Tacikistanlı nazir Azərbaycana dəvət olundu

Dekabrın 19-da Tacikistanın xarici işlər naziri Sirociddin Aslovla Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşün əvvəlində A.Həsənov S.Aslovu xarici işlər naziri kimi yüksək və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edib, onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovun təbriklərini çatdırıb və sonuncunun səmimi təbrik və Azərbaycana rəsmi dəvətinin əks olunduğu məktubu təqdim edib.

Səfir 2013-cü ildə səfirliyin görkəmli dövlət və siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar həyata keçirdiyi tədbirlər və səfirliyin 2014-cü ildə qarşısında duran vəzifələr haqqında həmsöhbətinə məlumat verib.

Diplomat bildirib ki, 2013-cü il ərzində səfirliyin dəstəyi ilə Tacikistanın Düşənbə şəhəri ilə yanaşı, Xatlon, Suqd, Dağlıq Bədəxşan Muxtar Vialyəti regionlarında 13 konsert proqramı təşkil olunub. Azərbaycanın ölməz bəstəkarı Ü.Hacıbəylinin Şərqin ilk operası olan "Leyli və Məcnun" səhnə tarixində ilk dəfə olaraq başqa bir dildə - tacik dilində və Tacikistan aktyorları ilə birgə Düşənbə şəhərində tamaşaya qoyulub.

S.Aslov təbriklərə görə minnətdarlığını bildirib və Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini yüksək qiymətləndirib.
Tərəflər imzalanmış sənədlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, o cümlədən iki ölkənin paytaxtları arasında birbaşa hava reysinin bərpa olunmasının, Azərbaycan və Tacikistanın müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının çox vacib olduğunu vurğulayıblar.

Nazir əsası Azərbaycanın o zamankı Prezidenti, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadiyyatının dinamik inkişafını, hərtərəfli çiçəklənməsini məmnunluqla qeyd edib: "Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyev tərəfindən müasir Azərbaycanın quruculuğu işi əzmlə davam etdirilir".

O, Azərbaycan investisiyasının bütün lazımi şərtlərin mövcud olduğu Tacikistan iqtisadiyyatına cəlb edilməsini arzuladığını ifadə edib.

S.Aslov həmsöhbətinin diqqətini iqtisadi, elmi-mədəni, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə mövcud potensialdan istifadə edilməsinin vacibliyinə yönəldib.

Görüşün sonunda səfir A.Həsənov nazirə və bu ölkənin Xarici İşlər Nazirliyinin kitabxanasına Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə tacik dilinə tərcümə edilərək çap olunmuş Elmira Axundovanın 6 cildlik "Heydər Əliyev: Şəxsiyyət və zaman" və Nikolay Zinkeviçin "Həyatın keşməkeşləri" kitablarını hədiyyə edib.

AzNews.az