Novruz Məmmədov: “Ermənilər aeroportu bizim üçün tikir” - MÜSAHİBƏ

“Ermənistan kiminsə qoltuğu altında gizlənə bilməyəcək”



"Hazırda Azərbaycan Dövlət Neft Şirkəti ilə bp rəhbərləri arasında müvafiq danışıqlar aparılır"

Prezident Administrasiyasının (PA) xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzNews.az-a eksklüziv müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:

- Yaxın günlərdə Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulub. Bu görüşdən gözləntiləriniz nədir?

- Şübhəsiz ki, bu görüşdə Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq. Bilirsiz ki, son vaxtlar bununla bağlı bəzi məsələlər ortaya çıxıb. Ermənistan tərəfi hər zaman olduğu kimi, yenə də bəhanə taparaq, danışıqlar prosesini uzatmağa çalışır. Aparılan danışıqlar prosesində bu, artıq Ermənistan tərəfindən dəfələrlə təkrar olunur. Yəni, Ermənistan tərəfi 1994-cü ildən bəri başlanılan danışıqlar prosesi zamanı hər zaman münaqişənin həllinin uzanmasına çalışıb. Bu məsələ ilə bağlı mən erməni xalqına mesaj göndərmək istəyirəm. Ermənistan rəhbərliyi artıq tam dərk etməlidir ki, dünya dəyişəndir və Cənubi Qafqaz regionu da dəyişikliyə daha çox məruz qalan regiondur. Ermənistan tərəfi nəzərə almalıdır ki, dünya indiki kimi qalmayacaq və Ermənistan indiki kimi kiminsə qoltuğu altında gizlənə bilməyəcək. Hətta onlar bunu istəsələr belə bu, mümkün olmayacaq. Artıq dünya dəyişir və bu dəyişikliyi hər kəs görür. 20-30 il insan həyatı üçün çox sayıla bilər, amma dövlət və cəmiyyət üçün bu belə deyil. Hələ 1997-ci ildə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan etmişdi, elə vaxt gələr ki, Ermənistan tərəfi bu münaqişənin istənilən şərtlə tez həlli üçün Azərbaycana diz çöküb yalvarar.

Ermənistan tərəfi indi də status-kvonu saxlamağa çalışır. Bununla bağlı hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri də bir neçə bəyanat veriblər. Onların bəyanatlarında indiki status-kvonun saxlanılmasının mümkünsüzlüyü qeyd olunur. Lakin bununla belə, Ermənistan tərəfi hər hansı konkret addım atmaq istəmir.

Bu məsələ ilə bağlı şəxsən mənim gəldiyim nəticə odur ki, Ermənistan - Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bəzən məşğul olan beynəlxalq və regional təşkilatlar beynəlxalq hüquqla bağlı məsələdən yan keçməyə çalışırlar. Beynəlxalq hüquq dövlətlərarası münasibətləri sülh və danışıqlar yolu ilə ədalətli tənzimləyən mexanizmdir, sənədlər, sazişlər, müqavilələr toplusudur. Bu mexanizmi isə ABŞ, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Çin Xalq Respublikası, Yaponiya və digər dövlətlər formalaşdırıb. Bu baxımdan da indi beynəlxalq hüquq həmin dövlətlər üçün silah olmalıdır və Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır. Biz danışıqlar prosesini izləyirik. Hər zaman çalışırlar ki, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumlarının, dünya dövlətləri rəhbərlərinin mütləq əksəriyyətinin bəyanatları mövcuddur və həmin bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunur. Bütün bunları nəzərə alıb konkret mövqe bildirmək lazımdır. Çünki Dağlıq Qarabağ münaqişəsi uzun müddət bu cür davam edə bilməz. Cənubi Qafqazda sülh və təhlükəsizlik, inteqrasiya prosesi bu münaqişə həll ediləndən sonra təmin olunacaq. Bunun üçün isə beynəlxalq birliyin, o cümlədən həmsədrlərin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Qərblə Şərq, Şimal ilə Cənub, xristian və islam dünyaları arasında bir körpüdür. Eyni zamanda, Azərbaycan dövlətlərarası münasibətlərdə geosiyasi və geoiqtisadi körpü rolunu da oynaya bilər. Bu çox mühüm anlayışdır. Gərək, böyük dövlətlər geosiyasi iddialarının girovuna çevrilməsinlər. Nə qədər onlar dünyada gedən münaqişələrin və problemlərin ədalətli həllinə çalışsalar, bu onların özləri üçün də böyük uğurlar gətirəcək.


- Ermənilər işğal etdikləri Azərbaycan ərazisində hava limanını istifadəyə vermək və buradan uçuşlar həyata keçirmək istəyir. Bu məsələ ilə bağlı siz nə deyə bilərsiz?

- Çox təəssüflər olsun ki, hazırda dünyadan gedən dövlətlərarası münasibətləri tənzimləyən böyük dövlətlər və onların himayəsi altında olan təşkilatlar özlərinin yaratdıqları beynəlxalq hüququ bəzən unudurlar. Bütün bunlar düzgün deyil və bunu etmək olmaz. Onlar başa düşməlidirlər ki, dünyada mövcud olan universal dəyərlər arasında ən vacibi ədalət prinsipidir. Buna hər zaman əməl etmək lazımdır. İndi dünyada mövcud olan beynəlxalq münasibətləri və hüququ nəzarətdə saxlayan dövlətlər maksimum ədalətli olmalıdırlar ki, onlara inam itməsin. Əgər belə olmasa, o zaman həmin dövlətlərə və təşkilatlara da inam azalacaq. İşğal olunmuş Azərbaycan ərazisində aeroportun açılması istəyi də beynəlxalq hüququn pozulması deməkdir. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı artıq rəsmi mövqeyi də mövcuddur. Buna görə də narahat olmağa dəyməz. Çünki, həmin ərazi Azərbaycanındır və onu kimin tikməsindən asılı olmayaraq, həmin hava limanı da Azərbaycan dövlətinə qalacaq.

- Ermənilərin Ramil Səfərovla bağlı Azərbaycana qarşı apardıqları kampaniya da hələ başa çatmayıb. Bu məsələ ilə bağlı nə deyə bilərsiz?

- Ermənistan tərəfi Ramil Səfərov deyil, başqa məsələ də olsaydı, onu bəhanə gətirəcəkdi. Düşünürəm ki, artıq Ramil Səfərovun azad olunması məsələsini bağlamaq lazımdır. Azərbaycan tərəfi bu məsələ barədə artıq danışmalı deyil. Qoy Ermənistan tərəfi nə qədər danışır danışsın.

- Ötən gün Moskvada Azərbaycanın bir qrup diaspora təşkilatları ilə Rusiyada fəaliyyət göstərən erməni təşkilatlarının nümayəndələri arasında görüş olub. Bu kimi görüşlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini necə görürsüz?

- Bu görüş olub, amma bunun təşəbbüskarları və məqsədi mənə hələlik məlum deyil. Əgər doğrudan da münaqişənin həlli ilə bağlı ciddi addımların atılması nəzərdə tutulursa, o zaman müzakirələrin məqsədi və bəzi detalları gündəliyə çıxarıla bilər. Bilirsiz ki, Azərbaycan və Ermənistan ziyalıları arasında bir neçə görüş olub. Hətta Azərbaycan ziyalıları İrəvana, onlar isə Bakıya səfər ediblər. Bundan sonra isə Azərbaycan tərəfi qarşılıqlı etimadın gücləndirilməsi prosesinə razılıq verib, lakin Ermənistan tərəfi buna razılıq verməyib. Bu baxımdan da qəfil bu cür görüşün keçirilməsinin əsl məqsədinin nə olması hələlik mənə aydın deyil. Ona görə də mən bu məsələ ilə bağlı əlavə fikir bildirə bilmirəm.

- Hazırda Azərbaycan hökuməti ilə bp şirkəti arasında münasibətlər necədir?

- Hazırda Azərbaycan hökuməti ilə bp şirkəti arasında münasibətlər normaldır və əməkdaşlıq davam etdirilir. Amma bilirsiz ki, bp ilə bağlı Azərbaycan Prezidentinin mövqeyi tam haqlı və hüquq çərçivəsində olan mövqe idi. Əgər Azərbaycan hökuməti ilə bp arasında imzalanan sənəddə söz verilir ki, hansı illərdə hansı addımlar atılacaq, o zaman Azərbaycan kimi bp də verdiyi vədə sahib çıxmalıdır. Azərbaycan dövləti bütün sənədlərdə və müqavilələrdə hər zaman etibarlı tərəfdaşlığını qoruyub saxlayıb. Burada isə bp ilə bağlı bəzi problemlər var idi. İndi belə çıxır ki, ya bp işi yerinə yetirməyib, ya da işə məsuliyyətsiz yanaşıb. Bununla belə hazırda Azərbaycan Dövlət Neft Şirkəti ilə bp rəhbərləri arasında müvafiq danışıqlar aparılır və düşünürəm ki, bu məsələ öz yoluna qoyulacaq.

- Məlum "video qalmaqalı" məsələsindən sonra bir sıra xarici təşkilatlar Azərbaycanın ünvanına müxtəlif fikirlər səsləndirirlər. Necə düşünürsüz, bu qalmaqal Azərbaycan dövlətinin beynəlxalq imicinə hər hansı zərər yetirdimi?

- Avropada milyonlarla insan küçələrdədir, güclü etiraz aksiyaları təşkil olunur, həbslər, döyülmələr baş verir. Onların tələbləri yaşamaq və işləmək hüququnun təmin olunması ilə bağlıdır. Əgər bu ölkələrdə əhalinin 25-40 faizi özünə iş tapa bilmirsə, o zaman onların yaşamaq üçün heç bir resursu yoxdur. Avropada bu qədər proseslər gedir, amma onların heç birinə hər hansı münasibət bildirilmir. Biz isə onların imici ilə bağlı hər hansı söhbət aparmırıq. Çox təəssüf ki, Azərbaycanda hər hansı hadisə baş verən kimi dərhal ölkəmizin imicinə zərbə vurmağa yönəldirlər. Əslində, bu cür hallara çox fikir vermək də lazım deyil.
Bu yaxınlarda "Reuters" agentliyi Azərbaycanla bağlı mənfi materiallar hazırlayıb yayırdı. Yayılan məlumatlara görə, guya, Azərbaycanda heç bir iş görülmür və s. Amma Avropa ölkələrinin rəhbərləri regionda ən çox Azərbaycana səfər edirlər və onların hər biri ölkəmizdə görülən işlərə və uğurlara heyran olduqlarını bildirirlər. Son illər Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir və bütün bunlar Azərbaycanın inkişafının və beynəlxalq nüfuzunun artmasının bariz nümunəsidir. Bütün bunlar haqqında isə hələ bir dəfə də olsun "Reuters" agentliyi nəsə hazırlamayıb.

Bu agentlik yalandan yazıb ki, guya, Azərbaycan dövləti İsrail ilə birgə müxtəlif planlar hazırlayıb, hərbi avadanlıqlar qurub və İrana qarşı hücum təşkil edəcək. Bu qədər cəfəng fikirləri heç bir media yaymaz. Azərbaycan Prezidentinin İranla bağlı hansı mövqe tutmasını açıq şəkildə hər yerdə bəyan etməsini hamı bilir. Hətta Azərbaycan Prezidenti ABŞ-a ilk səfəri zamanı Ağ Evin qarşısında İranla bağlı konkret mövqeyini bildirib. Bunu həm ABŞ, həm Avropa, həm İsrail, həm də "Reuters" agentliyinin jurnalistləri də çox yaxşı bilirlər. Amma çox təəssüflər olsun ki, bu kimi yalan məlumatları yaymaqla Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər. Bu, Azərbaycan ilə İran arasında münasibətləri korlamaq və daha da kəskinləşdirmək üçün həyata keçirilən vasitələrdir. Amma onlar öz niyyətlərinə nail ola bilmədilər.

- Bəs hazırda İran ilə Azərbaycan arasında münasibətlər necədir?

- Hazırda Azərbaycan və İran arasında münasibətlər normaldır. Biz iki dövlət arasında mövcud olan münasibətlərə mehriban qonşuluq, dostluq, qarşılıqlı və faydalı əməkdaşlıq prinsipləri ilə baxırıq. Bu münasibətləri Azərbaycanın görkəmli siyasət xadimi, ulu öndər Heydər Əliyev formalaşdırıb. Bəzən iki ölkə arasında müəyyən narazılıqlar olsa da, bu, ümumi münasibətlərə təsir göstərməyib. Biz İranla münasibətlərin normal olmasında maraqlıyıq.

- Qarşıdan Qurban bayramı günü gəlir. Bayramda qurban kəsməyi düşünürsüz?

- Əlbəttə, mən də Qurban bayramında qurban kəsməyi düşünürəm. Qurban bayramının mahiyyəti insanların bir-birlərinə olan münasibətlərinin yenilənməsi, mərhəmət, diqqət və bu kimi amillərin daha da artırılması deməkdir. Qurban bayramı çox gözəl və insanı saflaşdıran bayramdır. Mənə verdiyiniz bu fürsətdən istifadə edərək bu bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, onlara daim əmin-amanlıq, sülh və Azərbaycanın daha da böyük nailiyyətlər qazanmasının şahidi olmalarını arzu edirəm. Bayramınız mübarək olsun!!!

Vasif Həsənli
AzNews.az