Müzakirələrdə kütləvi aksiyalara başlamağa qərar verilib Müzakirələrdə kütləvi aksiyalara başlamağa qərar verilib

İctimai Palata Gülər Əhmədova qalmaqalını müzakirəyə çıxardı

Müzakirələrdə kütləvi aksiyalara başlamağa qərar verilib



Müxalif İctimai Palata sentyabrın 29-da Gülər Əhmədova qalmaqalı ilə bağlı müzakirə keçirib. Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən müzakirədə çıxış edənlər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı video ilə əlaqədar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə iş açılmasını yetərli saymadıqlarını vurğulayıblar. Dələduzluq ittihamının bu işlə müqayisədə daha yüngül ittiham olduğunu bildirən natiqlər deyiblər ki, bununla Gülər Əhmədovadan yuxarıdakı hakimiyyət adamlarını qorumaq istəyirlər.

AzNews.az-ın məlumatına görə, müzakirələr zamanı kütləvi aksiyalara başlamağa qərar verilib. Qeyd olunub ki, bu aksiyaları İctimai Palata təkbaşına deyil, digər siyasi və ictimai qurumlarla birgə keçirməlidir.

İctimai Palata adından Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və baş prokuror Zakir Qaralova müraciət ünvanlanıb. Müraciətdə Milli Məclisə üzvlüyə görə ödənilən pulların qeyri-rəsmi kassasının kimin rəhbərliyi altında fəaliyyət göstərməsinə və videoda səslənən "O qədər deputat olmaq istəyən var ki, amma seçici bir dənədir" ifadəsinə aydınlıq gətirilməsi xahiş edilir.

Müraciətdə qeyd edilir ki, Gülər Əhmədovanın Elşad Abdullayevin qardaşı Mahir Abdullayevi oğurlayan qrupla əlaqəsi olub-olmadığı da araşdırılmalıdır.

AzNews.az