Ümid Partiyasından Milli Şuraya cavab

Ümid Partiyasının sədri İqbal Ağazadənin bir neçə gün əvvəl yazdığı məqalə müzakirələrə səbəb olub.


"Sizin üçün yaziram, Rauf Arifoğlu, lütfən bir daha oxuyun ..."

başlıqlı məqalədə Milli Şuraya yönəlik ittihamlar müxalifət düşərgəsi tərəfindən birmənalı qarşılanmayıb. İqbal Ağazadənin yazısındakı bir sıra məqamlara AXCP və Müsavatdan reaksiyalar var. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı qeyd edib ki, istər İctimai Palatanı, istərsə də Milli Şuranı Azərbaycanın aparıcı siyasi partiyaları yaradıblar:

"Milli Şura seçki kampaniyası dövründə özünü doğrultdu. İstər iqtidar, istər Rusiya Milli Şuranı öz layihəsinə çevirmək istəsə də, Müsavat Partiyası, AXCP və Milli Şuranı təsis edən digər təşkilatlar bu layihəni Azərbaycan layihəsi edə bildilər".

"Arif Hacılının İqbal Ağazadənin yazısına bildirdiyi münasibət əslində yazıdakı bir çox məqamların təsdiqi idi" bu sözləri deyən Ümid Partiyası sədrinin müavini Razi Abasbəyli partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib ki, əslində Arif Hacılı bu dedikləri ilə İqbal bəyin yazdıqlarını əsasən təsdiqləyir.

"Belə çıxır ki, layihə başından Azərbaycançı qüvvələrin layihəsi olmayıb. Tutaq ki, Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyov Bakıya gələydi və layihənin başında dayanaydı, o zaman nə olacaqdı. O zaman bu layihəni necə Azərbaycan layihəsi edəcəkdiniz.

Hər halda Arif bəy bu ritorik sualıma cavab verməyə də bilər. Çünki sualın özündə cavab var. Müsavat Partiyasında bu layihənin Cəmil Həsənli namizəd olana qədər yönünü dəyişdirmək üçün çaba göstərənlərdən biri də elə Arif bəy olub.

Lakin sonrakı mərhələlərdə hansısa böyük uğurların əldə edildiyini iddia etmək məncə o qədər də ciddi səslənmir. Ölkədəki siyasi situasiya göz qabağındadır" deyə R.Abasbəyli bildirib.

Həmsöhbətimiz millət vəkilinin yazısına münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya da cavab verib.

"Fuad bəy bir qədər eyforik və qərəzli şəkildə danışıb. O iddia edir ki, Milli Şuraya münasibətdə Azərbaycan hakimiyyətinin istifadə etdiyi münasibəti İqbal Ağazadə, sadəcə olaraq, təkrarlayır. Bu fikirlərin müəllifi İqbal Ağazadə yox, hakimiyyətdir. Bu yanaşması ilə o real tənqidə cavab verə bilmədiyindən yenə də böhtan atır. Böhtanın zəiflər üçün vərdiş olduğunu iddia edə bilərəm.

Amma Fuad bəyin heç olmasa yazıdakı tənqidlərə cavab verməkdə çətinlik çəkdiyi halda bir qədər diplomatik-qarışıq cümlələrdən istifadə edərək yayına bilmə qabiliyyətinə də şübhə etmirdim. Söhbət tənqiddən gedirsə, ona böhtanla cavab vermək hər halda iddialı görünən bir partiyanın sədrinin müavininə yaraşdırılmaz.

Əgər böyük uğurlardan söhbət gedirsə, o zaman seçkilərin rəsmi nəticələrinə diqqət edir. Tək Ümid Partiyasının namizədi xeyli siyasi partiyanın, vətəndaş cəmiyyətinin topladığı səsin yarısını toplayıb. Milli Şuradakı onlarla siyasi qurumun namizədi 5, təkbaşına Ümid Partiyasının topladığı namizədin səsi 2.5 faizdir.

Əgər iddia edəcəksinizsə ki, bu saxta seçkilərin nəticəsidir və səslər saxta yazılıb. O zaman total saxtalaşdırma nəticəsində bizim də namizədin səsi azaldılıb deyə təkrar iddia ortaya qoya bilərik.

Və ən əsası Fuad Qəhrəmanlıya xatırlatmaq istərdim ki, sonuncu prezident seçkiləri dövründə Azərbaycan xalqının böyük əksəriyyətinin narazı olduğu halda etiraz aksiyalarında niyə yetərincə insan iştirak etmirdi. Hər halda Milli Şurada təmsil olunan partiyalar arasında sorğu keçirsəniz oradakı hər bir partiya ən azı onminlərlə üzvünün olduğunu deyəcək.

Heç olmasa etiraf edin ki, Milli Şuradakı partiyaların öz üzvlərinin neçə faizi o etiraza qoşuldu. Çox təəssüf edirik ki, başlanğıcdan yanlış taktika seçildiyini deyəndə, nəticə məğlubiyyət olacaq deyəndə, bizim hansı acıdan proseslərə qiymət verdiyimizə diqqət etmək, nəticə çıxarmaq əvəzinə böhtanla danışırsınız. Eyni Azərbaycan iqtidarı kimi. Ona görə də ölkədə müsbətə doğru heç nə dəyişmir, ona görə də ənənəvi müxalifətlə ənənəvi iqtidar 20 ildir öz yerindədir və bundan da əziyyət çəkən Azərbaycan xalqıdır".


AzNews.az