Eldəniz Quliyev müsavatçıları “topa tutdu“: “Bu səfehlik və nankorluqdur“

"Cəmil Həsənlinin Bakıda olmamasından istifadə edən Müsavat Partiyasının funksionerləri lazımsız aktivlik nümayiş etdirir. Dəhşətə gəlirəm. Niyə belə edirlər?".


Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatının Ali Məclisinin sədri
Eldəniz Quliyev deyib.

O bildirib ki, Rüstəm İbrahimbəyovun söylədiklərinin yeni bir şərt olaraq açıqlanması düzgün deyil. Qurumdakı struktur dəyişikliyi ilə bağlı danışılarkən, belə şərt həmişə açıqlanıb. Bundan başqa isə Milli Şurada hər hansı bir məsələ qurumun sessiyasında həll olunmalıdır.

R.İbrahimbəyovun daim düzgün qərar verdiyini söyləyən E. Quliyev həmsədrlik institutunun yaradılması təklifini proqressiv fikir adlandırıb:

"Bu Rüstəm İbrahimbəyov tərəfindən verilən çox düzgün qərardır. Həmsədrlik institutunun yaranması neçə vaxtdır tərəflərin müzakirəsinə verilib. Bütün tərəflər bunu öz aralarında müzakirə edib qərarlarını açıqlamalıdırlar. Müzakirələrin ilkin olaraq partiya və təşkilatlar səviyyəsində aparılması qərarı da Rüstəm İbrahimbəyova məxsusdur.

Arif Hacılının iddialarını isə oxudum. İddia haqqında iddialı adamın, bu boyda iddialı yazısı heç başa düşülən deyil".

Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəylinin də açıqlamasına münasibət bildirən E.Quliyev deyib ki, Milli Şura heç kəsin şəxsi qurumu deyil: "Arzu Səmədbəyli praqmatik siyasətçidir. Mən onların nəzərinə çatdırıram ki, Milli Şura ideyası, arxitekturası Rüstəm İbrahimbəyova aiddir. O, bu ideya ilə illərdir bir-birinə belə salam verməkdən çəkinən müxalifəti bir araya gətirib. İdeya Rüstəm İbrahimbəyovundursa siz, onu necə kənarda saxlaya bilərsiniz? Bu gün ona qarşı bəzi iddialarla çıxış etmək nankorluğa oxşayır. Nankor olmaqdan çəkinmək lazımdır. Hər bir addım hörmətlə edilməlidir. Bunu mədəniyətdən uzaq etmək olmaz. Yəqin ki, Arzu Səmədbəyli mənim yazımı diqqətlə oxumayıb. Əgər oxusaydı bilərdi ki, Milli Şura heç kimin deyil. Heç kimin olmadığı üçün hamımızındır. Hamının, hətta Arif Hacılın və Arzu Səmədbəylinin də qəbul etdiyi bir şəxsiyyət var, o da Rüstəm İbrahimbəyovdur. Gəlin ona hörmətlə yanaşaq. Vaqif Hacıbəylinin yanaşmasını isə sözün həqiqi mənasında səfehlik sayıram".

E.Quliyev onu da bildirib ki, R. İbrahimbəyov dedi-qodulara sinə gəlməyi də bacaracaq: "Rüstəm bəy Milli Şuradan niyə istefa verməlidir? Adama deyərlər ki, sən yaratdığın qurumdan, yaxud da partiyadan istefa verərəsən? Nədi-nədi bir neçə siyasətçi dava-şava salıb qeybət edir? Buna görə istefa verərlər? Bunu heç kəs ağlından belə keçirməsin".

Bahar Rüstəmli
AzNews.az