Xocalıdan Ermənistana təyyarələr uça biləcəkmi?

Millət vəkili: “Azərbaycanın istənilən an bu uçuşların qarşısını almaq hüququ var”



Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri Ara Harutunyan mətbuata açıqlamasında yaxın günlərdə Xocalı hava limanından ilk uçuşun həyata keçiriləcəyini bildirib. O qeyd edib ki, bu texniki uçuş olacaq. "DQR"in mülki aviasiya xidmətinin rəisi Dmitri Atabaşyan isə deyib ki, uçuşun həyata keçirilməsində xırda problemlər var və ilin sonuna kimi problemlər həll olunaraq İrəvan-Xankəndi reysi baş tutacaq.

Qeyd edək ki, Bakının etirazlarına cavab olaraq Ermənistan prezidenti Serj Sarkisyan ilk sərnişin təyyarəsində özünün uçacağını açıqlayıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bildirib ki, işğal olunmuş ərazilər üzərində Azərbaycanın hava məkanı bağlıdır və bu barədə 1993-cü ildə Beynəlxalq Mülki Aviasiya təşkilatına məlumat verilib: "O zamandan bəri həmin hava məkanı qapalı hesab edilir. Hər hansı uçuşların keçirilməsi təbii ki, qadağandır".

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov da artıq Azərbaycan tərəfinin əlaqədar qurumlara müraciət etdiyini bildirib. "Digər ölkənin ərazisində hər hansı bir aeroport açmaq və orada uçuşlar həyata keçirmək tam Azərbaycan tərəfinə hüquq verir ki, istənilən an uçuşların qarşısını alsın. Bu bilavasitə Azərbaycanın hüququdur və Azərbaycan bu hüququndan istifadə etməlidir", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, erməni tərəfi Azərbaycanın uçuşlara mane olacağı təqdirdə öz hava məkanını Azərbaycan üçün bağlayacağını və Naxçıvana həyata keçirilən uçuşlara hava dəhlizi verməyəcəyini bəyan edib. Azərbaycan tərəfi isə Naxçıvan reysinin beynəlxalq uçuş qaydalarına uyğun olduğunu və Ermənistan tərəfindən hava dəhlizinin kəsilməsinə cəhdlər ediləcəyi təqdirdə, alternativ yollardan istifadə ediləcəyini bildirib.

AzNews.az