“O məmurların yolu həbsxanayadır” – Zahid Oruc

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında vəzifəli şəxslərlə bağlı məcəlləyə dəyişiklik edilməsi təklifi irəli sürülüb. Dəyişikliyə görə, əgər vəzifəli şəxs dövlətin müstəsna mülkiyyətində olan və özünkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə versə, 3 ilədək müddətə müəyyən vəzifə tuta bilməyəcək və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum ediləcək.





Bu dəyişikliyə millət vəkili Zahid Orucun münasibəti birmənalı olub.

O, AzNews.az-a deyib ki, belə dəyişikliyin edilməsi təkcə məmur ordusuna olan inamsızlıqdan irəli gəlmir: "İndi heç kəsə sirr deyil ki, sahibkarlar da, sıravi vətəndaşlar da, hüquqi şəxslər də eyni templə bahalı resursu ələ keçirməyə, ondan bəhrələnməyə çalışır. Burada qanun güclü çəkindirici rolda çıxış edə bilmir. Zamanında istər Avropa ölkələri, lap istərsə də keçmiş SSRİ-nin müstəqillik qazanan ölkələri də bu yolu keçiblər. Milli Məclisin edəcəyi dəyişikliyi düzgün qərar hesab edirəm, çünki Azərbaycanda işğal faktına görə torpaq resursları, məhsuldar ərazilərimiz həddindən artıq azdır. Mənə elə gəlir ki, burada təkcə satan tərəf deyil, alıcılar da məsuliyyətli olmalıdır".

Millət vəkili "Bu kimi dəyişikliklər və digər adekvat addımlar Azərbaycanda məmur özbaşınalığının qarşısını ala biləcəkmi?" sualını belə cavablandırıb:
"Ölkəmizdə məmurların qanunlardan kənar fəaliyyəti bir faktdır və hələ də bunlar araşdırılır. Buna qarşı da ilk növbədə prezident siyasi qəzəbini, kəskin iradəsini və hiddətini ifadə etdi. Hər kəs düşünür ki, xalqı tərəfindən sevilən prezident məmuru çox asanlıqla vəzifəsindən məhrum edə və qanunla cəzalandıra bilər. Əgər 42 vila sökülürsə və bu, 42 miyon manat deməkdir. Bu isə o anlama gəlir ki, həmin insanlar öz addımları ilə qanunsuzluqlarının hansı səviyyədə olduqlarını özləri ifadə edirlər. Biz ölkədə bolşevik şüarının əleyhinəyik. Varlılara qarşı kəskin münasibətin olmasını qətiyyən istəmirik. Əksinə hər bir ölkədə varlı insanlar bu cəmiyyətin bazisini təşkil etməlidir. Bu, son olacaqmı? Gerçəkdənmi, məmurlar son xəbərdarlıqlarını aldılar. Milli təhlükəsizliyimizi təsbit edən bir hadisədir ki, istənilən aktlar pulla alınıb satılırsa, dövlətin strategiyasını müəyyən edən məhsullar da şəxsi maraqlar hesabına alınıb satılar. İkincisi, qanunsuzluq başqa cinayətlərə yol açır. Baxın, ortada yanmış bir bina qanunsuzluğun simvolu kimi göz qabağındadır. Məsuliyyət götürməyən məmurlar isə bu dövlətə lazım deyil. Fərdi qaydada qazanmaq istəyirsə, bunun üçün böyük biznes yolları var, gedib qazansın. Kimsə buna qadağa qoya bilməz. Ölkə başçısının sadəcə alicənablığından, humanizmliyindən istifadə edən adamlar bir də görəcəklər ki, həbsxanadadırlar, çünki İlham Əliyev dəfələrlə sübut edib ki, o, birinci olaraq tərbiyyələndirici, islahedici və mənəvi vasitələrlə komandasını düzgün yola gətirmək istəyir. Əks halda isə yuxarıda dediyim ki, o məmurların yolu həbsxanaya düşəcək".