YAP-dan “NİDA” ilə bağlı açıqlama: “Pozuculuğa görə cavab verməlidirlər”

Yeni Azərbaycan Partiyası (YAP) "Nida" hərəkatının məhkəməsindən sonra paytaxtın mərkəzində təşkilat tərəfdarlarının və həbs olunanların yaxınlarının iştirakı ilə keçirilən aksiyaya münasibət bildirib.

YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı AzNews.az-a açıqlamasında bildirib ki, hər hansısa bir şəxs və yaxud şəxslər məhkəmənin çıxartdığı hökmdən narazıdırsa, onların daha yuxarı instansiyalara müraciət etmək hüququ var.

Onun sözlərinə görə, məhkəmənin qərarından narazı olanlar bu narazılığı yenidən qanun pozuntusu ilə həyata keçirtmək istəyirlərsə, bu yolverilməzdir: "Hesab edirəm ki, həmin məhkəmə binasının qarşısındakı qanunazidd hərəkətlər prosesin gedişinə təzyiq göstərmək cəhdi idi. Onlar bundan əvvəl də müxtəlif formalarda məhkəmə istintaqının gedişinə təzyiq etməyə cəhd ediblər. Bugünki aksiya da növbəti cəhdlərdən biridir. Bunun təşkilatçıları pozuculuq əməllərinə görə cavab verməlidirlər".

YAP rəsmisi qeyd edib ki, polis tam qanun çərçivəsində aksiyaya cəhd edənlərin qarşısını alıb: "Fikrimizcə, qanunu pozan insanlar ölkə qanunvericiliyinə uyğun olaraq öz cəzalarını alacaqlar".

Xatırladaq ki, bu gün "N!DA" vətəndaş hərəkatının həbsdə olan üzvlərinə həbs cəzası kəsilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşmış müttəhimlərin tərəfdarlarının etirazına səbəb olub. Onlar paytaxtın mərkəzi küçələrində aksiya keçirməyə cəhd ediblər.

Amid
AzNews.az