Azərbaycan insan alverinə qarşı ciddi addımlar atır - Robert Sekuta

Azərbaycan insan alverinə qarşı mübarizədə çox ciddi, müsbət addımlar atır və atmaqda qərarlıdır.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu fikirləri ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta sentyabrın 17-də öz iqamətgahında Azərbaycanda insan alverinə qarşı mübarizəyə həsr olunan tədbirdə deyib.

Hökumət nümayəndələrinin, QHT-lərin təmsilçilərinin iştirak etdikləri tədbirdə çıxış edən R.Sekuta bu görüşün Azərbaycanın insan alverinə qarşı mübarizədə qazandığı nailiyyətlərə və ABŞ-ın bu uğurları necə təqdir etməsinə, tanımasına həsr edildiyini deyib.

"Bu günün gerçəkliklərindən biri insanların hələ də köləliyə məruz qalması, alınıb-satılması və dünyanın müxtəlif yerlərinə ötürülməsi və daşınmasıdır. ABŞ Dövlət Departamenti bu müasir köləlik forması ilə bağlı müxtəlif ölkələrin həyata keçirdiyi fəaliyyətlər barədə hər il hesabatlar dərc edir. Bugünkü tədbir Dövlət Departamenti tərəfindən cari il iyulun 27-də təqdim olunan, Azərbaycanın insan alverinə qarşı mübarizədə əldə etdiyi uğurların əks olunduğu hesabata həsr edilib. Bu, dünyanın hər yerində bütün ölkələrin üzləşdiyi ciddi bir problemdir və elə bir problemdir ki, həmin sahədə görüləcək işlər hər zaman var" – deyə R.Sekuta qeyd edib.

İyirmi il əvvəl Balkanlarda və dünyanın müxtəlif ölkələrində bu sahə üzrə işlədiyini deyən ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycan hökumətinin bu sahəni daim diqqətdə saxladığını və bununla bağlı müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində atdığı addımları daha da artırmaqda qərarlıdır. ABŞ Dövlət Departamenti isə Azərbaycanın bu səylərini müsbət qiymətləndirir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov deyib ki, BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyası və onu tamamlayan məlum Palermo Protokolu 2003-cü il mayın 13-də ölkəmizdə ratifikasiya edilməklə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə fəaliyyətinin əsası qoyulub. 2004-cü il mayın 6-da Prezident İlham Əliyev tərəfindən insan alverinə qarşı mübarizə üzrə 2004-2008-ci illəri əhatə edən ilk Milli Fəaliyyət Planı təsdiq edilib, insan alverinə qarşı mübarizə üzrə məhsul şəxs – Milli Koordinator təyin olunub. 2005-ci il iyunun 28-də "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 2006-ci il avqustun 1-dən Daxili İşlər Nazirliyinin strukturunda insan alverinə qarşı mübarizə üzrə ixtisaslaşmış müstəqil xüsusi polis qurumu yaradılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrin prinsiplərindən, qüvvədə olan qanunvericilikdən irəli gələn hüquq və vəzifələrin səmərəli həyata keçirilməsi məqsədilə 2009-2013-cü illər üçün ikinci Milli Fəaliyyət Planı qəbul edilib, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı Sərəncamla 2014-2018-ci illər üçün üçüncü Milli Fəaliyyət Planı da təsdiq edilərək icrasına 27 dövlət qurumu ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq təşkilatlar cəlb olunub. "Hazırda anti-trafikinq fəaliyyəti beynəlxalq müqavilələrə, eləcə də yerli qanunvericiliyə əsasən digər dövlətlərə, onların hüquq mühafizə orqanları ilə yanaşı, insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir", – deyə S.Zeynalov qeyd edib.

Bildirilib ki, 2006-cı ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin kadrlarla komplektləşdirilməsi zamanı ABŞ-ın Azərbaycandakı səfirliyi müsabiqələrin gedişatında iştirak edib. Azərbaycanın Daxili İşlər Nazirliyinin ABŞ Dövlət Departamenti və onun ölkəmizdəki səfirliyi ilə, eləcə də Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupu – GRETA və digər beynəlxalq tərəfdaşlarla işgüzar fəaliyyəti nəticəsində qarşılıqlı əməkdaşlıq şəklində peşə təlimlərinin təşkili, beynəlxalq təcrübənin öyrənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi və digər işlər yüksələn xətlə inkişaf edən əməkdaşlığın nümunəsidir.

"ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair ötən illər yayımladığı, eləcə də bu il iyulun 27-də təqdim olunan növbəti illik hesabatında Azərbaycana verdiyi tövsiyələr diqqətdə saxlanılmaqla onun icrası istiqamətində tədbirlər həyata keçirilir. Son illərdə bu istiqamətdə əldə edilmiş nailiyyətlərə və qarşılıqlı əməkdaşlığın nəticələrinə əsasən Dövlət Departamentinin 2015-ci ilki hesabatında Azərbaycanda həyata keçirilən bir çox işlər müsbət qiymətləndirilib. ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair son hesabatları üzrə verilmiş tövsiyələr "Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb", – deyə S.Zeynalov bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə 10 ildən artıq fəaliyyət müddətində insan alverinin qarşısının alınması, onun cinayət təqibi, qurbanların müdafiə edilməsi, eləcə də yerli və beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri prioritet istiqamət olub. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və yerli qanunvericiliyin icrası üzrə insan alverinə qarşı mübarizə fəaliyyəti davam etdirilir.