İbrahimbəyovun getməsinə Müsavatdan ilk reaksiya: “Pozitiv...”

"Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyi ilə bağlı müzakirələrin onun əleyhinə aparılan kampaniya kimi dəyərləndirməsi ilə razı deyiləm. Lakin bütövlükdə hesab edirəm ki, bu məsələlərə kifayət qədər aydın yanaşa bilib və məsələnin mahiyyətini qəbul edib".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, R. İbrahimbəyov bütün bunları nəzərə alaraq, Milli Şuranın fəxri sədrliyindən imtina edib:

"Rüstəm İbrahimbəyovun həmin qərarına pozitiv yanaşıram və müsbət addım kimi dəyərləndirirəm. Bəyanatında Müsavat Partiyasının adını çəkməsində isə bir problem yoxdur.

Biz onun Rusiya vətəndaşı olduğunu, istər-istəməz bu dövlətin qarşısında müəyyən öhdəliklərinin mövcudluğunu, onun məşğul olduğu yaradıcılıq sahəsinin Rusiyaya aid olmasını, Rusiyanın da Azərbaycana dost olmayan bir ölkə olduğunu nəzərə alaraq, belə bir fikir bildirmişdik ki, Rüstəm İbrahimbəyovun Milli Şuranı və Azərbaycan müxalifətini təmsil etməsi ölkəmiz və demokratik qüvvələr üçün problem yarada bilər.

Məhz bu amili əsas götürərək, Rüstəm İbrahimbəyovun nə sədr, nə həmsədr, nə də fəxri sədr olmasını məqsədəuyğun hesab etməmişdik. Rüstəm İbrahimbəyovun bizim bu fikirlərimizi də əsas götürərək, Milli Şuranın fəxri sədrliyindən istefa verməsini müsbət hadisə kimi dəyərləndirirəm". Müsavat funksioneri R. İbrahimbəyovun Milli Şuranın üzvü kimi fəaliyyətində heç bir narahatlığın olmadığını da qeyd edib: "Düşünmürəm ki, Rüstəm bəyin istefası Müsavat Partiyasının apardığı danışıqlarla bağlıdır.

Bu müzakirələri bundan sonra da davam etdirəcəyik. Azərbaycanın demokratik qüvvələrinin daha səmərəli əməkdaşlığı və müttəfiqliyi şəraitində fəaliyyətimizi davam etdirməyə çalışacağıq. Hər halda Milli Şuranın son toplantısından sonra apardığımız siyasət bir qədər aydınlaşıb".

Qeyd edək ki, kinodramaturq Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasına daxil olan siyasi qüvvələr arasındakı fikir ayrılığını aradan qaldırmaq, 2013-cü il mayın 28-də onun təşəbbüsü ilə yaradılan bu ictimai institutun fəaliyyətinin davamlılığını təmin etmək üçün qurumun fəxri sədri adının üzərindən götürülməsi barədə qərar qəbul edib.

O, bəyanatında bildirib ki, bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm. Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək.

AzNews.az