Qüdrət Həsənquliyev: “Bu, YAP-ın maliyyələşməsidir”

"Siyasi partiyalar haqqında" Qanun qəbul olunsa da, hələlik bu layihədir. Layihədə hazırda nəzərdə tutulan vəsait çox kiçikdir. Biz bunu qətiyyətlə pisləmişik, etirazımızı bildirmişik. Hesab edirik ki, bu vəsait düzgün bölünmür".

Bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev AzNews.az-ın "Siyasi partiyalar haqqında" Qanun layihəsinə münasibət bildirərkən deyib. O zaman həmin qanun qəbul olunanda mövcud reallıqların nəzərə alınmadan qəbul olunduğunu vurğulayan Q.Həsənquliyev Milli Məclisdə hakim partiyanın çoxluq təşkil etdiyini hamı bilirdi: "Onda hamı bilirdi ki, YAP parlamentdə böyük əksəriyyət təşkil edir.
Ona görə də maksimum vəsaitin 80 faizi partiyalar arasında bərabər bölünməliydi. Yalnız 20 faizi namizədlərin sayına uyğun olaraq bölünə bilərdi. Gələcəkdə parlamentdə qüvvələr nisbətində dəyişiklik olanda, əlbəttə qanuna yenidən baxmaq olardı. Amma indiki halda bu formada qanunu qəbul etmək və demək ki, nəzərdə tutulan vəsaitin 50 faizi partiyalar arasında, 40 faizinin isə deputat yerlərinin sayına görə bölünür bu artıq onu göstərir ki, ayrılacaq vəsaitdən payın böyük əksəriyyətini əslində, YAP öz qabağına çəkir".

Millət vəkilinin sözlərinə görə, digər partiyalar üçün nəzərdə tutulan vəsait sadəcə görüntü yaratmaq məqsədi daşıyır: "Əslində bu, YAP-ın məliyələşdirilməsidir. Digər partiyalara da 5-3 manat verirlər ki, təkcə YAP maliyyələşdirilmədiyi görüntüsü yaradılsın. Biz buna qarşıyıq və bunu da parlamentdə həyata keçirəcəyik. Bir daha təkrar edirəm ki, bu formada qanunun qəbul edilməsi YAP-ın maliyyələşdirilməsidir".

"Bəzi müxalifət partiyalarının xaricdən maliyyələşdirilməsi, qrantlardan asılı qalması iddiasını bu qanunla aradan qaldırmaq mümkün olacaqmı"- sualına gəlincə, o deyib ki, bu formada qanunun qəbulu bu problemi aradan qaldırmır: "Digər bir tərəfdən də partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi qanunun qəbul olunması ilə beynəlxalq birlik tərəfindən müsbət addım kimi qəbul olunur. Bu ölkədə demokratiyanın, çoxpartiyalı sistemin inkişafına dəstək kimi başa düşülür. Görünür, YAP da bu görüntünü yaratmaq üçün belə bir qanun qəbul etdi".

Q.Həsənquliyev onu da əlavə edib ki, burda ciddi maliyələşmədən də söhbət getmir. Ona görə ki, bu heç nəyi dəyişmir: "5 minə heç normal bir ofis kirayələmək mümkün deyil. Bizim ofisin hansı vəziyyətdə olduğunu görürsünüz. Hələ yaxşısı bizim ofisimizdir. Mən Fazil və Fərəc bəy noyabrın 3-də Avropa Parlamentinin təqribən 13 deputatının siyasi məsələlər üzrə köməkçilərini bizim qərargahda qəbul edəcəyik. Onlar gəlib mərkəzdə bizim ofisi gördükdən sonra gedib YAP-ın məsələn, Yardımlı rayon şöbəsinin qərargahını görsünlər. Onda nə qədər ciddi fərqin olduğunu avropalı parlamentarilər özləri müəyyənləşdirəcək".

Gültəkin Qəhrəmanlı
AzNews.az