Tarixi ipək yolu yenidən canlanır

İstanbulda dünyanın 25 ölkəsinin gəncini birləşdirən "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin iclası keçirilib. İttifaqın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iclasda təşkilatın üzvlük məsələləri, üzv ölkələrində qeydiyyatı, noyabr ayında Qazaxıstanının paytaxtı Astana şəhərində keçiriləcək üzvlər şurası və həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparılıb.

İdarə heyətinin təklifləri əsasında "Gənc jurnalistlər üçün beynəlxalq müsabiqə", "Gənc şairələr müsabiqəsi", ilin sonuna qədər hər ay bir üzv ölkədə təşkil olunmaqla idman tədbirləri, hər il bir üzv ölkədə keçirilməklə gənclər festivalı nəzərdə tutulub.

Görüşdə həmçinin tarixi ipək yolu üzərində yerləşən ölkələrə səyahətlər təşkil edilərək tarixən mövcud olmuş ticarət karvanı ideyasını yenidən canlandırılması nəzərdə tutulub. Bu məqsədlə gənclərdən ibarət "Mədəniyyət karvanı" layihəsi qəbul olunub. Həmçinin regional nümayəndəliklərin açılması üzrə hazırlıq işləri başlayıb.

Elnarə Əlosmanqızı
AzNews.az