YAP-çı millət vəkili Gülər Əhmədovanı “topa tutdu”

“Gülər Əhmədova və Elşad Abdullayev qınağa məhkumdurlar”



"Gülər Əhmədova və Elşad Abdullayev cəmiyyətə məlum olan hadisələrlə əlaqədar qınağa məhkumdurlar. Onların bu hərəkətlərini özlərindən kənara çıxartmaq, hər hansı dövlət və siyasət xadiminə, o cümlədən Əli Əhmədova yönəltmək yolverilməzdir". Bunu AzNews.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı sabiq deputat Gülər Əhmədovanın "facebook" səhifəsində yazdığı şeirin "Yeni Musavat" qəzetində YAP-ın sədr müavini Ə.Əhmədovun adı ilə əlaqələndirməsinə münasibətində deyib.

Deputat söyləyib ki, Gülər Əhmədova öz "facebook" səhifəsində nəsə yazır və bunlar da həmin yazıları başqa cür yozmağa başlayırlar. Onun fikrincə, həmin yazıları Əli Əhmədova yönəltməyə çalışıblar. M.Qurbanlı deyib: "İndi Əli Əhmədov kimlərinsə müdafiəsinə ehtiyacı olmayan siyasətçilərdən biridir və həmin hüquqa malik insandır.

Yeni Azərbaycan Partiyasının üzvləri də belə fikirdədir ki, Əli Əhmədova kimsə nəyisə yapışdırmaq istəyirsə, bu onların özünə bumeranq olaraq dəyəcək. Hesab edirəm ki, bu cür məsələlərin təkrar-təkrar gündəmə gətirilməsi düzgün deyil. Ona görə də kimsə "facebook"da özü üçün nəsə yazıbsa, qoyun yazsın. Hesab edirəm ki, bu cür yazılar qarşıdurma yaratmaq məqsədi daşıyır".

Hakim partiyanın rəsmisi qeyd edib ki, internet hörümçək toruna bənzəyir və bu hörümçək torunda milyonlarla ağıllı və ağılsız insan yuxusunda gördüklərini, sevgilisinə məktubu və sairə ağılına gələni yazır: "Məni təəccübləndirən isə odur ki, Gülər Əhmədovanın öz "facebook" səhifəsində yazdığı cızma-qaranı özünün ciddi sayan mətbuat necə öz səhifələrinə çıxarıb? Pişiyin könülü samanlıqda idi, it də bunu samanlığa saldı.

Deməli, belə çıxır ki, Gülər Əhmədova "facebook" səhifəsində yuxularını və digər macəralarını da yazsa, gərək "Yeni Musavat" qəzeti onu yayımlayacaq. Bu, "Yeni Musavat" qəzetinin xislətini, "bulvar mətbuatı" olduğunu, çirkin niyyətli fəaliyyətini və qərəzli mövqeyini göstərir. Mən hər zaman deyirəm ki, kim "bulvar mətbuatı"na müsahibə verirsə, o səviyyəyə enir. Ona görə də bu cür mətbu orqanları heç oxumaq da məsləhət deyil".

Vasif Həsənli
AzNews.az