- Mədəni adam
- 17:12
- 1 623
Mədəniyyət Naziliyi: “Məhsəti” filmi erotik səhnələrlə təqdim edilir
Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib.
Aznews.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir.
Filmdə obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqların olduğu vurğulanıb.
“Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdən kənar mənalandırma cəhdləri müşahidə edilir.
Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.
Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib”, - məlumatda deyilir.
“Məhsəti” filminin rejissoru Suad Qara sosial mediada paylaşımında ekran işinin Bakı Film Festivalı proqramından çıxarıldığını qeyd edib.
“Filmdə 12-ci əsr şairəsi Məhsəti Gəncəvini canlandırmaq istəyən gənc aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır”, - filmin süjetindən bəhs edən rejissor deyib.
Suad Qara filmin Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdi olduğunu qeyd edib: “O, tək ana tərəfindən böyüdülüb, sevgi, şərab, hisslər və azadlıq haqqında cəsarətlə və gözəlliklə yazan bir sənətkar olub. Onun yaradıcılığı, onu və ümumilikdə qadınları səslərdən məhrum edib keçmişdə saxlamaq istəyənlərin bütün səylərinə baxmayaraq, demək olar ki, min ildir yaşayır”.