Həmkarlarını un monopoliyasında ittiham edən, bununla da unun və çörəyin qiymətinin süni şəkildə artımını gündəmə gətirən millət vəkili Fəzail Ağamalı AzNews.az-a müsahibə verib. Həmkarlarını un monopoliyasında ittiham edən, bununla da unun və çörəyin qiymətinin süni şəkildə artımını gündəmə gətirən millət vəkili Fəzail Ağamalı AzNews.az-a müsahibə verib.

“Onlar insanları qarşıdurmaya sövq edir” – Fəzail Ağamalıdan sərt açıqlamalar

Həmkarlarını un monopoliyasında ittiham edən, bununla da unun və çörəyin qiymətinin süni şəkildə artımını gündəmə gətirən millət vəkili Fəzail Ağamalı AzNews.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Fəzail müəllim, həmkarlarınız barədə sərt ittihamlar səsləndirdiniz. Onları monopolistlikdə ittiham etdiniz. Bu açıqlamalarınızdan sonra onlarla aranızda bir problem yaranmayıb? Sizdən inciməyiblər?

- Mənim hər kəslə münasibətim normaldır. Dövlətimizin və xalqımızın maraqları baxımından bu fikrləri söyləmişəmsə və yetərincə ciddi arqumentlərə söykənmişəmsə, kimsə buna görə məndən, Fəzail Ağamalıdan inciyirsə, artıq bu mənim deyil, onun problemidir. Bizdə belə bir misal var, onu inciyən halda işlədirlər - buyursun sərin su içsin ki, ona sərinlik gətirsin. Mən faktı söyləmişəm. Un istehsalı ilə məşğul olan dəyirman sahibləri xarici ölkələrdən həmin taxılı oktyabr ayına kimi artıq idxal edib bitiriblər. İl boyu taxıl, un məhsulları istehsal etmək üçün öz anbarlarını tədarük ediblər. Özü də həmin unu köhnə qiymətlə alıblar. Devalvasiya isə dekabrın 21-də oldu. Bunun köhnə alınan unun qiymətinə nə aidiyyəti var? Bu sualıma cavab versinlər. Əgər onlar növbəti il üçün bunu nəzərə alırsa, onda növbəti ilədək gözləmək olardı. Digər bir tərəfdən unun qiymətini artırmaq əvəzinə hökumətlə müzakirələr aparardılar. 20 gün ərzində dözüm və təmkin lazım idi. Onlar 20 gündə pul qazanmasaydılar nə olardı? Dünya dağılardı? Yoxsa dilənçi vəziyyətinə düşərdilər? Pullarının üstünə pul gəlmirdisə nə olacaqdı? Ona görə bu 20 günə dözümsüzlük göstərərək insanların əsəbləri ilə oynamaq, hətta onları qarşıdurmaya sövq edərək bu cür addımları atmağa məcbur etmək vətəndaşlıq mövqeyi deyil. Ona görə də belə sözləri deməsəm olmur. Bu və buna bənzər hərəkətlər, davranışlar cəmiyyətdə neqativ hal yaradır və bunun qarşısını almaq üçün belə şəxslərin üzərinə getməliyik. Onu ictimailəşdirməliyik ki, cəmiyyət də bilsin. Cəmiyyət də müqavimətini, gücünü bunlara qarşı göstərməlidir. Yəni ola bilməz ki, 10-15 nəfər un istehsalı ilə məşğul olsun, onların varlanması hesabına da bu millət çöksün, imtahana, dara çəkilsin.

Biz bilirik ki, Azərbaycanda əti kənara qoyub çörəyi götürüblər. Bu baxımdan kimliyindən, münasibətimin korlanmasından asılı olmayaraq öz fikrimdə ədalətli olduğumu düşünürəm, haqqa söykənmişəm. Xalqımız və dövlətimizin maraqlarından çıxış edirəm və kimsə də bununla bağlı mənimlə sivil qaydada mübahisə etmək, fikirlərini ortaya qoymaq istəyirsə, mən məmnuniyyətlə hazıram. İstənilən adamla debata gedərəm.

- Süni qiymət artımına görə, sizcə, daha hansı monopoliyaya alınmış sahələri ictimailəşdirmək lazımdır?

- Bizim bütün səyimiz və çağırışlarımız yaranmış vəziyyətdən istifadə edərək pul qazanmağa çalışan tamahkarların, möhtəkirlərin qarşısını almağa yönəlib. Burada təkcə hüquq-mühafizə orqanları deyil, bütün cəmiyyətin vətəndaşları mübarizə aparmalıdır. Rast düşdüyümüz faktı hansısa səbəbdən gizlətməməliyik, yanından ötüb keçməməliyik. Hansısa mağazada, marketlər şəbəkəsində süni qiymət artımına və tamahkarlığa rast gələrsək, hüquq-mühafizə orqanlarına, İqtisadiyyat Nazirliyinin qaynar xəttinə dəhal zəng vurmalıyıq. Beləliklə, biz həm dövlətimizin imkanları, həm də cəmiyyətimizin fəallığı ilə bu möhtəkirlərin qarşısının alınmasında birgə mübarizə aparmalıyıq. Mən də daxil olmaqla bütün deputatların fəaliyyəti bu aralar məhz bu sahəyə yönəlməlidir. Həm iqtisadiyyat qurumları, həm siyasətçilər, həm də parlamentin bütün diqqəti bu məsələdə olmalıdır.

- Fəzail müəllim, bu gün bir məlumat yayılıb ki, Azərbaycanda istehsal olunan təmiz, qablaşdırılmış içməli suların da qiyməti artırılıb. Yerli suyun bahalaşması süni qiymət artımı sayılmır?

- Qablaşdırılmış bütün sular Azərbaycanda istehsal olunur. Lakin istehsal zamanı lazım olan xammal hansısa xarici ölkədən gətirilir. Ola bilsin ki, həmin qiymət artımı da o xammalla bağlıdır. Amma yenə də bu dərəcədə qiymət artımı olmamalıdır. Yəni, olmayan şeyi şişirtməli deyilik. Eyni zamanda bir məsələyə də diqqət edilməlidir.

Fakta və arqumentə söykənmədən məlumat yaymaq olmaz. Kiminsə kimdənsə xoşu gəlmirsə, bundan istifadə edib onun haqqında şaiyə, böhtan farakterli informasiyalar yaya bilər. Belə hallardan ehtiyat etməliyik. Sadəcə olaraq, hər kəs vicdanının səsinə qulaq asmalıdır. Yaranmış olan bu vəziyyətdən biz layəqatlə çıxmalıyıq.

- Sizcə, Azərbaycan yaranmış iqtisadi böhrandan nə vaxt çıxacaq?

- Əminliklə deyə bilərəm ki, düşdüyümüz vəziyyət müvəqqətidir. Ölkə prezidenti başda olmaqla yaxın zamanlarda qlobal krizislərdən, tənəzzüldən siğortalana biləcəyik. Amma o günə kimi hər bir vətəndaş çalışmalıdır ki, dövlətimizin yanında olaq və yaranmış bu iqtisadi çətinlikdə Azərbaycan xalqına öz töhvəmizi verək. Bu da bir müharibədir. Bu da iqtisadi böhrana qarşı bir müqavimət müharibəsidir. Bir müqavimət hərəkatıdır. Bu hərəkatda təbii ki, dövlət və onunla bərabər vətəndaşlar var. Bu vətəndaşlar dövlətimizlə bərabər fədakarlığını ortaya qoyaraq möhtəkirlərə qarşı mübarizəni daha da sərtləşdirməlidir. Bu möhtəkilər hər zaman olub. Bu gün də var, sabah da olacaq. Biz isə çalışmalıyıq ki, bu möhtəkirlərin fəaliyyətinin ölkədə geniş vüsət ala bilməməsinə nail olaq.

- Ölkənin sayılıb seçilən, adlı-sanlı ziyalıları, tanınmış şəxsləri və millət vəkilləri var. Amma nədənsə kütlə süni qiymət artımına görə küçələrə çıxıb etiraz edəndə onların bir neçəsi istisna olmaqla, digərləri xalqın qarşısına çıxmadı. Sizcə, bu susqunluğun arxasında nə dayanır?


- Mən özümə cavabdehəm. Xalqın vəkiliyəm, dar gündə də onlarlayam. Çox sadam ki, Zahid Oruc da bu məsələyə biganə qalmadı. Xalqımızın maraqları baxımından bir millət vəkili olaraq öz fikirlərini cəmiyyətə təqdim etdi. Hər birimiz bunu etməliyik. Elə buna görə millət vəkiliyik. Millətin vəkilləri öz mövqeyini ortaya qoymalıdır, bizi bunun üçün seçiblər.

Bahar RÜSTƏMLİ
AzNews.az