Gülər Əhmədova işçilərin maaşını vermir

Artıq redaksiya işçiləri yeni iş yerləri axtarmağa başlayıblar



Sabiq millət vəkili Gülər Əhmədovaya məxsus "Mərkəz" qəzeti və Merkez.az saytında durum get-gedə gərginləşir. Musavat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, qəzeti və saytın əməkdaşları ötən ayın maaşlarını hələ də ala bilməyiblər. Onlar rəhbərliyə, o cümlədən, şəxsən Gülər Əhmədovanın özünə müraciət etsələr də, bir faydası olmayıb.

Gülər Əhmədova oktyabrın 16-da redaksiya heyəti ilə görüşüb və maaşların 1-2 gün ərzində ödəniləcəyinə söz verib. O vaxtdan artıq bir həftə keçsə də, sabiq deputat verdiyi vədə hələ də əməl etməyib.

Mənbəmiz onu da bildirib ki, qəzet və sayt əməkdaşları kreditlərini ödəməkdə çətinlik çəkir, banklarla onlar arasında problemlər baş qaldırıb. Ən son məlumatlara görə, yaxın günlərdə "Mərkəz" qəzeti və Merkez.az saytının redaksiyaları yerləşdikləri Hökumət evindən çıxarılacaq. Artıq bununla bağlı onlara xəbərdarlıq edilib.

Qeyd edək ki, Gülər Əhmədova hələ millət vəkili olduğu dövrlərdən əməkdaşlara qarşı ən sayğısız KİV rəhbərlərindən biri olub. O, dəfələrlə işçilərin maaşlarını heç bir xəbərdarlıq etmədən azaldıb, işdən bir qədər narazı olduğu aylarda isə əmək haqqı verməkdən ümumiyyətlə imtina edib.

Bu faktor hazırda maaş gözləyən əməkdaşları daha da əndişələndirir. Onlar hesab edirlər ki, Gülər Əhmədova düşdüyü çətin vəziyyəti bəhanə edərək sentyabr və oktyabr aylarının maaşlarını verməyəcək. Artıq redaksiya işçiləri yeni iş yerləri axtarmağa başlayıblar.

AzNews.az