“Yaxın günlərdə İctimai Palata buraxılacaq” - Müsahibə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlının AzNews.az-a müsahibəsi:


- Niyə, hələ də İctimai Palata ilə bağlı məsələyə aydınlıq gətirilmir? AXCP-nin İctimai Palata ilə əlaqədar mövqeyi necədir?


- Milli Şura yarandıqdan sonra İctimai Palatanın sessiyası keçirilməyib. Bu müddətdə İctimai Palatanın Koordinasiya Şurası səviyyəsində ara-sıra görüşləri reallaşıb. Ümumi rəy də bundan ibarətdir ki, indiki halda Milli Şura daha təkmil birlik mexanizmi kimi önəmlidir.

İctimai Palata isə öz missiyasını və funksiyasını artıq başa çatdırıb. Bu səbəbdən də İctimai Palata buraxılmalıdır. Lakin bu məsələ hələ ki, qərar şəklində ifadə olunmayıb. İctimai Palatada təmsil olunan şəxslərin və təşkilatların daha geniş formada təmsilçiliyi Milli Şurada təmin olunub. Prezident seçkilərində də müxalifətin birlik mexanizmi kimi Azərbaycan cəmiyyətinin dəstəyini məhz Milli Şura alıb.

Bütün bunlara görə, müxalifət eyni vaxtda iki birlikdə təmsil olunması işin səmərəsini aşağı sala bilər. Bu səbəbdən də İctimai Palatanın buraxılması zərurəti meydana çıxıb. Yəqin ki, yaxın vaxtlarda bu qurumun buraxılması ilə bağlı qərar veriləcək. Çünki İctimai Palata faktiki olaraq, formal fəaliyyət göstərən quruma çevrilib.

- Milli Şuranın rəhbər aparatının formalaşması prosesi hansı mərhələdədir?


- Bununla bağlı təkliflər hazırlanıb. Təkliflər arasında Milli Şuranın Koordinasiya Şurasının və Sədr Aparatının yaradılması da yer alıb. Yəqin ki, Milli Şuranın yaxın vaxtlarda keçirilən sessiyasında bu təkliflər müzakirə olunacaq. Əsas odur ki, bununla bağlı fikir ayrılığı yoxdur. Əlbəttə, bütün bunlardan öncə isə Milli Şuranın Nizamnaməsinə edilən dəyişikliklər təsdiq olunmalıdır.

Yəqin ki, Yanvar ayında Milli Şuranın sessiyası keçirilməsi nəzərdə tutulur. Bundan sonra isə Koordinasiya Şurasının yaradılmasına başlanılacaq. Sədr Aparatının formalaşması isə sədrin səlahiyyətinə aiddir.

- Milli Şuranın Koordinasiya Şurasının formatı necə olacaq? Yəni partiyaların təsir imkanları balanslaşdırılacaqmı?


- Milli Şuranın Koordinasiya Şurası sessiyalararası dövrdə idarəedici rəhbərliyi həyata keçirəcək. Milli Şura partiyalıq prinsipi ilə təşkil olunmadığından, bu qurumun Koordinasiya Şurası da fərdi təmsilçilik qaydasında formalaşdırılacaq. Hər bir halda bu məsələnin də həlli mümkün olacaq.

- AXCP ilə Müsavat Partiyası rəhbərləri arasında keçirilən görüşdə səslənən təkliflər AXCP-də müzakirə edilibmi?


- AXCP Rəyasət Heyətində Müsavat Partiyasının təklifi hələ müzakirəyə çıxarılmayıb. Yəqin ki, növbəti həftə Rəyasət Heyətinin keçirdiyi iclasda Müsavat Partiyasının da təklifi müzakirə olunaraq münasibət bildiriləcək.

- AXCP-Müsavat birliyinin vahid partiya formatında fəaliyyət göstərməsinə dair fikirlər də yenindən gündəmə çıxıb...


-İki il əvvəl AXCP-nin qurultayı Müsavat Partiyası ilə birləşməyə dair qərar qəbul etmişdi. Biz bu təklifi alarkən belə bir qənaətə gəldik ki, inteqrasiyanın daha dərin və təkmil forması kimi AXCP-nin birləşmə qərarı əsas götürülə bilər.

Əgər Müsavat Partiyası müttəfiqlik sazişi təklif etməklə inteqrasiya istəyirsə, o zaman biz daha güclü forma kimi birləşmək qərarını əsas götürə bilərik və bununla da AXCP ilə Müsavatın birləşməsi prosesi başlaya bilər. Bu artıq qeyd olunduğu kimi çox güclü partiyanın yaranmasına gətirib çıxara və ölkədə demokratiyanın inkişafına güclü təsir göstərər.

Ümid edirəm ki, Müsavat Partiyası AXCP-nin birləşməklə bağlı təklifinə indiki vəziyyəti nəzərə alaraq, müsbət cavab verəcək. O ki, qaldı Müsavatın AXCP-yə müttəfiqlik təklifinə, hesab edirəm ki, iki partiya arasında ayrıca tənzimlənməyə ehtiyac yoxdur. Çünki hər iki partiya Milli Şurada təmsil olunur və bizim bu qurum çərçivəsində faktiki olaraq müttəfiqlik münasibətlərimiz mövcuddur.

Əgər Müsavat Partiyası bu istiqamətdə daha konkret addımların atılmasına, səmərəli münasibətlərin qurulmasına maraq göstərəcəksə, o zaman biz istərdik ki, Müsavat AXCP-nin Milli Şuranın rəhbər orqanlarına, regional strukturlarının yaranması və komissiyaların formalaşdırılması ilə bağlı mövqeyini dəstəkləsin və biz tez bir zamanda indiyə qədər görülməyən işləri, Milli Şuranın təşkilatlanmasını formalaşdıraraq, müttəfiqlik münasibətlərinin Milli Şura çərçivəsində daha səmərəli qurulmasına nail olacaq.

AXCP-nin mövqeyi budur ki, Xalq Cəbhəsi Milli Şuradan kənar hər hansı iki tərəfli münasibətləri tənzimləyən sənədin imzalanmasına ehtiyac olmasın. Bu artıq Milli Şuranın əhəmiyyətini aşağı sala bilər. Ona görə də biz daha çox ikitərəfli münasibətlərin Milli Şura çərçivəsində inkişafında maraqlıyıq.

- Məgər, bu günə qədər AXCP ilə Müsavat Partiyası arasında əməkdaşlığı tənzimləyən müttəfiqlik sazişi olmayıb?


- Xeyir, indiyə qədər belə bir saziş olmayıb. Bizim münasibətlər seçki blokları və müxalifətin yaratdığı birliklər çərçivəsində tənzimlənib.


Məhəmməd
AzNews.az