Fuad Qəhrəmanlı: “Qurultayın qərarı siyasi əhəmiyyətini itirib”


"Qarşı tərəfin adekvat cavabı olmadığından hesab edirəm ki, partiyamızın qurultayının məlum qərarı siyasi əhəmiyyətini itirib".

Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.

F. Qəhrəmanlı bildirib ki, AXCP qurultayının qərarı qarşı tərəfin münasibətindən asılı olub. Ancaq məlum olduğu kimi Müsavat Partiyası bu qərara adekvat cavab verməyib.

AXCP sədrinin müavini deyib ki, adıçəkilən qərar konkret şəraitə uyğun qəbul olunmuşdu: "Bu məsələ həmin dönəmdə aktual idi. AXCP birlik təkliflərinə qurultayın qərarı şəklində münasibət bildirmişdi. Sonradan vəziyyətdə dəyişikliklər baş verdi və bununla da qurultayın qərarı siyasi əhəmiyyətini itirdi".

Onun sözlərinə görə, məsələ o dərəcədə əhəmiyyətini itirib ki, "Qurultayın qərarının Müsavat Partiyası tərəfindən müsbət qarşılanacağı təqdirdə AXCP-çilərin indi mövqeyi necə olardı?" sualı haqda ehtimallar söyləməyə də ehtiyac yoxdur.

Xatırladaq ki, AXCP-nin 2010-cu il sentyabrın 25-də keçirilən V (VIII) qurultayında Müsavat Partiyası ilə birləşməyə dair qərar qəbul edib.
Qərara əsasən AXCP və Müsavat Partiyasının heç bir ilkin şərt irəli sürülmədən, bərabər əsaslarla vahid bir partiyada birləşməsi məqsədəuyğun sayılıb.

AzNews.az