- Köhnə - Siyasət
- 18 Oktyabr 2012 12:25
- 4 975
Soxulcan dolması
Sənan Nəcəfov
Əvvəl torpaq iddiası başladı, sonra "dolma", növbə zurnaya, daha sonra "Sarı Gəlin"ə çatdı. Biz dedik, Topxana bizimdir, dolma bizimdir, "Sarı gəlin" bizimdir.
Ermənistanda dolma festivalı keçirildi, Britaniya Kral kapellasında balaban ifa olunur, dünya onu "Armenian duduk" kimi tanıyır.
Dolma (sarma) - Azərbaycanın qədim milli xörəklərindəndir. "Dolma" qədim türk sözü olub, mənaca "dolmaq" felindən götürülüb. Bəzi regionlarda buna "sarma" da deyirlər. Bu da "sarmaq" felindən götürülüb. Qədimdə istifadə olunan məhsullardan və texnologiyadan asılı olaraq müxtəlif növləri vardır.
Ağzılarını cırarıq, türk sözüdür, bizimdir, vəssallam!
Bu yaxınlarda Cek Kenfild və Mark Viktor Hansenin "İnsan qəlbinə oxşayan qısa əhvalatlar" başlığı ilə 100 milyon tirajla nəşr olunmuş kitabı aldım. Prinsipcə, Deyl Korneqinin "hamıya gülümsünün" nağılından fərqlənmir. QHT təlimçiləri üçün əla treninq vəsaitidir. Oxu, danış. Sözüm onda yox. Kitabın sonlarına yaxın Henok Makkartinin qələmə aldığı "Mənə kömək edərsənmi?" hekayəsi var. Belə başlayır: Qafqaz ölkələrindən birində 1989-cu ildə baş vermiş dəhşətli zəlzələ, bir şəhəri demək olar ki, yer üzündən silmişdi. Bu dəhşət və qarışıqlıq vaxtı kişi xanımının təhlükəsizliyinə əmin olduqdan sonra, oğlunun təhsil aldığı məktəbə yöllanır. Məktəb tamam dağılmışdı... Hekayənin elə də təsirli motivi yoxdur. Kişi gəlir məktəbin qarşısına, təxminən oğlunun oxuduğu sinifi tapır. Vaxtilə oğluna söz verib ki, harada və necəliyindən asılı olmayaraq mən həmişə səni dar məqamda tapacam. 36 saat dağıntıları təmizlədikdən sonra oğlunu tapır və oğul atasına deyir ki, mən sənin gələcəyinə əmin idim. Sən söz vermişdin. Vəssallam.
Nə isə...Söhbətin hansı ölkədən getdiyini anlamamış deyilsiniz. Bu kitab azərbaycan dilinə tərcümə olunub. Orada ölkənin və fərdin adı çəkilməsə də, əminəm ki, orijinalda var.
Söhbət, erməninin zəlzələ faciəsini 100 milyonlarla insana oxutdurmağından gedir. Necə ki, zurnanı, dolmanı və "Sarı gəlin"i dünyaya çatdırır, eləcə də faciəsini. Xırda bir məqamla.
Bilirəm, erməni saxtakardır, tarixi yoxdur, "Ermənistan" sözü qədim türk-alban tayfalarının adından götürülüb. "Er" kişi, "mən" şəxs əvəzliyi, "stan" isə məkan mənasını verir. Başqasının mədəniyyətini özününkü kimi təqdim etmək, tarixi saxtalaşdırmaq "Dövri erməni xəstəliyi"nin xüsusiyyətlərindən biridir. Bəli, bunları bilirəm, bilirik, haqlısınız...
Bəli, hamımız bilirik ki, ermənilər bizim milli təamları da öz adlarına çıxırlar. Məsələn: "Dolma"(qeyd: doldurma), "xaş" (qeyd: xaşlama, yəni, qaynatma), "buğlama" (qeyd: buğda bişirmə), "şaşlık" (qeyd: şişlik, yəni, kabab) kimi milli xörəklərimiz onlar tərəfindən özəlləşdirilib. Eyni qaydada milli musiqilərimiz və rəqslərimiz də oğurlanıb.
Bəli, oğurluq da "Dövri erməni xəstəliyi"nin növbəti sindromudur. Bəli, bunlar hamısı doğrudur. Amma nədənsə, dünya ictimaiyyəti hələ də və nədənsə buna göz yumur…
Bax, mənim üçün çox maraqlıdır, görəsən yixarıda adını çəkdiyim kitaba azərbaycanlı müəllifə, lap deyək QHT təmsilçisinə "yazın, verin, sizin də imzanız, adınız 100 milyon tirajla nərş olunan dərgidə olsun" icazəsi verilsəydi, nə ilə çıxış edərdik? Fikirləşmədən deyirəm: Erməni işğalçıdır, Xocalı soyqırımında erməni başkəsənləri uşaqlara aman verməyiblər, (hərçənd hərbi cinayət kimi tövsih edib daha çox nəticə qazanardıq - müəl.), dolmamızı oğurlayıblar, ən vətənpərvər bizik (şotlandlardan sonra), biz bacarıqlıyıq, Lütfi Zadə azərbaycanlıdır, Bakı Azərbaycanın paytaxtıdır, 1930-cu ildən etibarən tibbi ədəbiyyatlara "Maladie Armenienne" (fransızcadan tərcümədə "erməni xəstəliyi") adı ilə daxil olmuşdur. Siyahını bir az da uzatmaq olar. Etiraf edək ki, elə konfrans, seminar olmur ki, Qarabağ işğalından danışılmasın. Elə bir xarici səfər yoxdur ki, orada bizimkilər erməniləri yerində oturtmasınlar, facebook-da fotolu status paylaşmasınlar.
Qardaşlar, dünya sülhdən danışdığı bir vaxtda, biz, dolma davası edirik, Qarabağı döyüşlə alacağımızı deyirik. Dəyişə bilmirik bizə tuşlanmış sual dolu baxışları, dəyişə bilmirik.
Müəllifinin kimliyini unutduğum bir sitat: "Mən özüm, tortu və alma piroqunu xoşlayıram. Səhərlər bu təamlardan dadıb işə gedirəm. Balıq tutmağa gedəndə isə özümlə soxulcan götürürəm, çünki, balıq, tort və alma piroqunu deyil, məhz soxulcanı xoşlayır".
Biz, soxulcanı xoşlayan dünyaya, gəlin dolmanı yedizdirməyək, qardaşlar, dostlar, əzizlərim. Yedizdiririksə, başqa cür edək bunu. Bir hadisəni də danışım, fikrim aydın olacaq.
2008-ci ildə Praqada, Respublika Günü ilə bağlı Azərbaycan Səfriliyi təntənəli qəbul keçirirdi. Çexiyada fəaliyyət göstərən digər ölkələrin səfirləri, siyasətçilər, rəsmilər və təbii ki, biz - azərbaycanlı tələbələr işitrak edirdik. Qəbula söz ola bilməzdi. Hər şey qaydasında idi. Rəsmi hissədən sonra qonaqlar, musiqimizin həzin sədaları altında Azərbaycan təamlarının dadına baxmağa başladılar. Və qonaqların, dolmaya çox da maraq göstərmədiyinə diqqət etdik. Belə baxanda, kimin nəyinə lazımdır qara, mahiyyəti bəlli olmayan təam?… Qərara gəldik ki, çex və ingilis dilini mükəmməl tələbə dostlarımız "dolma" haqda qısa təqdimat keçirsinlər. Və baş tutdu. Təxminən 15 dəqiqə ərzində dolmanı küpünə daş atdılar.
Bəli, dolma adi yeməkdi. Üzüm yarpağının içinə doldurulmuş ətdən ibarət adi yemək növüdür. Buna xüsusi önəm vermək lazım deyil. O başqa məsələ ki, bizə məxsusluğunu təqdim etmək istəyirik. Şəxsən mən, məsləhət görməzdim. Əgər dolma təəssübkeşisinizsə, dediyim kimi edək. Dolmanı xariciyə, bizim tələbələrin təcrübəsindən yararlanaraq yedizdirək. Bəli, məhz yedizdirək. Musiqimizi, ədəbiyyatımızı, tariximizi yedizdirək. Bilmirlər, tanımırlar.
Şəxsən mənə çox ləzzət edir, zurna ilə hər hansı əcənəbi musiqinin sintezi. Səmimi sözümdür. Erik Klaptonun məşhur "Wonderful tonight"- na zurna əlavə edin...
Bu da soxulcan dolması deyil ki, yedizdirə bilməyəsən. Bu o soxulcandır ki, balığa xoş gəlir. Həm də dolmadır. Yeyəcəklər. İnanın ki, bu cür yanaşma ilə daha çox nəticəmiz olacaq.
Bilirsiniz, ermənilər Qarabağ məsələsində üstünlüyü, səngərdən dolma davasına çevirməklə qazandılar...
Qarabağı isə erməni əsgəri yox, məhz erməni ziyalısı işğal etdi...