Azərbaycan Avstraliyaya nota verəcək

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 26-da Avstraliyanın Yeni Cənubi Uels ştatının Qanunvericilik Şurası tərəfindən "Dağlıq Qarabağ Respublikasının" (DQR) tanınması və Qarabağ xalqının öz müqəddəratını təyinetməsi hüququ ilə bağlı qəbul edilən qətnamə məsələsini araşdırır.

XİN-nin mətbuat katibi Elman Abdullayev AzNews.az-a bildirib ki, yaxın günlərdə sözügedən məsələ ilə bağlı Avstraliya tərəfinə müvafiq rəsmi sorğu göndəriləcək. Onun sözlərinə görə, Avstraliya tərəfi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini və Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımadığını dəfələrlə bəyan edib: "Çox təəssüflər olsun ki, hər hansı qanunverici orqanın nümayəndələri erməni lobbisinin əlində alətə çevrilib. Bu baxımdan da ötən gün qəbul edilmiş qətnamənin bütövlükdə Avstraliyanın rəsmi mövqeyi olduğunu düşünmürük".

Xatırladaq ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının Qanunvericilik Şurasının üzvü Mari Fikarra tərəfindən irəli sürülən bu təşəbbüs ötən gün yekdilliklə qəbul olunub. Qanunvericilik orqanı bu qətnaməni qəbul edərək yerli hökumətin separatçı "DQR" rejiminin müstəqilliyini rəsmi şəkildə tanımağa, həmçinin "Dağlıq Qarabağ" və "DQR vətəndaşları" ilə münasibətləri gücləndirməyə çağırıb, "Dağlıq Qarabağ Respublikasına" humanitar və iqtisadi dəstəyin davam etdirilməsini zəruri sayıb.

Vasif Həsənli
AzNews.az