olaraq hansısa namizədi dəstəkləmək fikrində deyilsiniz ki?
- Yox, partiya olaraq belə bir bəyanat vermək fikrimiz yoxdur. Partiya üzvlərinə də bu məsələ ilə bağlı azadlıq vermişəm, üzvlərimiz kimə istəsə, səs verə bilərlər. Mən isə daha çox müxalif yönümlü namizədlərdən birinə səs verəcəyəm.

- Konstruktiv namizədlərdən birinə, yoxsa radikal qanada?
- Yox, radikal qanada səs verməyəcəm. Çünki onların səmimiyyətinə inanmıram. Səmimiyyətinə inandığım konstruktiv fikirli müxalif namizədlərdən birini dəstəkləyəcəyəm.

Anar
AzNews.az