Bolqarıstan prezidenti: “Avropada da millətçilər var”

“Biz lazımi anda qərarlar qəbul etməyə hazır olmalıyıq. Əks halqa qeyri-sabitlik üçün şərait yaranır”.


AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Bolqarıstan prezidenti Rosen Plevneliyev deyib.

Bolqarıstan prezidenti bildirib ki, hər bir böhran öz ilkin fazasına qaytarıla bilər: "Ancaq sülh o zaman təmin oluna bilər ki, qaydalar hamıya tətbiq olunsun. Bu gün bu, mümkündür. Hətta BMT Təhlükəsizlik Şurasının üzvlərinin beynəlxalq qaydalara əməl etməməsi kimi meyllər var".

R. Plevneliyev böhranların yaranmasını, silahların işə düşməsini gözləməyi düzgün saymadığını vurğulayıb: "Sülh qanunun aliliyi ilə bağlıdır. Biz universal dəyərləri aktivləşdirməliyik. Digər tərəfdən, nəzərdən qaçırmaq olmaz ki, terrorizm, qlobal iqlim dəyişikliyi sərhəd tanımır".

Bolqarıstan prezidenti bu gün dünyada "Soyuq Sülh"ün hökm sürdüyünü qeyd edib: "Bu gün Rusiya və Qərb bir-birinə qarşı çıxır, sanksiyalar tətbiq olunur. Ukraynada oyun qaydaları pozuldu. Rusiya da gücünü, nüfuz dairəsini artırmağa çalışır. Avropa İttifaqı isə sülh naminə unikal layihədir, burada Almaniya və Estoniya eyni hüquqa malikdir".

"Dondurulmuş münaqişələr"ə toxunan Bolqarıstan prezidenti qeyd edib ki, "dondurulmuş münaqişələr" olan məkanda insanlar rahat, xoşbəxt yaşaya bilmirlər: "Xalqların, insanların asılı şəraitdə yaşamasını aradan qaldırmalıyıq".

R. Plevneliyev hazırda Avropada da millətçilərin olduğunu söyləyib: "Bu gün Avropada millətçilik artmaqdadır. Vətənpərvərlik millətçilik deyil. İkinci Dünya müharibəsində çoxlu dağıntı və tələfat olmuşdu. Ona görə də Avropa İttifaqı yaradılıb. Biz böyük güclərin nüfuz dairələrini bölüşdürməsi zamanına qayıtmaq istəmirik. Balkanlar uzun müddət belə mübarizələrin mərkəzi olub. Avropa İttifaqının gələcəyi etimadın yaradılmasından keçir. Tarixi özünüz qurmasanız, başqaları quracaq. İnanıram ki, biz dostluq naminə bir-birimizi daha yaxşı başa düşəcəyik".