- Köhnə - Siyasət
- 28 Aprel 2015 12:26
- 6 530
I Avropa Oyunları Azərbaycana nə verəcək? – Siyasətçilərin cavabı
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında verdiyi qərarın icrasına sayılı günlər qalıb.
Bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizin Beynəlxalq və Avropa Olimpiya hərəkatında, idman və bədən tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir. Artıq indidən bəllidir ki, Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.
Ümumilikdə isə Avropa Oyunları Azərbaycana nə verəcək? AzNews.az bununla bağlı siyasətçilərin fikrini öyrənib.
Milli Məclisin deputatı, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, belə tədbirlərin keçirilməsi əvəzsizdir: "Azərbaycan kimi ölkələrin ilk öncə dünyada mədəni platformada geniş tanıtımına ehtiyac var. Bu baxımdan da hər hansı idman və ya mədəni kütləvi beynəlxalq tədbirin əhəmiyyəti əvəzsizdir. Bu oyunlar zamanı da ölkəyə gələn minlərlə insan həm də öz ölkələrində müsbət mənada təbliğatçıdırlar. Və ölkənin problemlərinin tanıtımında faydalı işlər görə bilərlər".
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin fikrincə I Avropa Oyunları Azərbaycan haqqında düşmən qüvvələrin formalaşdırdığı yanlış fikirləri aradan qaldıracaq: "Avropa Oyunları Azərbaycanı Avropada daha yaxşı tanıdacaq. Biz 1988-ci ildən bu günə kimi Azərbaycan haqqında dünyada yanlış məlumat olduğunu, siyasətimizi düzgün qura bilmədiyimiz haqqında fikirlərimizi dəfələrlə bildirmişik. Bu oyunlar Azərbaycanı Avropada təbliğ edir. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini daha yaxından izləyə biləcək. Avropa Oyunları bizim üçün çox böyük qazancdır. Azərbaycan haqqında elə təsəvvürlər olur ki, adam utanır. Elə bilirlər ki, bura Əfqanıstan, İran, yaxud da digər islam dövlətləri kimi yaşayır. Bəzən fərqli yanaşmalar olur, bizi dünyanın bir parçası da hesab etmirlər. Bu oyunlar bizim üçün çox əhəmiyyətlidir. Bəzən dövlətlər buna minlərlə pul xərcləyir ki, belə bir tədbir ölkəsində keçirilsin və onun da sayəsində ölkəsini tanıda bilsin. Sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir. Biz də bundan lazımınca yararlanmalıyıq".
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da bu oyunlarla bağlı pozitiv fikirdədir: "Azərbaycan bu oyunlardan nə gözləyirsə, Avropa oyunları onu da Azərbaycana verəcək".
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyub isə bir qədər fərqli düşünür: "Mənim fikrimcə, Avropa Oyunları Azərbaycana təbliğ olunanlardan daha az şey verəcək. Xərclənən vəsait, çəkilən zəhmət müqabilində qazancımız çox olmayacaq".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə Azərbaycan üçün tarixi şans yarandığı düşüncəsindədir: "Ölkə içi bəzi problemlərimizin və Qarabağ münaqişəsinin olmasına baxmayaraq, bir idman mütəxəssisi və vaxtı ilə - 1997-ci ildə Azərbaycanda ilk Avropa çempionatı keçirən birisi kimi bu cür tədbirlərin əhəmiyyətli olduğunu düşünürəm.
1.Ölkəmizin Avropada tanıdılmasında rol oynayacaq.
2. İnverstisiya cəlb olunmasını stimullaşdıracaq.
3. Turizmin inkişafına müsbət təsir edəcək.
4. Azərbaycanın adı tarixə düşəcək.
5. İdmanın inkişafına müsbət təsir edəcək".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məsələ ilə bağlı yaxın günlərdə geniş məqalə ilə çıxış edəcəyini deyir: "Avropa Oyunlarına dair onu deyə bilərəm ki, bu beynəlxalq tədbir barədə müxtəlif mövqelər səsləndirilib. Bizim özümüzə xas fərqli baxışımız var. Bu həftə ərzində mövzuya dair bir geniş yazı hazırlayacam".
Bahar RÜSTƏMLİ