"Müxalifət bu cür çağırışlarla özlərini gözə soxmaq istəyir” "Müxalifət bu cür çağırışlarla özlərini gözə soxmaq istəyir”

Millət vəkili: “Parlamenti buraxmaq olmaz”

"Müxalifət bu cür çağırışlarla özlərini gözə soxmaq istəyir”



"Görünür, müxalifət qanundan çox uzaqdır. Bu məsələ heç bir yerdə təsbit olunmayan məsələdi. Belə bir qanun konstitusiyada yoxdur. Azərbaycan prezident respublikasıdır. Necə ki, ABŞ konqresini buraxmaq olmaz, bizdə də parlamenti buraxmaq olmaz"

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, parlament buraxılmamalıdır: "Azərbaycan parlamenti niyə buraxılmalıdı? Hansısa nüfuzu olmayan 5-6 adamın çağırışına görə? Bu çağırışın özü absurddur, heç bir hüquqa söykənmir. Cəmiyyət heç zaman buna dəstək verməz. Parlament hüquqi şəkildə fəaliyyət göstərir və bu fəaliyyət də Azərbaycan cəmiyyətinin maraqları ilə üst-üstə düşür. Müxalifət sönmüş vəziyyətdədir. Bu cür çağırışlarla özlərini gözə soxmaq istəyirlər".

M.Qurbanlı Cümşüd Nuriyevin "Parlamentdə 10-12 nəfər peşəkar deputat var. Onların necə seçilməsindən asılı olmayaraq, orada olmaları lazımdır. Qalan 100 nəfər deputat nə bir işə yarayır, nə Azərbaycanı təmsil edə bilirlər. Saxta yolla parlamentə düşüblər" fikrinə də münasibət bildirib: "Bu cür yanaşmanı qanunsuz və yersiz sayıram. Parlamentdə cəmiyyətə, xalqa xeyir verən insanlar var. Burada peşəkar iqtisadçılar, ziyalılar fəaliyyət göstərir.

O demək deyil ki, bu insanlar çıxış etmirsə, işləmirlər. Bütövlükdə deputatlarla bağlı ümumiləşmiş fikirlər söyləmək yersizdir. Konkret kimin hansısa deputatdan xoşu gəlmirsə, deyə bilər. Cümşüd Nuriyev də belə etməlidir. Hamının adından danışmaq düzgün deyil axı. Hər bir parlament üzvünün fəaliyyətinə qiyməti seçici verir".

İlkin Pirəli
AzNews.az