Rauf Arifoğlu: “AXCP və Müsavat birləşsin”

"Liderlər siyasi prosesi davam etdirmək istəyirlərsə, indiki mərhələdə AXCP və Müsavat partiyalarının Cəmil Həsənlinin rəhbərliyi altında birləşməsi və superpartiyanın yaradılması variantı ortaya gətirilməlidir. Digər siyasi qüvvələri və elektoratı da bu superpartiyanın ətrafında birləşdirmək lazımdır".

Bunu Lent.az-a açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu deyib. O bildirib ki, yaradılacaq partiyanı AXCP-Müsavat və ya Müsavat-Cəbhə adlandırmaq olar.

R.Arifoğlu təklif edir ki, Milli Şuranın prezident seçkilərində namizədi olan Cəmil Həsənli də bu partiyanın sədarətinə gətirilməlidir: "Cəmil Həsənli seçki kampaniyası zamanı yeni keyfiyyətlərini ortaya qoymağı bacardı və bütün prosesin yükünü öz üzərinə götürərək, müxalif çevrənin də simpatiyasını qazanmağı bacardı".

İP KŞ-nin üzvü rəhbərliyində təmsil olunduğu qurumun buraxılmasını da ancaq bu halda doğru hesab etdiyini qeyd edib: "Mən hesab edirəm ki, İctimai Palatanı ancaq bu alternativ qarşısında buraxmaq olar. İctimai Palatanın buraxılması üçün fərqli variant təsəvvür etmirəm".

R.Arifoğlu onu da bildirib ki, bu barədə fikirlərini İP rəhbərliyində təmsil olunan, həmçinin, dostluğu olan siyasi liderlərlə də bölüşüb.

AzNews.az