Şok iddia: “Fransa 39 il sonra İslam dövləti olacaq“

Müsəlmanların təhlükə mənbəyi olduğunu iddia edən Vatikan rəsmisi səhvə yol verdiyini etiraf edib



"2026-cı ildə Avropa müsəlmanlar qarşısında azlıq olacaq, Fransa isə 39 ildən sonra İslam dövləti olacaq". Bu fikirləri Vatikan Ədalət və Sülh icmasının sədri kardinal Pyotr Turkson "Sinodo" adlı ruhani məclisində iddia edib. Məlumata görə, kardinal Turkson məclisdə olan digər kardinallara İslam əleyhinə hazırlanmış 7 dəqiqəlik bir film izlədib. Anspress xəbər verir ki, film nümayişindən əvvəl çıxış edən Turkson bir müddət sonra Avropanın demoqrafik quruluşunun dəyişiləcəyini deyib. "İndi baxacağınız film Avropa qitəsində demoqrafik quruluşun necə dəyişiləcəyini göstərir. Bu gün tanıdığımız Avropa 2026-cı ilədək artıq olmayacaq, xüsusilə də müsəlman qaçqınların köçü ilə bəlkə də yoxa çıxacaq. Misal üçün 39 ildən sonra Fransa İslam ölkəsi olacaq. Buna görə də müsəlman qaçqınların köçünün qarşısını almalıyıq".

İslam əleyhində hazırlanan filmə tamaşa edən 262 ruhani isə "Müsəlmanlarla toqquşmaqdan əl çəkək, dinlərarası müharibə yaratmayaq, kilsə İslamla dialoq yollarını axtarır" - kimi sözlərlə bu nümayişə etirazını bildirib.

Papa XVI Benediktin mətbuat sözçüsü keşiş Federiko Lombardi hadisənin dialoq tərəfdarı olan papanın olmadığı məclisdə baş verdiyini və fikirlərin şəxsi olub Vatikanla əlaqəsinin olmadığını açıqlayıb. Qanalı kardinal Pyotr Turkson keçirilən növbəti iclasda səhvə yol verdiyini etiraf edib və ruhanilərdən üzr istəyib.

AzNews.az