Yadigar Sadıqovdan Milli Şura əleyhinə açıqlama

Hazırda həbsdə olan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov bu yaxınlarda Müsavat Partiyasından ayrılan başqan müşaviri Yeganə Hacıyeva onun haqda dediyi sözlərə, məktubda aydınlıq gətirib. Eyni zamanda məktubda ölkədəki ictimai-siyasi prosesləri də dəyərləndirib.

Məktubu olduğu kimi təqdim edirik:

" "Yeni Müsavat" qəzetinin 22 dekabr tarixli sayında hörmətli Yeganə xanım Hacıyeva Müsavat Partiyasının Milli Şuradan getməsi fikrinə mənim də qarşı çıxdığımı iddia etmişdir. Yeganə xanım bunu söyləyərkən nəyə istinad etdiyi mənə aydın deyil. Halbuki, bu günə qədər mən bu məsələyə münasibət bildirməmişəm.

İsrarla xahiş edirəm ki, heç kim mənim adımdan və məhbus statusumdan sui-istifadə etməsin. Yalnız hüquqlarımın müdafiə komitəsinin sədri kimi mənimlə mütəmadi əlaqə saxlayan Elman Fəttahın mənim adımdan danışmaq səlahiyyəti vardır.

Mövzu açılmışkən Müsavat və Milli Şura məsələsinə münasibətimi bildirmək istəyirəm.

Hesab edirəm ki, bu gün real güc təşkil edən partiyalar və təşkilatlar ittifaq bağlayaraq 2015-ci ilin parlament seçkilərinə hazırlaşmalıdırlar. Bu ittifaq mümkün qədər tez, yaxşı olardı ki, seçkilərə bir il qalmış 125 seçki dairəsi üzrə vahid namizədləri müəyyən etməlidir.

Qalan müddət ərzində isə ittifaq proqramlar və seçki platforması üzərində, namizədlər isə seçiciləri ilə işləməli, təşkilati məsələlərlə məşğul olmalıdırlar. Sadalanan və digər işlərin əvvəlki illərdə olduğu kimi son ana qədər yubadılması elə əvvəlki illərdəki nəticələrə gətirib çıxaracaq.

Sıfır güc və külli ambisiya daşıyıcısı olan təşkilatların təmsil olunduğu Milli Şurada bu işlərin həyata keçiriləcəyinə şübhələrim var. Digər tərəfdən həmin təşkilatların müxtəlif koalisiyalar vasitəsi ilə say üstünlüyü yaradaraq öz iradələrini Müsavat Partiyasına diktə edə biləcəkləri perspektivi də məni sevindirmir. 2010-cu ilin əvvəllərində bəyan etdiyimiz "Real müxalifətin birliyi" konsepsiyasını yeganə düzgün yol hesab edirəm.

Təəssüf ki, ictimai rəy "müxalifətin ən geniş koalisiyası" kimi gəlişi gözəl, əslində isə zərərli bir fikirlə yanlış istiqamətə yönləndirildi və Müsavat Partiyası da 2013-cü il seçkilərində bu faktla hesablaşmalı oldu. Məhz bu yanlışın acı nəticələrini də Rəsul Quliyev və Lalə Şövkət Hacıyevanın açıqlamalarında, İslam Partiyasının başqa namizədi dəstəkləməsində, seçkiləri boykot ideyasının populyarlaşdırılmasında və s. hallarda yaşadıq. Yenə də məhz Müsavat Partiyasının ehtiyat namizəd və seçkilərdə iştirakla bağlı mütləq qəti mövqeyi müxalifət düşərgəsini astanasında olduğu fiaskodan xilas etdi. Hesab edirəm ki, bütün bunları yenidən yaşamaq, vaxtımızı və enerjimizi hakimiyyətlə mübarizəyə deyil, müttəfiqləri inandırmağa xərcləmək kimi lüksumuz yoxdur. Bunları inkar edərək "ən geniş koalisiya " ideyasında israr etməyi isə heç cür anlamıram.

Sonda isə fürsətdən istifadə edərək Yeni ildə hər bir Azərbaycan ailəsinə rifah, səadət və azadlıq arzulayıram."(musavat.com)